Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Ərazi » DİLİCAN - AZƏRBAYCANLILARIN TARİXİ YURDU

DİLİCAN - AZƏRBAYCANLILARIN TARİXİ YURDU

Dünən, 14:57

      2026-cı ilin iyun ayının 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Bu görüşün mühüm siyasi əhəmiyyəti var. Belə ki Hikmət Hacıyevin Ermənistana səfəri  Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır. Eyni zamanda bu görüş Azərbaycanla Ermənistan arasında davamlı sülhə və sabitlə yönəlmiş ən mühüm hadisədir.



 Azərbaycanlıların tarixən yaşadığı yurd yerlərindən-tarixi-etnik torpaqlarından  biri də Dilican olmuşdur. Dilican XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına tabe olan  kəndlərdən biri idi. Ermənistan Sovet Ensiklopediyasının III cildində (İrəvan, 1977, s.386) göstərilir ki, 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olan Dilicanda  60 təsərrüfat olmuşdur.


      Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Sovet Şuralar Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyəti 12 iyul 1929-cu ildə "Ermənistan Sovet Şuralar Cəmiyyəti territoriyasını  (ərazisini-İ.B.) rayonlaşdırmaq haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Dilican qəzası yaradılmışdır. 1930-cu ilə kimi  Karvansaray (İcevan) və Çəmbərək (Krasnoselo) rayonları Dilican qəzasının tabeliyində olmuşdur. Dilican qəzası  1930 - cu ildə ləğv edilərək  ayrıca  Dilican şəhəri yaradılmışdır.  Dilican 1958-cı ildə respublika tabeliyində şəhərdir. İndi Ermənistanın Tavuş vilayətinin inzibati ərazi bölgüsünə tabedir. Yaşayış məntəqəsinin adı Dilican kimi sabitləşib rəsmiləşdirilmişdir. Bununla yanaşı, qaynaqlarda adı Delican (Кавказский календарь, Тифлис,  1907,, s.64), Yeni Delican, Köhnə Delican (Кавказский календарь,Тифлис, 1908, c.30), Delecan (Абих Г. Геология армянского нагорья (западная часть), Пятигорск,  1899, s.26), Delican dərəsi (AKAK, t.V, Tiflis, 1873 s.891), Delican (Вейденбаум Е. Путеводитель по Кавказу, Тифлис, 1888, s.389; Ган К.Ф. Опыт обьяснения Кавказских географических названий, СМОМПК,вып.40, Тифлис, 1909,, s.49; Анисимов С. Путеводитель по Кавказу Кавказский край, М., 1924, s.347-348) formalarında da qeyd edilmişdir. XVII əsrin fransız səyyahı Jan Şardən indiki Ermənistan ərazisinə səyahət edərkən Dilican şəhərində də olmuşdur. Bu şəhərlə bağlı yazır: “Dilican şəhəri, onu altı lyölük əhatə edən bütün ərazi (şimaldan, cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir” (Jak Şarden. Parisdən İsfəhana səyahət, Bakı, “Elm”. 1994, s.20). Z.Qorqodyan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, 1932) kitabına əsasən Dilicanda  erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar evlərinə dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (s.30-31,114-115). Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr ayında onlar tamamilə deportasiya olunmuşdur. Burada indi yalnız ermənilər yaşayır.


        Dilican Azərbaycan poeziyasında vəsf edilərək əbədiləşdirilmiş, yaddaşlara hopdurulmuşdur. Xalq şairi Səməd Vurğun Dilicanın tarixini, azərbaycanlılara məxsus olduğunu, Azərbaycanın tarixi torpağı olduğunu, lakin sonradan əldən alınaraq Ermənistana verilməsini bədii dillə  tərənnüm etmişdir.


Qarışsın Qazağa Dilican dərəsi,


Daha da birləşib olsunlar bir can,-


Və ya



Yenə gördüm səni, Dilcan dərəsi,


Yadıma çox köhnə zamanlar gəlir.


Ömür dedikləri bir karvan yolu,


Nə canlar gedərək, nə canlar gəlir.


 Dilican toponiminin  etimologiyası ilə bağlı erməni tədqiqatçılarının hər hansı bir elmi izahına rast gəlinmir. Onlar  Dilican toponiminin etimologiyasının çətin olduğunu qeyd etməklə yanaşı, toponimin izahına dair müxtəlif rəvayətləri  xatırlayırlar: Dilican adı nisbətən yaxın vaxtlardan xatırlanır, lakin onun mənşəyini sırf nəzəri şəkildə izah etmək hələ də çətindir. Bəziləri onun mənşəyini Azərbaycan dilindəki   “gic”, “axmaq”, “kobud”  mənasında işlənən “deli” (“dəli”) sözləri ilə əlaqələndirir, bəziləri isə Dilican adlı şahzadənin adı ilə bağlılıq görürlər. Xalq etimologiyasına görə “şirin öd”  bildirən “Dili-can” sözündən yaranmışdır.Dilican toponimi ilə bağlı həmçinin bir neçə rəvayət də var. Onlardan biri Dilican adının Dehli adından yaranmasıdır.  Digəri isə adın mənşəyini Dili adlı şəxslə bağlayırlar. Deyirlər ki, Dilini meşələrdə canavar yeyib, onu axtaran qohumları uzun müddət “Dili can” deyib axtarırlar.  Guya ad bu əhvalat əsasında  yaranıb (ԹադևոսՀակոբյանՍտեփանՄելիքԲախշյանՀովհաննեսԲարսեղյան, Հայաստանիևհարակիցշրջաններիտեղանուններիբառարան, հատ. 2, Երևան, 19888, 992 էջ։.110). CiddibirkitabkimitəqdimedilənErmənistanvə ətrafvilayətlərintoponimlərlüğətində Dilicantoponiminə elmi şərhverilməyib. Çünki Dilican toponimi tam türk mənşəli toponimdir və erməni tədqiqatçıları həqiqəti rəvayətlə içərisində itirib batırırlar.


    Apardığımız araşdırma nəticəsində Dilican toponiminin  “Delican”, “Delecan”  formalarına əsaslanıb bu qənaətə gəlirik ki, toponim tele qədim türk tayfasının (Qumilyev L.N. Qədim türklər,  Bakı, 1993, s.21) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı  “can” “kan, qan, kaan, xan” sözünün fonetik forması olub “yaranmış, yüksək, hörmətli, şöhrətli, şöhrət sahibi”, həmçinin “məkan” mənasındadır (İsmayılov M., Əliyev F. İrəvan xanlığı,  “Zəka” jurnalı, № 3-4, 1992, s.4). M.Seyidov “can” sözünün “qan” sözünün fonetik dəyişmiş forması hesab edərək “ata, hakim” anlamında olduğunu qeyd edir (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, “Yazıçı”, 1989, s.18-19). Deməli, Dilican (Delican, Delecan) “tele tayfasından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni” mənasını ifadə edir.


      Qərbi Azərbaycan toponimlərinin elmi aspektdə araşdırılması Azərbaycanşünaslıq qarşısında duran ən vacib məsələlərdəndir. Bu tədqiqatlar həm də gənclərimizin maarifləndirilməsinə xidmət edir.


 

 

:                                    İbrahim Bayramov,



                                 ADPU-nun Elmi-təşkilati şöbənin müdiri,



                       filologiya elmləri doktoru, professor



 

 



Xəbəri paylaş