QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN MUZEYİNƏ YENİ EKSPONATLAR QƏBUL OLUNDU.
1-09-2026, 09:43

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin Muzey bölməsinə Dərələyəz mahalının Çivə, Sallı, Qozulca kəndlərindən deportasiya olunmuş ailələrin xanımlarına məxsus əl işləri, onların yaxınları tərəfindən hədiyyə olunmuşdur. Qozulca kəndindən Quliyeva Sonabəyim Həsən qızı, Sallı kəndindən Fərzəliyeva Mürvət Məcid qızı, Çivə kəndindən Nuraliyeva Zinyət İsa qızı , Çivə kəndindən Calalova Xanım Cəlil qızı, Göyçə mahalının Ağkilsə kəndindən Çivə kəndinə gəlin köçən Zinhar və Xatın Axundova bacılarına məxsus əl işləri ,keçmişdən gələcəyə uzanan bir sənətddir.
Hər ilməsində bir zəhmət, hər naxışında bir duyğu, hər rəngində bir həsrət hekayəsi var bu işləmələrin.Qadın əllərinin səbrlə,sevgi ilə ərsəyə gətirdiyi bu tikmələr sadəcə bir əl işi deyil, nəsildən- nəslə ötürülən milli dəyərdir.
Əl ilə işlənən hər naxışda bir qadının zəhməti,səbrinin izi,ürəyinin istiliyi yaşayır. Bu göz nuru ilə yaradılan sənət əsərləri , onu yaradanlar kimi, zamanın ağır sınaqlarına şahidlik edib. Əl əməyi, göz nuru olan bu tikmələr,Qərbi Azərbaycan mədəniyyətinə,tarixinə məxsusdur. Belə dəyərli sənət nümunələri, bizi öz ata-baba yurdlarımıza daha da çox bağlayır.
Bu sənət nümunələrini yaradanların heç biri həyatda deyil, lakin onlar özlərindən sonra vətənin bir izini qoyub gediblər. Allah hər birinə rəhmət eləsin!








Xəbəri paylaş