HACIQABUL RAYONUNDA “QƏRBİ AZƏRBAYCAN - AZƏRBAYCANIN ƏZƏLİ TORPAQLARIDIR” ADLI DƏRS KEÇİRİLMİŞDİR.
15-02-2026, 16:30
13.02.2026-cı il tarixdə Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Rövşən Ağayev və Hilal Salmanov, Hacıqbul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Qərbi Azərbaycan İcmasının Hacıqabul rayonu üzrə nümayəndəsi Vüsal Nağıyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov, YAP Hacıqabul Rayon Təşkilatının sədri İsmayıl İbrahimov və Hacıqabul Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərovun iştirakı ilə Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova tərəfindən “Qərbi Azərbaycan - Azərbaycanın əzəli torpaqlarıdır” adlı açıq dərs keçirildi.
Əvvəlcə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və tədbir iştirakçıları 10 nömrəli tam orta ümumtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
“Dərs”in əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Samirə Ələkbərova qonaqları salamlayaraq son illər ərzində ümumtəhsil məktəbinin əldə etdiyi nailiyyətlərdən söhbət açdı.
Tədbirdə məktəbin IX- XI sinif şagirdləri və tarix müəllimləri də iştirak etdilər. Qonaqlar iştirakçılara qədim Azərbaycan torpaqları barədə geniş məlumat verdilər. Tədbir tarix yaddaşımız olan Qərbi Azərbaycan haqqında maraqlı fikir mübadiləsi ilə müşayiət olundu. Qərbi Azərbaycana həsr olunmuş bu tədbir əzəli və əbədi torpaqlarımızın keçmişini, bu gününü yaddaşımızda daim yaşatmaq, gələcək nəsillərə ötürmək, milli kimliyimizi qorumağın hər bir vətəndaşın borcu olması fikrini və vətənpərvərlik hissini aşıladı.
Tədbirdə çıxış edən, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Hilal Salmanov və Şirvan - Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov qeyd etdilər ki, Qərbi Azərbaycanın hər bir rayonu, kəndi, dağı və gölü tariximizin canlı şahididir. Göyçə gölü ətrafında formalaşan zəngin aşıq sənəti, Zəngəzurun qədim yaşayış məskənləri, Dərələyəzin folkloru xalqımızın mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Bu ərazilərdə ucaldılmış məscidlər, karvansaralar və digər tarixi abidələr Azərbaycan xalqının bu torpaqlarda dərin köklərə malik olduğunu sübut edir.
Bizim borcumuz bu tarixi yaddaşı yaşatmaq, gələcək nəsillərə doğru və dolğun şəkildə çatdırmaqdır. Qərbi Azərbaycan mövzusu gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır. Şagirdlər bilməlidir ki, bu torpaqların adları sadəcə xəritədə qalan sözlər deyil - onlar xalqımızın taleyinin, xatirələrinin və arzularının bir parçasıdır. Qərbi Azərbaycan bizim yaddaşımızdır. Bu yaddaşı yaşatmaq, gələcək nəsillərə ötürmək və milli kimliyimizi qorumaq hər birimizin borcudur.
Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova dərs zamanı aparılan diskussiyada fəallıq göstərən şagirdlərdən bir neçəsinə Qərbi Azərbaycana həsr olunmuş “Qərbi Azərbaycan: Danışan izlərin işığında” adlı kitablarını hədiyyə etdi.
Sonda tədbir iştirakçiları xatirə şəkli çəkdirdilər.












Xəbəri paylaş
