Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Qərbi Azərbaycan əsilli çempion Emil Novruzov

Qərbi Azərbaycan əsilli çempion Emil Novruzov

Dünən, 17:14

 

Emil Novruzov 8 dekabr 1995-ci ildə Bakı şəhərində anadan olub, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Mollalı kəndindəndir. Atasının nənəsi Göyçə mahalının Ağkilsə kəndindən, ana babası Vedi rayonunun Şirazlı kəndindən, ana nənəsi və ata nənəsi Dərələyəz mahalı Çivə kəndindəndir. Ailəsi 1948-1953-cü illər deportasiyası zamanı Bərdə rayonunun İmirli kəndi və Ağdaş rayonuna köçürülmüşlər.
2002-ci ildə Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin birinci sinifə getmiş, 2013-cü ildə oranı bitirmişdir. 2014-2018-ci illərdə Moskva şəhərinin Balaşixa rayonunda yerləşən V.İ.Vernadski adına Universitetdə təhsil alıb. Peşəkar boksun birinci orta (Light Middleweight) dərəcəsində çıxış edərək Azərbaycanı Rusiya və bir çox ölkələrdə təmsil edən boksçumuzdur.
Müxtəlif beynəlxalq görüşlərdə erməni rəqiblər üzərində qələbələr qazanaraq ölkəmizi uğurla təmsil etmiş, dövlət bayrağımızı zirvələrə ucaltmışdır.
44 günlük Vətən müharibəsi dövründə əldə etdiyi qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr etməsi təşkilatda böyük səs-küyə səbəb olmuşdur. Daha sonra həmin təşkilatın bu məqamla bağlı kadrları paylaşmaması Emilin etirazına səbəb olmuşdur. Bir neçə ay danışıqlar və mübahisələr getdikdən sonra Emil kadrları əldə edib “Hardcore fighting” təşkilatını tərk etmişdir. Nəticə etibarilə, Emil onlarla mübahisələr aparmış və 2022-ci ilin sentyabr ayına kimi təklif olunan döyüş görüşlərini rədd etmişdir.
2022-ci il sentyabr ayının 24-də erməni əsilli Martin Juaryan adlı rəqiblə “Hardcore boxing” təşkilatında mübarizə aparıb qələbə qazanaraq, “Hardcore Fighting” kəmərini əldə edərək bayrağımızı ucaltmışdır.
“Hardcore boxing” dünya lisenziyası alaraq Hardcore Boxing Assosiaction adı ilə təsdiqləndikdən sonra Birləşmiş Ərəb Əmirliyində Ajenda Arenada təşkil olunan Beynəlxalq Peşəkar boks turnirində eks Venesuella çempionu Yeyson Gonzales üzərində 2-ci raundda texniki nokautla qələbə qazanmış, HBA dünya kəmərini əldə etmişdir.
2023-cü il 23 avqustda 14000 nəfərlik CSKA Arenada Qarabağ ansamblı ilə rəqs etmiş, bu performansı ilə bütün pərəstişkarlarının marağına səbəb olmuşdur. Qərbi Afrikanın eks çempionu Richard Fenyi ilə döyüşdə rəqibini bir neçə dəfə nokdaunta göndərimiş, xal hesabı ilə qalib gələrək HBA kəmərini qorumuşdur.
O, Hardcore Boxing Association (HBA) üzrə dünya çempionudur, Hardcore FC Qran-Prisinin 93 kq-dək Universal çəkidə ilk finalçısı, həmçinin birinci Hype Fighting Qran-Prisinin finalçısıdır.
2023-cü il 11 oktyabrda məğlubiyyətsiz qırğız döyüşçüsü Səməd Əbdülrəhmanov üzərində qələbə çalaraq 70 kq çəki dərəcəsində Hardcore FC (bare-knuckle) yumruq döyüşü üzrə dünya kəmərinə layiq görülüb.
2024-cü il 28 sentyabrda Qazaxıstanın Almatı şəhərində Allstars boxing təşkilatında WBS international kəməri uğrunda Taylandlı Boksyor Atchariya Wirojanasunobol üzərində birinci raundda nokautla qələbə qazanaraq daha bir dünya kəmərinin sahibi olmuşdur.
Səməd Əbdülrəhmanov “Sən təsadüfən udmusan” ittihamı ilə Emilə qisas döyüşü təklif edir. Səməd və İBA təşkilatı Emilin belində zədə olduğunu bildiyi üçün onun məğlub olacağını düşünürdü. 2025-ci ildə yeni təşkilat İBA təşkilatı da Səmədlə eyni fikirdə olsa da, planları baş tutmadı. Emil rəqibini 1-ci raundda 3 dəfə nokdaunta göndərərək tam üstünlüklə qalib gəldi.


Xəbəri paylaş