PROFESSOR FƏRRUX RÜSTƏMOV MÜƏLLİFİ OLDUĞU “AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ VƏ BİRİNCİ ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAY” ADLI KİTABINI QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN KİTABXANASINA HƏDİYYƏ ETMİŞDİR.

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” adlı kitabını Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə etmişdir.
Kitab Birinci Ümumittifaq Türkoloji Qurultayının 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin isə 105 illiyinə həsr olunub. Nəşrdə XX əsrin 20-ci illərindən etibarən ölkədə elm və təhsil elitasının formalaşmasında mühüm rol oynayan ADPU-nun (keçmiş Ali Pedaqoji İnstitutun) Birinci Türkoloji Qurultayın keçirilməsində oynadığı rol, universitet alimlərinin elmi məruzələri və türkoloji elmə verdikləri töhfələr araşdırılıb.
Nəşrin ideya müəllifi ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovdur. Kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, ön söz müəllifi isə AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
464 səhifədən ibarət olan nəşrdə Birinci Türkoloji Qurultayın elmi, tarixi və ictimai əhəmiyyəti geniş şəkildə təhlil olunur, qurultayın Azərbaycan elmi və milli-mədəni düşüncəsinin inkişafındakı rolu elmi mənbələr əsasında təqdim edilir. Kitab təhsil tarixçiləri, müəllimlər, tələbələr və bu sahədə araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulub.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşları belə nəşrlərin milli elmi irsin öyrənilməsi, tarixi yaddaşın qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Türkoloji Qurultay” kitabı türkoloji fikir tarixinin, Azərbaycan təhsilinin inkişaf mərhələlərinin və milli-mədəni dəyərlərin daha dərindən öyrənilməsi istiqamətində mühüm mənbələrdən biridir.

