Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Ərazi » DƏRƏLƏYƏZ MAHALI OĞBİN KƏNDİ

DƏRƏLƏYƏZ MAHALI OĞBİN KƏNDİ

Dünən, 14:28



Oğbin - tarixi Azərbaycan kəndlərindən biri olub, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində, Almalı (Xndzorud) kəndinin yaxınlığında yerləşirdi. Kənd rayon mərkəzindən təxminən 30 km məsafədə idi.
Oğbin etnik tərkibinə görə qarışıq yaşayış məntəqəsi olmuşdur. XIX əsrin ikinci yarısından etibarən Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində kəndə ermənilər yerləşdirilmiş və onların sayı tədricən artmışdır. Tarixi-statistik mənbələrə görə, kənddə 1831-ci ildə 37 nəfər azərbaycanlı yaşayırdı. 1873-cü ildə əhali 104 azərbaycanlı və 57 ermənidən, 1886-cı ildə 169 azərbaycanlı və 62 ermənidən, 1897-ci ildə 245 azərbaycanlı və 104 ermənidən ibarət olmuşdur. 1914-cü ildə kənddə ümumilikdə 531 nəfər azərbaycanlı və erməni yaşayırdı.
1918-ci ildə erməni silahlı dəstələrinin hücumları nəticəsində kənd dağıdılmış, azərbaycanlı əhalinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar isə doğma yurdlarından deportasiya olunmuşdur. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların bir hissəsi 1924–1925-ci illərdə Oğbinə qayıda bilmişdir. Lakin onların burada uzunmüddətli və təhlükəsiz yaşaması mümkün olmamışdır. 1926-cı ildə kənddə cəmi 37, 1931-ci ildə isə 53 nəfər azərbaycanlı qeydə alınmışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı əsasında 1948-ci ildə kənddə qalan azərbaycanlılar da zorla Azərbaycana köçürülmüşdür.
Toponim qədim türk dillərində “tayfa ittifaqı”, “boy birliyi” mənasını bildirən oğ (ok) sözü ilə qıpçaq tayfalarından biri olan min (minq) etnoniminin birləşməsindən yaranmışdır. Azərbaycan dilində m>b və ya bm səs əvəzlənməsi qanunauyğun olduğundan, Oğbin adındakı bin komponenti min etnoniminin fonetik dəyişmiş forması hesab edilir. Buna görə də Oğbin etnotoponimdir və quruluşca mürəkkəb toponimlər sırasına daxildir.
Haqqında danışdığımız bu kəndin adını İ.Şopen Oqbun, Korkodyan Ozbin, Sabir Əsədov Voğbin, H.Rəhimoğlu Özbin formasında qeyd etmişlər. Fikrimizcə, Oxbin kənd adının ilkin forması Ox binəsi, daha sonra Ox binə, nəhayət Oxbin//Oğbin olmuşdur ki, bu toponim də Azərbaycan xalqına məxsusdur. Dərələyəzlə maraqlanan tədqiqatçılar bu toponimi daha ətraflı şəkildə araşdırmalıdırlar.
1905–1907, 1918–1920-ci illərdə və 1948–1951-ci illər deportasiyasından əvvəl Oğbin kəndində ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə və qırğınlar həyata keçirmişdilər. Təxribatlar törədərək kənd sakinlərini şərləyir, onların həbs olunmasına səbəb olur, tez-tez münaqişələr yaradırdılar. Bu qarşıdurmaların nəticəsində çoxlu sayda azərbaycanlı qətlə yetirilirdi. Nəticədə erməni daşnakları öz havadarlarının dəstəyi ilə məqsədlərinə nail olur, azərbaycanlılar isə həbs və ölüm təhlükəsi qarşısında doğma kəndlərini tərk etməyə məcbur qalırdılar.
Oğbin kəndini məcburi şəkildə tərk edən ailələrdən biri də Hüseyn Vəliyevin ailəsi olmuşdur. Atası Bayram kişi 1905-ci ildə Oğbin kəndində  anadan olmuşdur. 1918-1920-ci illərdə kəndə hücum edən erməni daşnak silahlı dəstələri azərbaycanlıları amansızlıqla qətlə yetirir, Bayram kişinin qohumlarından bir neçəsinin başını kəsir. Bu vəhşiliyə dözməyən kənd camaatı Arazın o tayına qaçmağa məcbur olur.
Hüseyn Bayram oğlu Vəliyev 1938-ci ildə Dərələyəz mahalı Oğbin kəndində anadan olmuşdur.
Hüseynin hələ üç yaşı tamam olmamış ailəsi ağır həyat sınaqları ilə üzləşir. Həmin illərdə ermənilərlə baş verən qarşıdurmalar nəticəsində ailə böyük faciə yaşayır. Dəyirmana gedən 17 yaşlı əmisi İsmayıl Vəliyev ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir. Əmisi İsmayılın ardınca dəyirmana gedən atası Bayram kişini də ermənilər cinayətin izini itirmək məqsədilə öldürmək istəyirlər. Lakin sayca üstün olmalarına baxmayaraq, Bayram kişini öldürə bilmirlər. Silahlı qarşıdurmadan sağ çıxan Bayram kişi ermənilərdən bir neçəsini yaralayaraq qaçaq düşür.
Ermənilər törətdikləri cinayəti ört-basdır etmək məqsədilə Bayram kişi barəsində dövlət orqanlarına əsassız şikayətlər edirlər. Onu geri qaytarmaq üçün dövlət orqanları həyat yoldaşı Qızxanım ananı və övladları Həsənlə Hüseyni girov götürürlər. Ailəsini xilas etmək məqsədilə Bayram kişi könüllü şəkildə gəlib təslim olur. Bundan sonra ailə üzvləri azadlığa buraxılır, Bayram kişi isə İrəvan həbsxanasına aparılır.
1941-ci ildən sonra Bayram kişinin taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmur. Onun sağ qalıb-qalmadığı, yaxud harada və hansı şəraitdə həyatını itirdiyi naməlum qalır. Ailə uzun illər bu ağrılı naməlumluqla yaşamağa məcbur olur.
Bayram kişinin yoxluğundan istifadə edən ermənilər ailənin digər üzvlərini də məhv etməyə cəhd göstərirlər. Ölüm təhlükəsi ilə üz-üzə qalan ailə doğma yurdunu tərk etməyə məcbur qalır. Onlar 10 yaşlı Həsəni və üç yaşlı Hüseyni qucaqlarına alaraq canlarını qurtarmaq üçün çətin və gizli yollarla piyada Şərur rayonunun Qarxun kəndinə gəlib sığınırlar. Beləliklə, körpə Hüseynin uşaqlıq illəri doğma yurdundan didərgin düşməyin, ailə faciələrinin və ağır həyat sınaqlarının kölgəsində başlayır.
Hüseyn Vəliyev orta təhsilini Şərur rayonunun Qarxun kənd orta məktəbində almışdır. 1972–1977-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin planlaşdırılması" ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. 1978–1980-ci illərdə Şərur rayonunun Qarxun kəndində aqronom vəzifəsində çalışmışdır. Sonrakı illərdə Naxçıvan şəhərində qastronom müdiri və univermaq direktoru vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ildə Şərur Rayon Univermağında əvvəlcə mühasib, daha sonra isə direktor vəzifəsində işləmişdir.

Həsən Mirzəyev “Qərbi Azərbaycan Dərələyəz Mahalı”, Bakı. Elm. 2004. 856 s. (s.408)
İbrahim Bayramov  Qərbi Azərbaycanın Türk mənşəli toponimləri , Bakı. Elm. 2002. 
İnformator.Elməddin Hüseyn oğlu Vəliyev

Müəllif: ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mütəxəssisi Möhübbət Məmmədov



Xəbəri paylaş