DƏRƏLƏYƏZİN SONUNCU TOYU

29 iyul 1988-ci il — Qalaser kəndində üç gün davam edən toy sonralar bir mahalın son toyuna çevriləcəkdi
Bu gün də xatırlanır...
29 iyul 1988-ci il. Dərələyəz mahalının Qalaser kəndində toy mağarı qurulur. Kəndin sayılan ailələrindən olan Ələkbərovlarda böyük şənlikdir. Evin kiçik oğlu Şakir Qurban oğlu Ələkbərov Bağırovlar ailəsinin kiçik qızı Nərgiz Bağırova ilə ailə qurur. Toy üç gün davam edir.
O günlərdə heç kimin ağlına gəlmir ki, bu mağarın qurulması ilə Dərələyəz mahalının bir ənənəsi də sanki son dəfə yaşanır. Heç kim bilmir ki, bir neçə ay sonra bu kəndin adamları ata-baba yurdlarını tərk etməyə məcbur olacaq, toyda səslənən zurna-nağara isə həmin torpaqlarda uzun illər bir daha eşidilməyəcək. Bu səbəbdən Qalaser kəndindəki həmin toy illər sonra sadəcə bir ailənin xoşbəxtlik günü kimi deyil, Dərələyəzin sonuncu toyu kimi xatırlanacaq.
Hər xalqın tarixi yalnız müharibələrdən, siyasi hadisələrdən və dövlətlərin taleyindən ibarət deyil. Tarix həm də insanların necə yaşadığını, necə sevindiyini, necə yas saxladığını, hansı sənətlərlə məşğul olduğunu, hansı adətləri qoruduğunu göstərir.
Toylar isə xalqın yaddaşının ən canlı səhifələrindəndir.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış ailə-məişət ənənələri, xalq sənəti, musiqisi, mətbəxi və el şənlikləri bu yaddaşın ayrılmaz hissəsidir. Dərələyəz mahalında da toy yalnız iki gəncin ailə qurması deyildi. Toy bütün kəndin iştirak etdiyi böyük bir el hadisəsi idi. Burada qohum-qonşu, qız-gəlin, ağsaqqal-ağbirçək hər kəsin öz işi, öz məsuliyyəti vardı.
Şakir və Nərgizin toyu da belə olmuşdu.
Amma həmin toyun başlanğıcı 29 iyuldan xeyli əvvəl qoyulmuşdu.
12 fevral 1988-ci ildə Ələkbərovlar ailəsinin ağsaqqalı Qurban Ələkbərov, böyük oğlu Aydın Ələkbərov və kənd fermasının müdiri Mahmud Qurbanov elçi düşərək Bağırovlar ailəsinin qapısını döyürlər.
İstək xoşməramlı idi: Ələkbərovlar ailəsinin kiçik oğlu Şakirlə Bağırovlar ailəsinin kiçik qızı Nərgizin ailə qurması. Qapı xeyir-dua ilə açılır. Aradan bir ay keçməmiş, 8 martda, adətinə uyğun olaraq nişan mərasimi keçirilir. Beynəlxalq Qadınlar Gününə təsadüf edən həmin gün iki gəncin gələcək ailəsinin təməli qoyulur.
O dövrün kənd adətinə görə oğlan evi qız evinə xırdabuynuzlu heyvan, bir kisə un və ailənin imkanına uyğun nəmər – başlıq pulu verir.
Bundan sonra toy hazırlıqları başlayır.
Dərələyəz kəndlərində toy bir-iki günün işi deyildi. Əsl toy hazırlığı aylar əvvəl başlanırdı.
Gəlin köçəcək qızın cehizinin mühüm hissəsi ata evində hazırlanırdı. Bu cehizin içərisində isə xalça xüsusi yer tuturdu.
Kəndin qız-gəlinləri təzə gəlinə kömək edərdilər. Dörd-beş nəfərin birgə əməyi ilə bir xalça təxminən 30-40 günə toxunardı.
O illərdə Dərələyəz evlərinin əksəriyyətində “hana” vardı. Hana arxasında xalça, palaz toxunardı. Bu, sadəcə sənət deyildi. Bu, nəsildən-nəslə ötürülən həyat tərzi idi.
Qoyunun yunundan alınan lif əvvəlcə yun darağında daranar, sonra cəhrədə əyirilərək ipə çevrilərdi. İplər topa halında yığılır, yuyulur, kələf halına salınırdı. Ardınca təbii boyalar hazırlanırdı.
Palıd qabığı, qoz qabığı və digər təbii vasitələrdən alınan boyalarla ipliklər rənglənir, qurudulur və hana arxasında yeni bir naxışa, yeni bir rəngə çevrilirdi.
Palazlar isə keçi qəzilindən toxunurdu.
Beləcə, gəlinin cehizində təkcə bir ailənin zəhməti deyil, Dərələyəz qadınının sənəti, səbri və zövqü yaşayırdı.
Toy yaxınlaşdıqca bütün kənd hərəkətə gəlirdi. Kimisi mağarın qurulmasına kömək edir, kimisi çörək və lavaş bişirir, kimisi yemək hazırlayır, kimisi musiqiçilərin qarşılanması ilə məşğul olurdu. Bir ailənin sevinci elin sevincinə çevrilirdi. Şakir və Nərgizin toyunda yeməklərin hazırlanmasına kəndin aşpazları İbrahim Ələkbərov və Afəyət Rüstəmova xüsusi nəzarət edirdilər. Toy süfrəsinin əsas nemətləri arasında kələm dolması, mal ətindən xaşlama və qoyun ətindən kabab vardı. Çörək və lavaşın hazırlanması da kənd qadınlarının üzərinə düşmüşdü. Dörd-beş gəlin üç gün ərzində beş kisə undan toy üçün çörək və lavaş bişirmişdi. Bu, sadəcə mətbəx işi deyildi.
Bu, kənd qadınlarının birliyinin, toy mərasimində qadın əməyinin və el həmrəyliyinin görünən tərəfi idi.
Toyun musiqiçiləri isə Dərələyəzin müxtəlif kəndlərindən gəlmişdilər.
Ələyəz kəndindən qara zurna ifaçısı Azay Kərimov, Qabağlı kəndindən nağara ifaçısı Hüseynqulu Ağalarov, Kotanlı kəndindən gitara ifaçısı Bədrəddin toy məclisinə musiqi ilə rəng qatırdı. Zurna çalınırdı. Nağara döyülürdü. Gənclər oynayır, böyüklər xeyir-dua verir, kəndin evləri arasında toy səsi yayılırdı. Heç kim bilmirdi ki, bu səs bir mahalın yaddaşında sonuncu toy sədası kimi qalacaq.
Qalaser kəndində toy üç gün davam edirdi və hər günün öz qaydası vardı.
Birinci gün toy mağarı qurulur, məclis saat 4-5 radələrində başlayır və axşam saat 11-ə qədər davam edirdi.
İkinci gün toy səhər saat 10-da başlayır, axşam saat 11-ə qədər davam edirdi. Üçüncü gün isə məclis səhər saat 10-dan axşam saat 5-ə qədər davam edirdi. Saat 5-də isə toyun ən həyəcanlı anı çatırdı. Gəlin ata evindən musiqi sədaları altında çıxarılır, oğlan evinə gətirilirdi. Üç gün ərzində Qalaser kəndində qədim Dərələyəz toyunun bütün rəngləri bir araya gəlmişdi: zurna, nağara, rəqs, xeyir-dua, çörək, lavaş, kabab, dolma, xalça, cehiz və ən əsası – el-obanın birliyi. O günlərdə heç kim düşünmürdü ki, bu, son toy olacaq.
Çox keçmədi. Ata-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı təzyiqlər, hədə-qorxular və məcburi köçürmələr geniş vüsət aldı. Toydan sonra kəndə ermənilər hücum etdi və nəticədə, Qalaser kəndinin sakinləri doğma yurdlarını tərk etməyə məcbur oldular. Bir vaxtlar toy mağarının qurulduğu, zurna səsinin yayıldığı, kənd qadınlarının çörək bişirdiyi, hana arxasında xalça toxuduğu o həyat geridə qaldı.
Beləcə, 29 iyul 1988-ci ildə Qalaser kəndində keçirilən Şakir və Nərgizin toyu Dərələyəz mahalının sonuncu toyu kimi yaddaşlara həkk olundu. Bəzən tarix bir hadisəni böyük abidələrlə deyil, bir ailənin xatirəsi ilə qoruyur.
Bu toy da elə bir xatirədir. Elçilik üçün döyülən qapı, nişanda verilən xeyir-dua, cehiz üçün toxunan xalça, hana arxasında keçirilən uzun günlər, kənd qadınlarının bişirdiyi çörək, müxtəlif kəndlərdən gələn musiqiçilərin səsi, üç gün davam edən toy... bütün bunlar sonradan doğma yurdda yaşanacaq həyatın deyil, orada yaşanmış həyatın xatirəsinə çevrildi.
İllər keçib. Şakir və Nərgizin ailəsi bu gün Bakıda yaşayır. Şakir Ələkbərov iyirmi ilə yaxındır neftçi kimi fəaliyyət göstərir. Ailənin üç övladı, altı nəvəsi var. Amma illər nə qədər keçsə də, bir arzu dəyişməyib: Ata-baba yurduna qayıtmaq arzusu.
Bakıda dünyaya gələn övladların, nəvələrin yaddaşına da Qalaser kəndi bir ailə xatirəsi kimi həkk olunub. O xatirələrin içərisində isə ən parlaq səhifələrdən biri həmin toyun xatirəsidir.
Çünki o toy yalnız Şakir və Nərgizin ailə qurduğu gün deyildi. O toy bir kəndin həyatının şəkli, bir mahalın adət-ənənələrinin canlı salnaməsi idi.
Qadınların zəhməti, kişilərin birliyi, musiqiçilərin sənəti, xalçaçıların barmaqları, kənd mətbəxinin dadı, ağsaqqalların xeyir-duası, gənclərin sevinci – hamısı həmin üç günün içində birləşmişdi.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində həmin adətlərin bir çoxu yaşamaqdadır. Toy mağarları qurulur, zurna-nağara səslənir, xalçalar toxunur, el şənlikləri keçirilir. Amma Dərələyəzdə bu ənənələrin bir hissəsi artıq doğma coğrafiyada deyil, insanların yaddaşında yaşayır. Ona görə də 29 iyul 1988-ci ildə Qalaser kəndində qurulan toy mağarının mənası illər keçdikcə daha da böyüyür. Bu mağar bir ailənin xoşbəxtliyinə, sonra isə bir mahalın ayrılığına şahidlik etdi. Şakir və Nərgizin üç günlük toyunda səslənən zurna-nağara sədaları bəlkə də həmin günlərdə adi bir toy musiqisi idi. Amma tarix onları başqa cür yazdı. Çünki bəzi toylar bir ailənin başlanğıcı olur. Bəziləri isə bir yurdun yaddaşında sonuncu toy kimi qalır.
Qalaser kəndində 29 iyul 1988-ci ildə qurulan toy mağarı da belə oldu.
Dərələyəzin sonuncu toyu...
Və o toy bu gün də xatırlanır.
Müəllif Fərhad Ələkbərov - Qalaser kənd icma sədri.

