QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ TƏKCƏ BİR NƏSLİN DEYİL, GƏLƏCƏK NƏSİLLƏRİN DƏ ARZUSU VƏ HAQQIDIR!
Dünən, 17:30

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun beynnəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının yalnız siyasi və hüquqi deyil, həm də elmi, təhsil və mədəniyyət müstəvisində dəstəklənməsinin vacibliyindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycanın tarixi, folkloru, toponimiyası, etnoqrafiyası və mədəni irsi ilə bağlı aparılan tədqiqatlar sistemli şəkildə davam etdirilməli, bu istiqamətdə hazırlanmış elmi əsərlər və araşdırmalar daha geniş auditoriyaya çatdırılmalıdır.
M.Hüseynova xüsusilə gənc nəslin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, məktəblilər və tələbələr arasında bu mövzuda biliklərin artırılmasının gələcək qayıdış prosesinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, olimpiada və digər intellektual yarışmaların suallarının hazırlanması zamanı Qərbi Azərbaycanın tarixi, coğrafiyası, toponimiyası və mədəni irsinə dair mövzulara daha geniş yer verilməsinin vacibliyini vurğulayıb. Natiq həmçinin Qərbi Azərbaycan araşdırmalarının ali təhsil müəssisələrində genişləndirilməsinin, müvafiq elmi mərkəzlərin yaradılmasının və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici ölkələrdə keçirilən konfranslar, simpoziumlar və elmi tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Ardınca çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, akademik Vaqif Şadlinski konfransın xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu görüşü qərbi azərbaycanlıların həmrəyliyinin, milli birliyinin və qayıdış əzminin təzahürü kimi qiymətləndirib. O qeyd edib ki, bu gün burada insanların bir araya gəlməsi sadəcə tədbir deyil, həm də tarixi ədalətə inamın, milli həmrəyliyin və qalib xalq ruhunun ifadəsidir.
V.Şadlinski öz ailəsinin və nəslinin deportasiya taleyindən bəhs edərək, Qərbi azərbaycanlıların ötən əsrdə dəfələrlə öz doğma torpaqlarından didərgin salındığını xatırladıb. O vurğulayıb ki, uzun illər ərzində insanların qəlbində yaşayan qayıdış arzusu bu gün artıq yeni mərhələyə qədəm qoyub. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin Qərbi Azərbaycana qayıdış ideyasına da yeni nəfəs verdiyini bildirib.
Vaqif Şadlinski qeyd edib ki, Qərbi Azərbaycana qayıdış təkcə bir nəslin deyil, gələcək nəsillərin də arzusu və haqqıdır. O, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq öz milli kimliyini, tarixi yaddaşını və torpaq sevgisini qoruyub saxladığını vurğulayaraq, qərbi azərbaycanlıların da bir gün öz ata-baba yurdlarına qayıdacaqlarına inamını ifadə edib. Çıxışının sonunda o, bugünkü günü “bərabərlik və qalibiyyət bayramı” kimi dəyərləndirərək, bu birliyin və həmrəyliyin gələcəkdə daha da güclənəcəyinə əminliyini bildirib.




Xəbəri paylaş