Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » ADPU-NUN ELMİ-TƏŞKİLATİ ŞÖBƏSİNİN MÜDİRİ İBRAHİM BAYRAMOV, NAZİM MUSTAFANIN DA MÜƏLLİFİ OLDUĞU “HƏQİQƏTİN ONOMASTİKASI” ADLI KİTABI QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN KİTABXANASINA HƏDİYYƏ EDİLİB

ADPU-NUN ELMİ-TƏŞKİLATİ ŞÖBƏSİNİN MÜDİRİ İBRAHİM BAYRAMOV, NAZİM MUSTAFANIN DA MÜƏLLİFİ OLDUĞU “HƏQİQƏTİN ONOMASTİKASI” ADLI KİTABI QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN KİTABXANASINA HƏDİYYƏ EDİLİB

Dünən, 20:00

 

Filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov, Nazim Mustafanın da müəllifi olduğu “Həqiqətin Onomastikası” adlı kitabı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib.
AZƏRTACın verdiyi məlumata görə,kitab indiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub. Nəşrdə Qərbi Azərbaycana məxsus qədim yaşayış məntəqələrinin, dağ, çay və digər coğrafi adların mənşəyi, onların zamanla məqsədli şəkildə dəyişdirilməsi və tarixi həqiqətlərin təhrif olunması məsələləri araşdırılıb.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinin vacibliyi ilə bağlı alim və mütəxəssislərə verdiyi tövsiyələr əsas götürülüb.
Bu istiqamətdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin iştirakı ilə “Həqiqətin onomastikası” adlı kitab hazırlanaraq nəşr edilib.
Bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə — tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi məqsədilə bizə məxsus 1600-ə yaxın toponim, hidronim və oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşları belə nəşrlərin tarixi yaddaşın qorunması, milli-mənəvi irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, “Həqiqətin Onomastikası” kitabı xüsusilə gənc nəslin maariflənməsi, milli kimlik şüurunun formalaşdırılması və Qərbi Azərbaycan irsinin gənclər arasında təbliği istiqamətində mühüm mənbələrdən biridir.
Vurğulanıb ki, bu kimi nəşrlər gənclərin tarixi həqiqətlər barədə dolğun məlumat əldə etməsinə, milli-mədəni irsə bağlılığın gücləndirilməsinə və tarixi yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Kitabın tələbə və tədqiqatçılar tərəfindən geniş şəkildə istifadə olunmasının Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
 


Xəbəri paylaş