Namazov Əyyub Şükür oğlu

14-03-2026, 10:00

 

Namazov Əyyub Şükür oğlu
Əsgər
(1994 cü ildə I Qarabağ müharibəsində şəhid olmuşdur)
Üç qəhrəman qardaş
I Qarabağ müharibəsi zamanı çox qəhrəmanlıqlar duymuşuq və çox qəhrəmanlar tanımışıq. Vətən üçün hər şeydən imtina edib vətənə sahib çıxan həmin o qəhrəmanlar sayəsində Azərbaycan adlı diyarın qalan 80 faizi düşmənin işğal siyasətinin qurbanı olmadı. Bəli, o zamanlarda Azərbaycanın nə güclü dövlət başçısı, nə də güclü ordusu var idi. Ancaq vətən qeyrətli oğullar könüllü olaraq dəstə-dəstə cəbhəyə yol alır və torpaqlarımızı müdafiə edirdilər. Həmin o qəhrəmanların üçü Namazov qardaşları idi. Bu qardaşların etdiklərini eşitdikcə təəccüb və təəssüfümü gizlədə bilmədim. Mən və mənim kimi çox vətəndaş bu qəhrəmanlardan xəbərsizdir. Üç qəhrəmanın biri şəhid olub, ikisi şahid. Şəhid Əyyub Namazovun həyatına nəzər salaq.
Namazov Əyyub Şükür oğlu 27 avqust 1975-ci ildə Bərdə rayonunun Əmirli kəndində dünyaya göz açıb. Ailədə 5 qardaş olublar. Əyyubun 5 yaşı olanda ailəsi Şəki rayonunun Şəki kəndinə köçüb. Ondan sonra Əyyubun ömrü elə həmin kənddə keçib. Ömür deyəndə ki, nə ömür yaşayıb ki? Cəmi 19 il. Nə bir sevgi dastanı olub, nə bir övlad murazı. Təkcə vətəndir izi də, sözü də...
Əyyub ilk dəfə məktəbə Şəki rayonu Şəki kənd tam orta məktəbində qədəm qoyub. O heç düşünməyib ki, illər sonra həmin məktəbə qədəm qoyan şagirdlər "Mən Şəki rayonu Əyyub Namazov adına Şəki kənd məktəbində təhsil alıram" deyəcəklər. IX sinfə qədər həmin məktəbdə oxuyan Əyyub sonra Şəki Peşə Məktəbinə gedib. Oranı da bitirdikdən sonra bir müddət kənd təsərrüfatında işləyib. Sonra vətən torpaqlarının düşmən tərəfindən zəbt olunmasına dözə bilmədiyi üçün Tərtər rayonunda hərbi dəstəyə qoşulmaq istəyib. Lakin onun hələ əsgərlik yaşının çatmadığı əsas gətirilərək geri göndərilib. Nəhayət ki, Əyyubun gözlədiyi həmin vaxt 1993-cü ildə çatıb. O, müddətli həqiqi hərbi xidmətə yollanıb. Üç ay Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etdikdən sonra Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Sonra Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə də mübarizə aparıb. Əyyub səngərdə Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşüb. Həmin zaman Əyyubun şücaətlərinə görə Ulu Öndər ona Məhəmməd Əmin Rəsulzadənin rəsmi olan qol saatı bağışlayıb. Bu diqqət Əyyubba daha çox stimul olub.
Əyyubgilin dəstəsi Tərtər rayonu istiqamətində mühasirəyə düşürlər. 9 gün həmin mühasirədən çıxmaq üçün çalışırlar. Həmin vaxt 2 əsgər şəhid olur. Əyyubgil həmin şəhidləri gizlin dəfn edirlər. Bir gün o şəhidlərin məzarlarını ailələrinə göstərəcəklərinə söz verirlər. Bir dəfə möhkəm tufan qopur. Ermənilər canlarının hayına düşüb isti yerlərə çəkilirlər. Həmin vaxt Əyyubgil Kəlbəcər istiqamətinə gedərək xilas olurlar. Ayaqlarını don atır. Elə bu səbəbdən də bir müddət xəstəxanada müalicə alır. Ancaq 2 şəhidin məzar yerinin düşmən tapdağında olması ilə barışa bilmir. Qardaşı Eldənizə hey bu barədə danışır. (İndi Eldənizin ən böyük arzusu həmin döyüşlərdə iştirak edən "Malış" ləqəbli döyüşçünü taparaq həmin məzarların yerini öyrənməkdir.) Bir müddət sonra Əyyub təkrar döyüşlərə qatılır. Komandiri Milli Qəhrəman Eldar Ağayev o zaman Əyyubu Türkiyə Cümhuriyyətində kurs keçmək üçün göndərmək istəyir. Lakin Əyyub bununla razılaşmır və vətənin ən çətin anında Qarabağda olmağın vacibliyini bildirir. O, döyüşlərə davam edir.
Əyyub Namazovlar ailəsinin vətənin müdafiəsinə qalxan tək nümayəndəsi olmayıb. Onun qardaşları Yasin Namazov və Mənsur Namazov da könüllü olaraq cəbhəyə gediblər.
Namazov Yasin Şükür oğlu 1993-cü ildə könüllü olaraq Ağdam rayonunda. Tərtər rayonunda mübarizə aparıb. Bir çox döyüşlərdə düşmənə qan uddurub
Mənsur Namazov da 1993-cü ildə könüllü olaraq cəbhəyə gedib. O da Ağdam rayonunda düşmənin qorxulu yuxusuna çevrilib. Düşmən ordusuna Suriyadan köməyə gələn generalı maşını ilə birlikdə əsir götürüb. Lakin bu onun nə ilk, nə də son götürdüyü əsir olub. Düşmən tərəfi Mənsurun başını gətirənə külli miqdarda pul mükafatı verəcəyini bildirib. Elə olub ki, döyüşlərin birində Mənsur düşmən əlinə düşüb. Ancaq o, rus dilində sərbəst danışdığı üçün ermənilər onun rus olduğunu zənn ediblər. Ancaq yenə də öz işgəncələrindən qalmayıblar. 9 ay boyunca Mənsur və onunla bərabər əsir  götürülən  3 nəfərə zülm ediblər. Ancaq həmin 4 nəfər məğlub olmayıb. Bir dəfə benzin daşıyan maşının gəldiyini görüblər və çətinliklə həmin maşına minib oradan uzaqlaşıblar. O maşın Mənsurgili Gürcüstana gətirib. O maşın dörd həyatın xilaskarına çevrilib.
Bir ana düşünün qanlı döyüşlərdə üç oğlu eyni anda vuruşur. Hər gün gələn şəhid tabutları, itkin xəbərləri Gülnaz ananın ürəyini lap taqətdən salır. Bir gün onun qapısını da kimsə döyüb şahid, itkin, əsir xəbəri verəcəyini düşünən ananm düşündüyü başına gəlir. Həm şəhid xəbəri alır, həm də əsir. 25 aprel 1994-cü ildə düşmənlər Ağdərədə daha da azğınlaşır. Həmin vaxt Əyyub kimi qəhrəmanlar önə atılır. Əyyub PK silahını kənara qoyub döyüş yoldaşının qumbaraatanını götürür. Onları atəş nöqtəsində saxlayan tankı dəqiq atışla yararsız hala salır. Daha sonra PDM-i məhv edir. Həmin vaxt düşmən tərəfi snayperdən atəş açır. Lakin o, atəşdən yayınmağı bacarır. Komandiri Əyyuba snayper nişanında olduğunu deyir. Əyyub hər an vurulacağını bilsə də, döyüşə davam edir. Düşmənin canlı qüvvə ilə dolu yük maşınını da vurub sıradan çıxardan zaman düşmən onu sol gicgah nahiyəsindən vurur. Əyyub komandirinin qucağına düşür. Həmin an gözləri baxır, lakin dili söz tutmur. Komandiri və digər silahdaşları Əyyubu təcili tibbi yardım maşınının yanına çatdırıb maşına mindirmək istədiklərində düz maşının yanına snaryad atılır. Həmin an Əyyub və digər əsgər şəhid olur. Komandir və sürücü ağır yaralanır.
O döyüşlər zamanı da bütün bölgələrdən Qarabağa kömək üçün tibb personalı gedirdi. Həmin vaxt Şəkidən gedən tibb bacısı Əyyubun nəşini ailəsinə təhvil verə biləcəyini deyir. Əyyubun nəşi Şəkiyə gətirilir.
Cəmi 1 gün öncə aprelin 24-də Şükür kişi oğlunun görüşünə gedib. Həmin vaxt Əyyub atasına qardaşı Eldəniz üçün darıxdığını deyib. Aprelin 26-da Eldəniz qardaşının görüşünə gedəcəkdi. Ancaq Əyyub özü qardaşı ilə son görüşə gəlib. Ancaq şəhid kimi gəlib.
Əyyub öz qanı ilə 25 aprel 1994-cü ildə sanki imza atıb. O, şəhid olan vaxt tərəflər arasında atəşkəs imzalanıb. İllərlə yalnız kağız üzərində qalan, düşmənin məhəl qoymadığı atəşkəs...
25 aprel günortadan sonra Əyyubun nəşi ata ocağına gətirilir. Elə həmin gün Şəki kənd məzarlığında əbədiyyətə uğurlanır.
Əyyub şəhid olduqdan sonra Ulu Öndər Heydər Əliyev onun Milli Qəhrəman adı ilə təltif olunması barəsində tapşırıq verib. Lakin bəzi səbəblərdən bu qərar hələ də təsdiq olunmayıb. Elə həmin zamandan Əyyubun bir zamanlar təhsil aldığı Şəki kənd tam orta məktəbi Əyyub Namazovun adını daşıması barədə qərar qəbul edib.
Əsgər Namazov Əyyub Şükür oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci ildəki sərəncamına əsasən şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Şəhidimizin adını daşıyan məktəbdə büstü qoyulub.

Əyyubun qardaşı İsmayıl övladına qəhrəman qardaşının adını əmanət edib. Elə Əyyub da şəhid əmisinin davamçısı kimi Aprel döyüşlərinə qatılaraq Azərbaycan Ordusunun ilk qələbəsinin səbəbkarlarından biri olub. Hazırda da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (ΜΑΗΗΧHQ) kimi xidmətini davam etdirir.

ŞƏHİD ƏYYUB

Bu xalqın qəlbinə kösöv basılıb,
Ötən illər boyu, illər uzunu.
Vətənin azadlıq arzularına,
Əyyub, qurban etdin sən çox arzunu

Üç qardaş atılıb ər meydanına,
Vətənə, torpağa oldunuz sipər.
Vətəni hürr görmək istəyənlərin,
Gərək ki, var olsun qəlbində təpər.

Ümidlə qoynunu açmışdı sənə,
Neçə şəhid ömrü bitən Ağdərə.
Hər anı sonuncu an kimi bilib,
Vətəni dar etdin yad düşmənlərə.

Cəmi on doqquz il ömür yaşayıb,
Bir bahar dərildin vətən bağından. Yolunun yolçusu olan igidlər, Adını andılar Qarabağımda.
19.04.2023

Şəhid Əyyubun
anası Dərələyəz mahalı Çivə kəndindən, atası Dərələyəz mahalı Gədikvəng kəndindən 1948-53 - cü ildə deportasiya olunmuşdur.

                                                                                                                               Müəllif: Manya Səxavətqızı

 



Xəbəri paylaş