DIRNISIN VÜQARLI OĞLU
Kapitan Vüqar Nəcəfovun ölməz xatirəsi şeirlərdə və mahnılarda yaşayır
Şəhid kapitanın qəhrəmanlıq yolu və onun adını yaşadan sənət əsərləri
Adı: Nəcəfov
Soyadı: Vüqar
Ata adı: Aydın
Doğum tarixi: 10 avqust 1988-ci il
Rütbəsi: Kapitan
Dırnışın Vüqarlı oğlu
Naxçıvan şəhəri, Ordubad rayonunun Dırnıs kəndi - Bu qədim torpağın yetirdiyi igid oğullardan biri, Vətən müharibəsinin qəhrəmanı, kapitan Vüqar Aydın oğlu Nəcəfov öz şərəfli ömrünü Vətən uğrunda fəda edib. Onun adı bu gün təkcə ailəsinin, doğmalarının və Dırnıs kəndinin yaddaşında deyil, həm də şeirlərdə, mahnılarda və musiqi əsərlərində yaşayır. Müxtəlif sənət adamları onun qəhrəmanlıq yolunu öz yaradıcılıqlarında əbədiləşdirərək Vüqarın adının gələcək nəsillərə çatdırılmasına mühüm töhfə veriblər.
Vətən sevgisi ilə böyüyən Vüqar
10 avqust 1988-ci ildə Naxçıvan şəhər Ordubad rayonunun Dırnıs kəndində dünyaya gələn Vüqar uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Ailəsində hərbçilərin olması və Birinci Qarabağ müharibəsinin kənddə buraxdığı ağrılı izlər onun Vətənə bağlılığını daha da gücləndirmişdi. Vüqarın atası Nəcəfov Aydın Birinci Qarabağ müharibəsinin veteran olmuşdur. Eyni zamanda 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş Dırnıs sakinlərinin cənazələrinin kəndə gətirilməsi də Vüqarın yaddaşında dərin iz buraxmışdı. O, şəhidlərin məzarlarını ziyarət edir, onların qəhrəmanlığından danışırdı. Bu uşaqlıq arzusu illər sonra onun həyat yoluna çevrildi. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Vüqar 2010-cu ildə leytenant kimi məzun olaraq Azərbaycan Ordusunda xidmətə başladı.
Xidmət illərində müxtəlif vəzifələrdə çalışdı, hərbi peşəkarlığı və komandirlik bacarığı ilə seçildi. Aprel döyüşlərində də iştirak etdi və kapitan rütbəsinə qədər yüksəldi.
“Qəhrəman olmağa gedirik...”
2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda kapitan Vüqar Nəcəfov döyüşlərin ən ağır istiqamətlərindən birində Vətən qarşısında öz borcunu yerinə yetirirdi. Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən Vüqar tabeliyində olan hərbi qulluqçularla birlikdə döyüşürdü. 2020-ci il oktyabrın 1-də ailəsinə göndərdiyi son mesajda belə yazmışdı:
“Hamınızı çox sevirəm. Özünüzdən muğayət olun. Qəhrəman olmağa gedirik...”
2 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən ağır döyüşlər zamanı kapitan Vüqar Nəcəfov tabeliyindəki hərbi qulluqçuları xilas etməyə çalışarkən şəhidlik zirvəsinə ucaldı. O, cəmi 32 yaşında idi. Arxasında həyat yoldaşını, iki övladını, valideynlərini, doğmalarını, döyüş yoldaşlarını və onu sevən böyük bir xalqı qoydu.
Qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi
Kapitan Vüqar Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi və yaşadığı küçəyə onun adı verildi. Lakin qəhrəmanların adını yaşadan yalnız dövlət təltifləri və abidələr deyil. Bəzən bir şəhidin adı şairin qələmində misraya, bəstəkarın ruhunda melodiyaya, müğənninin səsində nəğməyə çevrilir.
Vüqarın adı şeirlərdə və mahnılarda yaşayır
Nazlı Hacılı, Aləmzar İlay, Sevinc Məmmədova, Çilənay Hüseynova və Səbuhə Hüseynova kimi yazar və bəstəkarlar Vüqarın qəhrəmanlığından, Vətən sevgisindən və şəhidlik zirvəsindən ilhamlanaraq onun adına şeirlər və mahnılar ərsəyə gətirib, bu əsərləri ifa ediblər. Bu sənət əsərləri Vüqarın xatirəsinin yaşadılmasında xüsusi mənəvi əhəmiyyət daşıyır. Şairin yazdığı hər misra onun haqqında bir xatirədir. Bəstəkarın yaratdığı hər melodiya onun adına səslənən bir xatirədir. İfaçının səsində səslənən hər nəğmə isə şəhid qəhrəmanın adını yeni dinləyicilərə çatdıran mənəvi körpüdür.
Dırnıs öz qəhrəmanını unutmur
Bu gün Dırnıs kəndində Vüqarın adı böyük ehtiramla çəkilir. Onun adı yaşadıqca Dırnısın bir qəhrəmanlıq səhifəsi də yaşayacaq. Allah rəhmət eləsin, məkanı cənnət olsun!
Vüqarın Əzəməti
Söz: Səbuhə Rəfail qızı Hüseynova
Bir ana böyütdü mərdliklə onu,
Bir ata öyrətdi düz yol getməyi.
Şəmsiyyə, Aydın- iki saf ürəkdən
Öyrəndi Vətənə sədaqətini.
***
Dağ kimi dayandı səngər önündə,
Düşmənə sinəsi sipər olmuşdu.
Vətən eşqi vardı hər sözündə də,
Şərəfli yolunda canını verdi.
Andına sadiqdi son nəfəsəcən,
Geri çəkilmədi dar gündə belə.
***
Qəlbində yaşatdı müqəddəs eli,
Adını yazdırdı doğma torpağa.
Şəmsiyyə ananın gözündə nisgil,
Qəlbində oğluyla sonsuz iftixar.
***
Bir ana qəlbinin uca sözü var:
“Vətənə yaraşan mənim balamdır.”
Millətin qüruru, and yeri oldu,
Vüqarlar, Cavidlər, igid oğullar.
***
Aydın atanın da başı ucadır,
Oğlunun adıyla döyünür qəlbi.
Cənnətdə Hüseynə qonşudur onlar,
Həsənlə bir yerdə uyuyur onlar.
***
Mərd şəhidlərimin adı dillərdə,
Əbədi yaşayır həp könüllərdə.
Özü torpaq, ruhu Vətənlə birgə,
Yaşayır xalqının qəlb yaddaşında.
***
Şəmsiyyə ananın, Aydın atanın
Bu nisgil dolu oğul həsrəti də
Qürurla yoğrulub, şanla bərabər.
Siz Vətən yolunda şəhid böyütdüz,
Belə oğul vermək ən böyük zəfər.
***
Vüqarın əzmi var dağlar ruhunda,
Vətən torpağında yaşayacaqdır.
Mərdliyi, şöhrəti daim bizimlə,
Bir ata, bir ana qüruru kimi
Adı yaşayacaq Azərbaycanda.
Şəhidlər ölmür.
Onlar xalqın yaddaşında, sözündə,
musiqisində və dualarında yaşayırlar.
Müəllif:
ARTİ-nun əməkdaşı, Qərbi
Azərbaycan İcmasının
Qadınlar Şurasının üzvü,
Qızıl qələm mükafatı laureatı,
Həkəri qəzetinin müxbiri
Hüseynova Səbuhə Rəfail qızı