Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Ermənistan cəmiyyətində səsləndirilən fikirlərə münasibət bildirib:
Dünən, 11:48

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Ermənistan cəmiyyətində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların səfəri ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: iki ölkə arasında sülh və normallaşma prosesinin davam etdiyi bir vaxtda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlər ətrafında əsassız reaksiyaların nümayiş etdirilməsi regionda davamlı sülhün və etimad mühitinin formalaşmasına mənfi təsir göstərir.
Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin mövqeyinə görə, tarixi hadisələrin birtərəfli təqdimatı, milli müstəsnalıq iddiaları və digər xalqların tarixi-mədəni irsinin inkarına yönəlmiş yanaşmalar Cənubi Qafqazda qarşılıqlı etimadın formalaşmasına mane olur. Tarixi və mədəni irsin siyasi məqsədlərlə təhrif olunması gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın yaranmasına deyil, yeni ziddiyyətlərin formalaşmasına xidmət edir. Bu baxımdan tarixə elmi, obyektiv və mənbələrə əsaslanan yanaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır.
ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əsas diqqət qarşılıqlı olaraq suverenliyə və ərazi bütövlüyünə hörmət, tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması, mədəni irsin qorunması və gələcək nəsillər üçün sülh şəraitinin yaradılmasına yönəldilməlidir.
Ermənistan cəmiyyətini keçmişin qarşıdurma yaradan ideoloji yanaşmalarından uzaqlaşmağa, Azərbaycanla münasibətlərdə yeni reallıqları nəzərə almağa və regionda dinc qonşuluq prinsiplərinin möhkəmləndirilməsinə töhfə verməyə çağırırıq.
Xəbəri paylaş