Həsən Küskün

Dünən, 17:48


Həsən Küskün (Həsən Həmid oğlu Hüseynov) 1927-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olub. El şairi Həsən Küskün İ.Stalinin qərarı ilə1948-53 cü ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilərək Ağcabədiyə pənah gətirmişdir.
Həsən Küskün Ermənistanda Dil və Ədəbiyyat Texnikumunu, 1952-ci ildə Bakıda Mühasibat Uçotu Texnikumunu, 1974-cü ildə isə Moskva Kooperativ İnstitutunu bitirib.
O, burada yaşayıb, fəaliyyət göstərib və şeir yaradıcılığı ilə məşğul olub. Mətbuatda şeirləri dərc olunmasa da, onun əsərləri ağızlarda dolaşan, dillər əzbəri olan qələm sahibi kimi bölgə əhalisi arasında sayılıb-seçilib və geniş şöhrət qazanıb. Necə deyərlər, Həsən Küskün sözün həqiqi mənasında xalqın şairinə çevrilib.
Həsən Küskün Ağcabədidə müxtəlif vəzifələrdə, əsasən uzun illər ticarət idarəsində mühasib və müfəttiş işləyib. İşlədiyi sahə ticarət olsa da, o, lap gəncliyindən ədəbiyyata bağlı olub. Yüksək istedadı sayəsində şeirləri el arasında yayılıb, dillər əzbəri olub və xanəndələrin ifasında səslənib.
Şeirlərinin çoxunda satirik ruh üstünlük təşkil edir. Sağlığında kitabı çap olunmayıb. Ölümündən sonra şeirləri qızı Gülşən Hüseynova və tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov tərəfindən toplanaraq çap etdirilib. Həmçinin şair-alim Ənvər Əhmədin Həsən Küskünün poeziyası haqqında kitabı nəşr olunub.
Həsən Küskün 1987-ci ildə Ağcabədi şəhərində vəfat edib. “Bəxtəvərsən, könlüm”, “Həsən Küskün köç eylədi dünyadan” kitablarının müəllifidir.



Xəbəri paylaş