Əhmədov Sadıq – Elmə həsr olunan müəllim ömrü.
Bu gün onun günüdür... Yurd həsrətini sinəsində daşıyan, şərəfli ömrünün böyük hissəsini Azərbaycan elminə həsr edən Sadıq müəllimin 86 yaşı tamam olur.
Əhmədov Sadıq Əhməd oğlu 05.02.1939-cu ildə Qərbi Azərbaycanın səfalı guşələrindən olan Dərələyəz mahalının Qalaser kəndində dünyaya göz açıb. Zəhmətkeş kəndçi ailəsində böyüyən Sadıq Əhmədovun 2 bacısı 1 qardaşı var idi. Bacılarının adı Təzəgül və Pünhanı, qardaşı isə İsax olub. 1947-ci ildə Qalaser kənd məktəbində 1-ci sinifə gedib. O dövrdə Qalaser kəndində məktəb 4 illik idi. 1950-ci ildə 5-ci sinifdən təhsilini Qovuşuq kənd orta məktəbində davam etdirib. 1956-cı ildə Qovuşuq kəndinin 10 illik orta məktəbini bitirir. 1958-ci ildə Ukraynanın Çerniqov vilayətində Sovet ordusunun tərkibində xidmət edib. 1961-ci ildə hərbi xidməti bitirərək Bakıya qayıdır. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul olur. 1967-ci ildə institutu bitirir və Qalaser kəndinə qayıdaraq Əhmədova Minayə Hüseyn qızı ilə ailə qurur. Həmin ildən ailəsi ilə birgə Bakıya qayıdan Sadıq müəllim bitirdiyi institutun “Siyasi iqtisad” kafedrasında kabinet müdiri, assistent, sonra müəllim vəzifələridə işləmişdir. 1975-ci ildən baş müəllim vəzifəsində işləmiş, qiyabi olaraq aspiranturanı bitirmişdir. 1988-ci ildən N.L.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında “Siyasi iqtisad” kafedrasında baş müəllim işləyib. 1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında baş müəllim işləyib. Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri dosenti olub. 30-dan artıq elmi məqalənin, dərsliklərin (şərikli), dərs vəsaitlərinin müəllifidir.
Sadıq müəllimi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür və möhkəm can sağlığı arzulayırıq.
