Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » NAXÇIVANDA DƏRƏLƏYƏZ MAHALININ ÇİVƏ KƏND İCMASININ ZİYALILARI İLƏ GÖRÜŞ KEÇİRİLİB.

NAXÇIVANDA DƏRƏLƏYƏZ MAHALININ ÇİVƏ KƏND İCMASININ ZİYALILARI İLƏ GÖRÜŞ KEÇİRİLİB.

14-06-2026, 11:34

Naxçıvanda Dərələyəz mahalının Çivə kənd icmasının ziyalıları ilə görüş keçirilib. Görüşdə ADPU-Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin müdiri t.ü.f.d Leyla Calalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədov , Namiq Əliyev, Rövşən Vəkilov, Heyran Qazıbəyova, Anar Məmmədov iştirak etmişdir.
Naxçıvan şəhərində Dərələyəz mahalının Keşkənd rayonunun Çivə kənd icmasının ziyalıları ilə səmimi və yaddaqalan görüş təşkil olunub. Tədbirdə Şərur-Dərələyəz qəzasının tanınmış simalarından, vaxtilə həmin qəzanın gömrük rəisi vəzifəsində çalışmış Hacı Mahmud bəy Vəkilovun nəticələri Süsən xanım və Zəmanə xanım Qərbi Azərbaycanın tarixi, doğma yurdun keçmişi və ailə yaddaşında qorunub saxlanılan xatirələri bölüşüblər.
Söhbət zamanı Çivə kəndinin keşməkeşli tarixi vərəqləndi. Xüsusilə, 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin kənd əhalisinin başına gətirdiyi faciələr, xalqın üzləşdiyi ağır müsibətlər geniş şəkildə xatırlandı. Həmçinin 1918–1920-ci illərdə Çivə sakinlərinin doğma yurdlarını qorumaq uğrunda göstərdikləri qəhrəmanlıq, əzmkarlıq və fədakarlıqdan bəhs olundu. Görüşdə, eyni zamanda, 1948–1953-cü illərdə kənd əhalisinin doğma yurdlarından deportasiya olunması, bu acı tarixi hadisənin insanların taleyində buraxdığı dərin izlər və onun milli yaddaşımızdakı yeri barədə ətraflı müzakirələr aparıldı. Vurğulandı ki, bütün bu ağır sınaqlara baxmayaraq, Çivə camaatı öz milli kimliyini, tarixi yaddaşını və Vətən sevgisini qoruyub saxlamışdır.
Bunlarla yanaşı, görüş zamanı hazırlanması nəzərdə tutulan "Çivə kəndi" kitabının məzmunu ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar kəndin zəngin tarixi, görkəmli şəxsiyyətləri, mədəni irsi, etnoqrafik xüsusiyyətləri və el yaddaşında yaşayan faktlarla bağlı dəyərli məlumatlarını bölüşərək gələcək nəşrin daha dolğun və etibarlı mənbələr əsasında hazırlanması üçün təkliflərini səsləndiriblər.
Tədbirin sonunda Çivə kənd icmasının nümayəndələri tərəfindən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə kəndin tarixi-mədəni irsini əks etdirən qiymətli eksponatlar hədiyyə edilib. Bildirilib ki, təqdim olunan eksponatlar Qərbi Azərbaycanın zəngin tarixi irsinin qorunması, araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Səmimi ab-hava şəraitində keçən görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi, xatirələrin bölüşülməsi və doğma yurdun tarixi-mədəni irsinin yaşadılması istiqamətində mühüm müzakirələrlə yadda qalıb.


Xəbəri paylaş