Sevil Abbasoğlu İrəvanlının “Kafkaslardakı Kıyım ve Sürgünler” (Qafqazda qırğınlar və sürgünlər) kitabının təqdimatı
18-09-2024, 17:33
18 Sentyabr 2024-cü il tarixində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sevil Abbasoğlu İrəvanlının “Kafkaslardakı Kıyım ve Sürgünler” (Qafqazda qırğınlar və sürgünlər) kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq kitabın əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, milli-adət ənənələrini və mədəniyyətini daha dərindən öyrənmək üçün dəyərli elmi tədqiqat əsəri olduğunu vurğulayıb.Kitabın müəllifi əslən Qərbi Azərbaycandan olan Sevil Abbasoğlu İrəvanlı çıxış edərək nəşrin Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu diqqətə çatdırıb. Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, müharibələr, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlığının və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri açıqlanıb. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb.
Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz, AzTV-nin “Turan” proqramının aparıcısı Zərnişan Atakişiyeva, “Dərələyəz” icmasının üzvü Kamil Məmmədov, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d Leyla Calalova, mütəxəssis Möhübbət Məmmədov, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov və digərləri çıxış edərək Qərbi Azərbaycanla bağlı elmi əsərlərin yazılmasını və tədqiqini tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm amil kimi qiymətləndiriblər.
Xəbəri paylaş