PROF. MAHİRƏ HÜSEYNOVA “QƏRBİ AZƏRBAYCAN ƏZƏLİ VƏ ƏBƏDİ AZƏRBAYCAN TORPAĞIDIR” MÖVZUSUNDA KEÇİRİLƏN TƏDBİRDƏ ÇIXIŞ EDİB.
Dünən, 17:30

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbirdə çıxış edib.
Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qərbi Azərbaycan İcması ilə birgə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini deyib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova icmanın çoxşaxəli fəaliyyətindən ətraflı söz açıb,Elm və Təhsil Nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolunu xüsusi vurğulayıb, tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu deyib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla birgə həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdən, maarifləndirici tədbirlərdən söz açıblar.






Xəbəri paylaş