QARDAŞ ÖLKƏDƏ YAŞAYAN FƏXRİMİZ: QƏRBİ AZƏRBAYCANLI UZMAN HƏKİM TURQUT SULTANOV.
Sultanov Turqut Neymət oğlu 30 iyun 1994-cü ildə Naxçıvan MR, Şərur rayonu Mahmud kəndində anadan olmuşdur. Ata babası Qərbi Azərbaycanın Dərələyəz mahalının Çivə kəndindən olan Əhməd bəy Vəkilovun (sonradan Sultanov soyadını götürmüşdür) ailə üzvləri sovet rejimi dövründə təzyiqlərə məruz qalmışdır. Qardaşı Əli bəy Vəkilov represiya qurbanı olmuş, digər qardaşı Həsənalı Sultan bəy Vəkilov isə mühacirətə getməyə məcbur qalmışdır. Bu səbəbdən Əhməd bəy ailəsi ilə birlikdə Şərur rayonunda məskunlaşmış və soyadını dəyişmişdir.
Turqut Sultanov (Vəkilov) 2001-ci ildə Mahmud kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuş, 2008-ci ildə isə yüksək göstəricilərlə Şərur Türk Liseyinə daxil olmuşdur. Liseydə təhsil aldığı illərdə Amerika Birləşmiş Ştatlarında (Nyu-York) və Nigeriyada (Abuja) keçirilən beynəlxalq elm olimpiadalarında iştirak etmiş, Platin, Gümüş və Bürünc medallara layiq görülmüşdür. 2012-ci ildə liseyi bitirmişdir.
O, Türkiyə və Azərbaycan tibb universitetlərinə sənəd vermiş, imtahan nəticəsinə əsasən 646 bal toplayaraq Azərbaycan Tibb Üniversitetinin Müalicə İşi ixtisasına və eyni zamanda TCS (Türkiyə Cumhuriyəti Sınavı) imtahanından uğurla keçərək Türkiyə Respublikasının Adana şəhərində yerləşən Çukurova Universitetinin Tibb Fakültəsinə qəbul olmuş və ödənişsiz əsaslarla təhsil almışdır.
Hazırda Adana Şəhər Xəstəxanasının Pediatriya şöbəsində uzman həkim kimi fəaliyyət göstərir.
