Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Görüşlər » QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNDƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ VƏ ELMİ GÖRÜŞ KEÇİRİLİB

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNDƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ VƏ ELMİ GÖRÜŞ KEÇİRİLİB

16-05-2026, 12:19
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində növbəti maarifləndirici və elmi görüş keçirilib. Görüşdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, teatr ənənələri və milli-mənəvi irsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbirdə tanınmış alimlər, tədqiqatçılar və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı İrəvan teatrı haqqında kitabın müəllifi,professor İlham Rəhimli çıxış edərək İrəvan teatrının yaranma tarixi, inkişaf mərhələləri və Azərbaycan mədəniyyətində tutduğu mühüm yer barədə ətraflı danışıb. O, İrəvan teatr mühitinin formalaşmasında Azərbaycan ziyalılarının rolunu xüsusi vurğulayıb, teatrın milli-mədəni yaddaşın qorunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Professor eyni zamanda bu istiqamətdə apardığı araşdırmalar, səfərlər və topladığı materiallar haqqında məlumat verərək iştirakçılarla maraqlı xatirələrini bölüşüb. O, Qərbi Azərbaycanda mövcud olmuş teatr ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə professor Məryəm Əlizadə də çıxış edərək Qərbi Azərbaycanın zəngin mədəni mühiti, burada formalaşmış ədəbi və teatr ənənələri haqqında fikirlərini bölüşüb. O, Qərbi Azərbaycan mədəniyyətinin Azərbaycan xalqının ümumi mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu irsin araşdırılması və təbliğinin mühüm əhəmiyyət daşıdığını bildirib. Professor çıxışında milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə toxunaraq gənc nəslin tarixi yaddaşının formalaşdırılmasında belə görüşlərin xüsusi rol oynadığını qeyd edib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Atatürk Mərkəzinin şöbə müdiri, “Komeral təsvirlər” kitabının müəllifi Nazir Əhmədli isə çıxışı zamanı Qərbi Azərbaycanın rayonları, yaşayış məntəqələri və tarixi-coğrafi əraziləri barədə geniş məlumat təqdim edib. O, xəritə üzərində tarixi Azərbaycan torpaqlarını göstərərək həmin ərazilərin qədim yaşayış məskənləri və mədəniyyət ocaqları olduğunu diqqətə çatdırıb. Nazir Əhmədli deportasiya prosesləri, soydaşlarımızın öz doğma yurdlarından məcburi şəkildə köçürülməsi və bunun xalqımızın tarixi yaddaşında buraxdığı izlər barədə də ətraflı danışıb. Çıxış zamanı tarixi faktlar və araşdırmalar əsasında iştirakçılara geniş məlumat verilib.
Görüş çərçivəsində digər qonaqlar da çıxış edərək Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ətrafında maraqlı müzakirələr keçirilib.
Sonda Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova çıxış edərək qonaqlara Qərbi Azərbaycanın tarixi keçmişi, deportasiya siyasəti və xalqımızın üzləşdiyi tarixi ədalətsizliklər barədə geniş məlumat verib. O, çıxışında xüsusilə Türkmənçay müqaviləsi haqqında danışaraq həmin müqavilədən sonra regionda baş verən siyasi-demoqrafik dəyişikliklərə toxunub, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi torpaqlarından mərhələli şəkildə uzaqlaşdırılması prosesinin mahiyyətini iştirakçıların diqqətinə çatdırıb. Leyla Cəlalova qeyd edib ki, tarixi həqiqətlərin araşdırılması və gələcək nəsillərə çatdırılması bu gün mühüm elmi və mənəvi məsuliyyət daşıyır.
Daha sonra Mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədov çıxış edərək XX əsrin 60–70-ci illərində həyata keçirilən “səssiz deportasiya” siyasəti barədə ətraflı məlumat verib. O bildirib ki, həmin dövrdə azərbaycanlı əhalinin doğma yurdlarından sistemli şəkildə uzaqlaşdırılması müxtəlif inzibati və sosial vasitələrlə həyata keçirilib. Möhübbət Məmmədov bu prosesin təkcə demoqrafik deyil, həm də mədəni və mənəvi nəticələrinin olduğunu vurğulayaraq, Qərbi Azərbaycana aid tarixi yaddaşın, toponimlərin və milli-mədəni irsin qorunmasının vacibliyini diqqətə çatdırıb.


Xəbəri paylaş