Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Mədəniyyət » MƏRKƏZƏ QƏRBİ AZƏRBAYCANA MƏXSUS DƏYƏRLİ XALÇA HƏDİYYƏ OLUNDU

MƏRKƏZƏ QƏRBİ AZƏRBAYCANA MƏXSUS DƏYƏRLİ XALÇA HƏDİYYƏ OLUNDU

3-06-2026, 09:43

Qərbi Azərbaycan xalçaçılıq sənəti Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin mühüm tərkib hissəsidir. Tarixən Göyçə, Dərələyəz, Zəngəzur, Vedibasar və digər bölgələrdə toxunan xalçalar özünəməxsus naxışları, rəng çalarları və sənətkarlıq xüsusiyyətləri ilə seçilmiş, nəsildən-nəslə ötürülərək xalqın tarixi yaddaşını yaşatmışdır. Bu xalçalar yalnız məişət əşyası deyil, həm də qədim yurd yerlərimizin etnoqrafik və mədəni irsini əks etdirən qiymətli sənət nümunələri hesab olunur.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə Qərbi Azərbaycana məxsus dəyərli xalça hədiyyə olunub.
Məlumata görə, xalça 1968-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Ələyəz kəndində Cəfərova Tamam Müseyib qızı tərəfindən toxunub. Uzun illər ailə yadigarı kimi qorunub saxlanılan xalça sonradan Cəfərova Tamam tərəfindən gəlini Cəfərova Mahirə Əyyub qızına verilib.
Ailə ənənəsinə uyğun olaraq qorunan bu qiymətli sənət nümunəsi 2026-cı ildə Cəfərova Mahirə tərəfindən qardaşı qızı Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənovaya hədiyyə edilib. Könül xanım isə öz növbəsində ailə yadigarını gələcək nəsillər üçün qorunması və tədqiq olunması məqsədilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə təqdim edib.
Mərkəzdən bildirilib ki, bu cür maddi-mədəni irs nümunələrinin toplanması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması Qərbi Azərbaycanın tarixi-mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Araşdırmalar Mərkəzinə təqdim olunan xalça həm sənətkarlıq xüsusiyyətləri, həm də qoruyub saxladığı ailə və yurd yaddaşı baxımından xüsusi dəyərə malikdir. Bu kimi nümunələr Qərbi Azərbaycan irsinin öyrənilməsi və təbliği istiqamətində aparılan fəaliyyətə mühüm töhfə verir.


Xəbəri paylaş