Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Mədəniyyət » QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN MUZEYİNƏ DƏYƏRLİ EKSPONATLAR HƏDİYYƏ OLUNDU

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN MUZEYİNƏ DƏYƏRLİ EKSPONATLAR HƏDİYYƏ OLUNDU

6-07-2026, 10:24
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin muzey fondu yeni tarixi eksponatlarla zənginləşib. Əslən Dərələyəz mahalının Çivə kəndindən olan Abışova Rahilə Həsən qızı tərəfindən mərkəzə Dərələyəz mahalının Çivə kənd məscidinin axundu,Axund Ağaya məxsus sandıq, həmçinin onun həyat yoldaşı, əslən Göyçə mahalının Mollalı kəndindən 1890-cı il təvəllüdlü Xatın Axundovanın və Axund İsmayılın 1893-cü il təvəllüdlü həyat yoldaşı Zinhar Axundovanın toxuduğu xurcunlar hədiyyə edilib.
Hədiyyə olunan eksponatlar arasında xüsusi diqqət çəkən sandıq Axund Ağanın şəxsi əşyası olub. Məlumata görə, o, dini təhsil almaq məqsədilə İraqın Şam və Nəcəf şəhərlərinə səfər etdiyi dövrdə bu sandığı da özü ilə aparıb və təhsil illərində şəxsi əşyalarını həmin sandıqda saxlayıb. Bu fakt sandığın yalnız məişət əşyası deyil, həm də sahibinin həyat yolu və elmi fəaliyyəti ilə bağlı tarixi dəyər daşıyan bir yadigar olduğunu göstərir. Sandığı daha da dəyərli edən onun ustasının həyat hekayəsidir. Çox cavan yaşında vəfat etməsi və qabiliyətli, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olan Əli Məhəmməd oğlunun sandıqçılıqda düzəltdiyi yeganə sandıq olaraq ailəsi tərəfindən illərlə qorunub.
Xatın Axundova və Zinhar Axundovanın toxuduğu xurcunlar isə Qərbi Azərbaycanın zəngin toxuculuq ənənələrini, qadınların sənətkarlıq bacarığını və milli-mədəni irsimizi əks etdirən qiymətli nümunələrdir.
Muzeyə təqdim olunan bu eksponatlar Qərbi Azərbaycan irsinin qorunması, gələcək nəsillərə çatdırılması və tarixi yaddaşın yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə dəyərli ailə yadigarlarının muzey fonduna qazandırılması xalqımızın maddi-mədəni irsinin sistemli şəkildə toplanmasına və tədqiqinə mühüm töhfə verir.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi muzey fondunun zənginləşdirilməsinə göstərdiyi bu dəyərli töhfəyə görə Abışova Rahilə Həsən qızına dərin təşəkkürünü bildirir. Mərkəz belə qiymətli ailə yadigarlarının qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edən hər bir təşəbbüsü yüksək qiymətləndirir və bu istiqamətdə göstərilən dəstəyi təqdir edir.


Xəbəri paylaş