ƏBÜLFƏZ ƏBİLOV ADPU-NUN QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN QONAĞI OLUB.
Əbülfəz Əbilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində yaradılmış Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin qonağı olub. Görüşdə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin yaşadılması, tarixi yaddaşın qorunması, eləcə də bu mahaldan olan ziyalıların həyat və fəaliyyətinin öyrənilməsi məsələlərinin əhəmiyyətindən bəhs olunub. Əbülfəz Əbilovun həyat yolu, pedaqoji fəaliyyəti və ictimai sahədəki çoxillik təcrübəsi ilə bağlı geniş söhbət aparılıb.
Əbülfəz Əbilov 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaxlı kəndində anadan olub. İlk təhsilini doğma kəndində başlayan Əbilov orta təhsilinin bir hissəsini Qovuşuq kəndində davam etdirib və 1966-cı ildə təhsilini başa vurub. 1967–1971-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Riyaziyyat fakültəsində ali təhsil alaraq pedaqoji fəaliyyətə qədəm qoyub.
Əmək fəaliyyətinə 1971-ci ildə İmişli rayonunda müəllim kimi başlayan Əbülfəz Əbilov 1973–1974-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra pedaqoji fəaliyyətini davam etdirərək 1974-cü ildə Dərələyəz mahalının Ələyəz kənd orta məktəbində müəllim işləyib. 1976-cı ildə Keşkənd rayon Maarif şöbəsində inspektor vəzifəsinə təyin olunub. 1984–1988-ci illərdə Qabaxlı kənd orta məktəbinin direktoru kimi fəaliyyət göstərərək doğma yurdunun təhsil həyatına öz töhfəsini verib.
Əbülfəz Əbilovun fəaliyyəti yalnız təhsil sahəsi ilə məhdudlaşmayıb. O, 1981–1988-ci illərdə “Sovet Ermənistanı” qəzetinin ştatdankənar müxbiri kimi də çalışıb. Bu dövrdə jurnalistika sahəsində qazandığı təcrübə onun ictimai proseslərə, milli-mənəvi dəyərlərə və yaşadığı bölgənin problemlərinə münasibətinin formalaşmasında mühüm rol oynayıb.
Qərbi Azərbaycanda baş verən sonuncu etnik təmizləmə nəticəsində doğma torpağından didərgin düşən Əbülfəz müəllim Sumqayıtda məskunlaşmışdır.
1988–1993-cü illərdə 13 nömrəli məktəbdə direktor müavini vəzifəsində çalışan Əbülfəz Əbilov sonrakı illərdə də ictimai və idarəçilik fəaliyyətini davam etdirib. 1993–2016-cı illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsində müxtəlif vəzifələrdə çalışaraq şəhərin ictimai-humanitar həyatında yaxından iştirak edib.
Onun həyat və fəaliyyət yolu bir ziyalının doğma yurda bağlılığının, təhsilə sədaqətinin və cəmiyyət qarşısında məsuliyyətinin nümunəsidir. Dərələyəz mahalının Qabaxlı kəndindən başlayan bu ömür yolu müəllimlikdən məktəb rəhbərliyinə, jurnalistikadan dövlət idarəçiliyinə qədər müxtəlif sahələri əhatə edir.
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində belə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Əbülfəz Əbilovun Mərkəzin qonağı olması da Qərbi Azərbaycanın ziyalı mühitinin tanıdılması, bu bölgənin yetirmələrinin həyat və fəaliyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Sonda qonağa mərkəzin nəşrləri- “Yurdun səsi” qəzeti və “İz” jurnalı hədiyyə edilmişdir.