QƏRBİ AZƏRBAYCAN İCMASINDA KEŞKƏND VƏ PAŞALI RAYON İCMALARI İLƏ GENİŞ TƏRKİBLİ TƏDBİR KEÇİRİLİB.
Dünən, 09:17
18 fevral 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Keşkənd və Paşalı rayon İcmalarının üzvləri ilə geniş tərkibli görüş keçirilib.
Toplantıda 2025-ci il üzrə görülmüş işlərin hesabatı təqdim olunub, 2026-cı il üçün prioritet istiqamətlər və fəaliyyət planı müzakirə edilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Dərələyəz mahalında həyata keçirilən təşkilati, elmi və ictimai fəaliyyətlərin ardıcıl şəkildə davam etdirildiyini bildirib. O, İcma strukturunun daha sistemli və nəticəyönümlü fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq, məhsuldarlığın artırılmasının və strateji hədəflərə mərhələli şəkildə nail olunmasının əsas prioritetlərdən olduğunu qeyd edib. Sədr, cənab Prezidentin “Biz qayıdacağıq” çağırışını xatırladaraq, qayıdış ideyasının reallaşması üçün təşkilatın maddi-texniki və mənəvi baxımdan daha da möhkəmləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova yubileyi münasibətilə İcma sədri tərəfindən “Fəxri fərman”la təltif olunub.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova (Nağıqızı) çıxışında 2025-ci il ərzində görülmüş işlər barədə hesabat təqdim edib. O, icma daxilində birliyin möhkəmləndiyini və fəaliyyətin daha sistemli əsasda qurulduğunu bildirib. Eyni zamanda, Dərələyəz mahalında Keşkənd və Paşalı rayonlarının kəndlərinə həsr olunan kitabların hazırlanması prosesinin gedişi barədə məlumat verərək, arxiv materiallarının toplanması və faktoloji bazanın zənginləşdirilməsi istiqamətində işlərin davam etdiyini qeyd edib. 2026-cı il üçün nəşr prosesinin sürətləndirilməsi və elmi redaktə mərhələsinin tamamlanması ilə bağlı təkliflərini səsləndirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev 2025-ci ildə görülmüş işləri təhlil edərək strukturlaşma və koordinasiya sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb. O, 2026-cı ildə icmalararası əməkdaşlığın genişləndirilməsi, kənd İcmaları ilə əlaqələrin daha sistemli qurulması və məlumat bazasının təkmilləşdirilməsi istiqamətində təkliflərini irəli sürüb.
İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxışında Keşkənd və Paşalı rayon İcmalarının üzvlərini Qərbi Azərbaycan Televiziyasına dəvət edib. O, rayonların adət-ənənələri, tarixi irsi və deportasiya faktları ilə bağlı silsilə verilişlərin hazırlanmasının vacibliyini vurğulayaraq, İcma üzvlərinin canlı çıxışlarla bu mövzuların ictimaiyyətə çatdırılmasına töhfə verməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra Keşkənd və Paşalı rayonlarının kənd icmalarının sədrləri çıxış edərək 2025-ci ildə görülən işləri müsbət qiymətləndiriblər. Onlar yerli səviyyədə təşkilatlanmanın gücləndirilməsi, gənclərin proseslərə daha fəal cəlb olunması, kəndlər üzrə tarixi-mədəni irsin sistemli şəkildə sənədləşdirilməsi və gələcək nəşrlər üçün materialların toplanması ilə bağlı təkliflərini səsləndiriblər.
Görüşün sonunda xatirə şəkli çəkilib.













Xəbəri paylaş
