Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » “Susmayan həqiqətlər” sərgisi

“Susmayan həqiqətlər” sərgisi

Dünən, 14:28
 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasətinə dair faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.
Tədbirdə çıxış edən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə bildirib ki, Ombudsman tərəfindən təşkil olunan bu sərgi azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda bu faktların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında azərbaycanlıların deportasiya və soyqırımı tarixindən ətraflı bəhs edib. O vurğulayıb ki, Ermənistan tərəfindən uzun illər ərzində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə deportasiya və etnik təmizləmə siyasəti həyata keçirilib. Xüsusilə qeyd olunub ki, indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvalarından zorla çıxarılıb, onların fundamental hüquqları kobud şəkildə pozulub. Əziz Ələkbərli bu proseslərin mərhələli şəkildə həyata keçirildiyini, azərbaycanlıların tarixi torpaqlarından sistemli surətdə sıxışdırılıb çıxarıldığını və bunun regionun etnik tərkibinin dəyişdirilməsinə yönəldilmiş siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin bu tarixi ədalətsizliklərin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini vurğulayıb.
Daha sonra Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edərək təmsil etdiyi ailənin başına gətirilmiş faciələrdən danışıb. O, ailə şəcərəsinin ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin qurbanı olduğunu qeyd edərək, doğma torpaqlardan didərgin salınmanın yaratdığı ağır mənəvi sarsıntıları və itkiləri bölüşüb. Xətai Ələsgərli bu acı xatirələrin yalnız bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının yaşadığı ümummilli faciənin bir parçası olduğunu vurğulayıb.
Tədbirin yekununda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Bəyanatda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən ilk dəfə olaraq 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ilə həmin hadisələrə siyasi-hüquqi qiymətin verildiyi xüsusi qeyd olunub.
Qeyd edək ki, martın 2-dən 31-dək davam edən “Susmayan həqiqətlər” sərgisində nümayiş etdirilən nəşrlər, arxiv sənədləri, fotoşəkillər və digər materiallar yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar sərginin xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.

 


Xəbəri paylaş