Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində "Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır" mövzusunda tədbir keçirilib
Dünən, 09:46
24 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində "Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır" mövzusunda tədbir keçirilib
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd kənd icmasının sədri, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın təqdimatında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda geniş çıxış edib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinin sədri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı Qərbi Azərbaycan mövzusunun bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb:
-Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər bizə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın yolunu açıb. Bu gün sizin nümayəndəlikdə keçirilən tədbir gənc nəslin milli kimlik şüurunun formalaşması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Professor Mahirə Hüseynova həm bir alim, həm də həmin torpaqların canlı şahidi kimi çıxışının əvvəlində doğma yurd həsrətindən, xalqımızın əsrlər boyu üzləşdiyi deportasiya və etnik təmizləmə siyasətinin acı nəticələrindən bəhs edib. O, Qərbi Azərbaycanın hər bir daşının, hər bir toponiminin qədim tariximizin möhürü olduğunu qeyd edib. Problemin araşdırılmasına toxunan professor qeyd edib ki, bu mövzu sadəcə bir nisgil deyil, həm də beynəlxalq müstəvidə hüquqi və elmi əsaslarla sübut olunmalı bir haqq işimizdir. Bizim mənəvi borcumuzdur ki, uydurma tarixlərə qarşı faktlarla, sənədlərlə və elmi tədqiqatlarla çıxış edək.
Mahirə xanım eyni zamanda özünün elmi tədqiqatlarını və tarixi faktlara əsaslanan xatirələrini əhatə edən kitabları barədə məlumat verib. O, bu əsərlərin gənc tədqiqatçılar üçün bir yol xəritəsi olduğunu və saxtalaşdırılmış tarixin ifşasında mühüm rol oynadığını bildirib. Professor Mahirə Hüseynova çıxışını "Artıq daşların toplanma vaxtıdır" sözləri ilə yekunlaşdırıb.
Tədbirdə rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
İştirakçılardan Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Könül Səmədova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin müdiri, t.ü.f.d. Leyla Cəlalova, Mərkəzin fəal üzvü Möhübbət Məmmədov, Ümumi tarix və tarixin tədrisi texnologiyaları kafedrasının müdiri, dosent Dəyanət Musayev, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba Təhsil Sektorunun müdiri Pərviz Nurməmmədov və başqaları öz çıxışlarında Qərbi Azərbaycan mövzusunun təkcə tarixi yaddaş deyil, həm də dövlətçilik təfəkkürünün tərkib hissəsi olduğunu vurğulayıblar.
Çıxış edən qonaqlar Qərbi Azərbaycan mövzusunun təhsil proqramlarının nüvəsini təşkil etməli, bütün tədris pillələrində dərsliklərin məzmununa dərindən inteqrasiya olunmalı, gənc nəslin öz tarixi torpaqlarımızın coğrafiyasını, mədəniyyətini və həqiqətlərini elmi əsaslarla mənimsəməli olduğunu bildiriblər və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının milli hədəflərimizdəki yerindən danışaraq, bu cür tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda Mahirə Hüseynova və Rövşən Ağayev Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyinə müəllifləri olduğu dəyərli kitablar hədiyyə ediblər.










Xəbəri paylaş
