ŞƏHİD ƏLİ ƏLİYEV-ÖMRÜN ŞƏHADƏT ZİRVƏSİ

Əliyev Əli Vəli oğlu 1969-cu il avqust ayının 11-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır. Qovuşuq kəndi öz ziyalıları ilə yanaşı igid oğulların da məkanı olmuşdur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban verən oğullar sırasında Qovuşuq kəndinin unudulmaz mərd oğlu şəhid Əli Əliyev də olmuşdur. Qovuşuq kənd orta məktəbində təhsil alan Əli yeniyetmə yaşlarından öz həmyaşıdlarından vətənpərvər ruhlu olmağı ilə çox seçilirdi. Əlinin ailəsi Qovuşuq kəndindən sonuncu etnik təmizləmə (1987-1991) zamanı yurd-yuvalarından didərgin düşərək Bakıda məskunlaşmaq məcburiyyətində oldular. Ailəsi deportasiya olunanda Əli hərbi xidmətdə olur və ailəsinin kənd əhalisi ilə birgə köç etməsinə heç cür inanmır. Hətta, niyə evi satıb Bakıya köçmək isəyirsiniz? Mən kənddə yaşamaq istəyirəm, kəndə qayıdacağam deyərək ailəsinə etiraz edir.
Gənc yaşlarında deportasiyaya məruz qalan ailəsinin ağır günləri Əlini də çox narahat edirdi və qardaşı Sarı ilə birlikdə cəbhə bölgəsinə silah-sursat daşımaq üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən qarajda işə düzəlirlər. Sürdükləri yük maşını ilə cəbhə bölgəsinə ancaq silah-sursat daşıyırdılar. Dəfələrlə əsgərlərimizin köməyinə çatan bu iki qardaş yorulmaq bilmirdi. Vətən sevgisi və qisas hissi iki qardaşın yolunu döyüş bölgəsindən salır və Zəngilan, Laçın, Şuşa, Qubadlı, Ağdam, Ağdərə və Kəlbəcər rayonunda gedən çətin döyüşlərdə böyük şücaətlə vətənə xidmət edirlər.
Keçdiyi cəbhə bölgələrində ermənilərin törətdikləri vəhşilikləri görən Əli bunlara dözə bilmirdi. Ona görə də hara ezam etsə idilər, qabaqda mütləq Əli getməli idi. Daşıdığı hərbi sursatla neçə-neçə əsgərin köməyinə çatmış, onları ölümün pəncəsindən qurtarmışdır. Qardaşı Sarı onun həm cəbhə, həm də yol yoldaşı idi. Dərdini onunla bölməyi daha çox istərdi. Ürəyindəki nisgili dilə gətirən Əli etiraf etmişdi - qoyub gəldikləri yerləri unuda bilmədiyini dəfələrlə Sarıya söyləmiş, əgər mümkün olarsa, Dərələyəzə qədər hərbi silah daşıyacağını demişdi.
İnsan ömrünə qənaət etmək mümkün deyil, ömür ya sərf edilər yada ki israf. Ömrünü vətəninə sərf edən Əli də yaşadığı qısa, lakin mənalı ömür yolunda xalqına xidmət edərək şəhid oldu.
1992-ci il avqustun 7-də Murov dağındakı döyüşçülərimizə hərbi sursat apararkən Ömər aşırımı deyilən yerdə azğınlaşmış erməni qatillərinin qurduğu minaya tuş gələrək, yoldan 200 metr kənarlaşaraq dərəyə düşmüşdür. Arxasıyca digər yük maşınını sürən qardaşı Sarının gözləri önündə maşının partlaması və qardaşın qardaş qollarında can verməsi hələdə onun ürəyində acı bir xatirə kimi qalıb. Şəhadət zirvəsinə ucalan Əli Əliyev Bakıda Şəhidlər xiyabanında dəfn olunur. 1994-cü ilin noyabr ayında ulu öndər Heydər Əliyevin şəhid ailələrinə diqqət və qayğısı sayəsində körpə övladı olan şəhidin ailəsi Nizami rayonu ərazisində evlə təmin olunur.



