Professor Əhməd Hacımüftüoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub
Sentyabrın 25-də Türkiyənin Atatürk Universitetinin rektoru, professor Əhməd Hacımüftüoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub. Səfər çərçivəsində qonaq universitetin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzini də ziyarət edib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Əhməd Hacımüftüoğlunu Mərkəzin fəaliyyəti ilə tanış edib, burada Qərbi Azərbaycanın tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və bölgə ilə bağlı aparılan elmi araşdırmalar barədə məlumat verib.
Görüş zamanı Qərbi Azərbaycan mövzusunda elmi tədqiqatların genişləndirilməsi, Azərbaycan və Türkiyə alimləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin hazırlanması və elmi tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Professor Əhməd Hacımüftüoğlu Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, bu istiqamətdə aparılan araşdırmaların elmi və akademik əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq imkanları, gələcək elmi layihələr və iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.