Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Görüşlər » İLLƏR SONRA BİR ARAYA GƏLƏN MÜƏLLİMLƏR: DƏRƏLƏYƏZİN UNUDULMAZ XATİRƏLƏRİ

İLLƏR SONRA BİR ARAYA GƏLƏN MÜƏLLİMLƏR: DƏRƏLƏYƏZİN UNUDULMAZ XATİRƏLƏRİ

Bu gün, 09:26


Noyabrın 22-də Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd Rayon İcmasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin və Qalaser kənd İcmasının təşkilatçılığı ilə Dərələyəz mahalının ziyalıları ilə görüş keçirilib.


Qalaser kəndində, uzun illər dil-ədəbiyyat müəllimi və məktəb direktoru kimi fəaliyyət göstərmiş Kamal Məmişovun evində baş tutan görüşdə Dərələyəzin təhsil və mədəniyyət mühitində özünəməxsus iz qoymuş ziyalılar bir araya gəliblər.


Görüşdə Kamal Məmişov, onun həyat yoldaşı, uzun illər Qalaser kəndində kitabxanaçı və klub müdiri vəzifələrində çalışmış, mərhum professor İsa Alıyevin bacısı Gülayə Alıyeva, Qabaxlı kəndindən olan, uzun illər fizika-riyaziyyat müəllimi işləmiş Rövşən Səfərov və rus dili müəllimi olmuş Arazxan Səfərli, həmçinin ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin baş mütəxəssisi, Dərələyəz mahalı Keşkənd Rayon İcmasının sədr müavini Möhübbət Məmmədov və Qalaser kənd İcmasının sədri Fərhad Ələkbərov iştirak ediblər.


Uzun illərdən sonra yenidən görüşən, vaxtilə eyni pedaqoji mühitdə çalışan ziyalılar keçmiş günləri, müəllimlik fəaliyyətlərini, məktəb həyatını və doğma Dərələyəzlə bağlı unudulmaz xatirələrini bölüşüblər. Səmimi söhbət zamanı müəllimlik peşəsinin yalnız bilik verməkdən ibarət olmadığı, eyni zamanda böyük mənəvi məsuliyyət, fədakarlıq və həyat missiyası daşıdığı xüsusi vurğulanıb.


Görüş zamanı Kamal Məmişov uzunillik pedaqoji fəaliyyətindən söz açaraq Qalaser kənd məktəbində çalışdığı illəri xoş xatirələrlə yada salıb. O, kənd həyatında müəllimlik peşəsinin xüsusi nüfuza malik olmasından, şagirdlər, valideynlər və kənd sakinləri ilə qurulan səmimi münasibətlərdən danışıb. Kamal müəllim, eyni zamanda, deportasiyanın ağır günlərini xatırladaraq həmin dövrdə kənd əhalisinin bir müddət qorxu və narahatlıq içərisində yaşadığını, sonradan isə ata-baba yurdlarından məcburi köçkün düşdüyünü bildirib.


Qalaser kənd məktəbində müəllim kimi fəaliyyət göstərmiş digər ziyalılar da məktəb həyatına dair maraqlı xatirələrini bölüşüblər. Onlar həmin dövrdə məktəbdə hökm sürən mehribanlıq və dostluq mühitindən, müəllimlərlə şagirdlər arasındakı səmimi münasibətlərdən bəhs ediblər. Xüsusilə gənc müəllimlərin və şagirdlərin dərsdən sonra məktəbin həyətində birgə voleybol oynamalarını təbəssümlə xatırlayıblar.


Səslənən xatirələr bir daha göstərib ki, Qalaser məktəbi yalnız təhsil ocağı deyil, həm də gənclərin şəxsiyyət kimi formalaşdığı, dostluq münasibətlərinin və mənəvi bağlılığın möhkəmləndiyi mühüm bir məkan olub.


Görüşün yaddaqalan məqamlarından biri də Kamal müəllimin həyat yoldaşı Gülayə Alıyevanın çıxışı olub. Uzun illər Qalaser kəndində kitabxanaçı və klub müdiri vəzifələrində çalışmış Gülayə xanım həmin dövrdə kitabxana və klubun kəndin mədəni həyatında oynadığı mühüm roldan danışıb.


O, kitabxananın kənd sakinləri arasında mütaliəyə, elmə və biliyə marağın artırılmasına, klubun isə mədəni istirahətin təşkilinə, müxtəlif tədbirlərin və ictimai görüşlərin keçirilməsinə xidmət etdiyini vurğulayıb. Gülayə xanım bu mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı maraqlı xatirələrini bölüşərək onların kəndin mənəvi həyatının zənginləşməsində xüsusi yer tutduğunu qeyd edib.


Qabaxlı kəndindən olan Rövşən Səfərov uzun illər fizika-riyaziyyat fənlərini tədris etdiyi dövrü xatırladaraq ucqar kəndlərdə belə insanların elmə, təhsilə və ədəbiyyata böyük maraq göstərdiklərini bildirib. O, həmin illərdə müəllimə olan hörmətin, məktəbə verilən dəyərin və şagirdlərin öyrənməyə həvəsinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb.


Rövşən müəllim söhbət zamanı Dərələyəzin tarixi və demoqrafik keçmişi ilə bağlı diqqətçəkən bir məqama da toxunub. Onun sözlərinə görə, Yelpin kəndində azərbaycanlılar 1987-ci ilədək yaşayıblar. Bu məlumat bəzi mənbələrdə həmin kənddə azərbaycanlıların 1966-cı ildən sonra yaşamadığı barədə göstərilən tarixdən fərqləndiyinə görə xüsusi maraq doğurub.


O, deportasiya zamanı baş verən hadisələrdən də danışıb. Rövşən müəllimin bildirdiyinə görə, deportasiyaya məruz qalmış bir qrup azərbaycanlının müraciəti əsasında sənədlərini və vacib əşyalarını götürmək məqsədilə 1989-cu il martın 13-də bir neçə avtobusla doğma kəndlərinə səfər təşkil olunub. Lakin kəndə çatan soydaşlarımız vaxtilə yaşadıqları evlərin artıq ermənilər tərəfindən məskunlaşdırıldığının şahidi olublar.


Bu xatirə doğma yurdlarından didərgin salınmış insanların yaşadıqları ağrı-acını, yurd həsrətini və ata-baba torpaqlarına bağlılığını bir daha göz önünə sərib.


Görüşün digər iştirakçısı, Qabaxlı kəndinin ziyalısı, uzun illər rus dili müəllimi işləmiş Arazxan Səfərli isə Dərələyəz gənclərinin vətənpərvərlik ruhunda yetişməsindən, müəllimə və məktəbə göstərilən hörmət və ehtiramdan söhbət açıb. O, həmin dövrün təhsil mühitini, gənclərin elmə və biliyə marağını xoş xatirələrlə yada salıb.


Arazxan müəllim Qalaser kənd məktəbinin onun yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bu təhsil ocağının və orada çalışan müəllimlərin heç vaxt unudulmayacağını bildirib. O, uzun illərdən sonra Kamal müəllimlə yenidən görüşməyin onun üçün böyük xoşbəxtlik olduğunu qeyd edib.


Arazxan müəllim, həmçinin Nadir müəllimin coğrafiya, Famil müəllimin isə ibtidai sinif fənlərini sevə-sevə tədris etdiklərini xatırladıb. Onun sözlərinə görə, bu gün Qalaser kəndindən uzaqda yaşasalar da, məktəbin xatirəsi və müəllimlərin əziz simaları qəlbində yaşayır.


Arazxan Səfərli deportasiyanın acı xatirələrindən də danışaraq ata-baba yurdlarından didərgin düşsələr belə, Dərələyəzin, onun tarixinin və doğma torpağa bağlılıq duyğusunun heç vaxt unudulmadığını xüsusi vurğulayıb.


Görüş qarşılıqlı hörmət, səmimiyyət və doğma yurda bağlılıq duyğuları ilə yadda qalıb. İştirakçılar keçmişin xoş xatirələrini bölüşməklə yanaşı, Dərələyəzin zəngin təhsil, mədəniyyət və mənəvi irsinin qorunub saxlanılmasının, gələcək nəsillərə çatdırılmasının vacibliyini də qeyd ediblər.


Bu görüş bir daha təsdiqləyib ki, illər, zaman və məsafələr dəyişsə də, müəllimlik illərində yaranan dostluq, mənəvi bağlılıq və doğma yurda sevgi heç vaxt unudulmur. Bir zamanlar eyni məktəbin dəhlizlərində addımlayan, təhsil və tərbiyə naminə çiyin-çiyinə çalışan müəllimlərin illər sonra yenidən bir araya gəlməsi, əslində, bütöv bir nəslin təhsil tarixinin, Dərələyəz xatirələrinin və milli-mənəvi dəyərlərinin yaşadılması deməkdir.





Xəbəri paylaş