AMEA-DA “QƏRBİ ZƏNGƏZUR TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ” KİTABININ TƏQDİMATI KEÇİRİLİB..
Dünən, 09:30
”Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimatında Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova iştirak etmişdir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Urudun (Quliyev) "Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti" kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə iştirakçılar AMEA-da nəşr edilmiş Qərbi Azərbaycana aid kitabların sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycan dili və tarixinin öyrənilməsi sahəsində alimlər qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Onun sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunması və daxili imkanlar hesabına zənginləşdirilməsi müxtəlif mənbələr vasitəsilə həyata keçirilə bilər.
Akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabını Azərbaycan dilinin daxili imkanları hesabına zənginləşməsi baxımından mühüm elmi mənbə kimi dəyərləndirib. AMEA rəhbəri “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin qədim dövrdən bu günə qədər olan müxtəlif tarixi mənbələr, arxiv sənədləri, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, eləcə də yerli sakinlərin məlumatları əsasında hazırlandığını söyləyib, kitabda Qərbi Zəngəzur ərazisindəki toponimlərin tarixi və bölgənin mədəni-etnoqrafik mənzərəsinin geniş şəkildə tədqiq olunduğunu vurğulayıb. Bildirib ki, müəllif əsərdə yer alan 506 toponim vasitəsilə bölgənin tarixi-coğrafi xüsusiyyətləri, inzibati ərazi bölgüsü, kəndləri, rayon mərkəzləri, dağları, zirvələri, qalaları, çayları və bulaqları haqqında geniş elmi məlumatlar təqdim edib. O, müəllifin kitabda yer alan bütün yer adlarının tarixini, mənşəyini və etimologiyasını araşdıraraq Zəngəzurun qədim türk torpağı, Azərbaycan diyarı olduğunu elmi faktlar və mənbələr əsasında əsaslandırdığını və bu yanaşmanın azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.
Sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Zəngəzurdakı toponimlərin ətraflı və sistemli tədqiqinə həsr olunmuş kitabın bölgənin tarixi yaddaşının bərpası baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildirib.
Akademik Əhliman Əmiraslanov qeyd edib ki, Musa Urudun bu kitabı ölkə başçısının çağırışlarına və qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Qərbi Azərbaycanın tarixi-coğrafi irsinin araşdırılması, toponimlərinin öyrənilməsi və tarixi həqiqətlərin elmi əsaslarla təqdim olunması istiqamətində mühüm töhfədir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Zəngəzur sıradan logistik mərkəz deyil, bütövlükdə tariximizin logistik məkanıdır. Onun sözlərinə görə, bu kimi tədqiqatlar milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır:
“Bu kimi kitablar qayıdışımızın təməl sütunudur. Çünki fiziki qayıdış mənəvi qayıdışdan başlayır. Bu kitabda Zəngəzur mahalının Azərbaycanın tarixi torpaqları olduğu bir daha təsbit olunub. Bu kimi kitablarla biz öz tarixi torpaqlarımıza mənəvi cəhətdən qayıdırıq və fiziki cəhətdən də qayıdacağıq. Çünki o yerlər bizim tarixi torpaqlarımızdır” - İcma sədri əlavə edib.
Digər çıxışçılar Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, professor İsrafil İsmayılov və Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov çıxış edərək kitabın məziyyətlərindən danışıb, nəşri mühüm elmi-tarixi hadisə kimi yüksək dəyərləndiriblər.
Çıxışlarda kitabın Qərbi Azərbaycan irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımdan önəmi qeyd edilib.
Sonda kitabın müəllifi Musa Urud çıxış edərək nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və istifadə olunan mənbələr barədə məlumat verib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, 316 səhifəlik "Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti" kitabının elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.





Xəbəri paylaş
