“Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın doğum günü
Dünən, 15:16
Bu gün ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovanın doğum günüdür. Yubiley münasibətlə Leyla xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, bu şərəfli və məsuliyyətli işində yeni-yeni yaradıcılıq uğurları, elmi nailiyyətlər arzulayırıq.
Calalova Leyla Qadir qızı 1976-c il fevral ayının 4-də Qərbi Azərbaycanlıların kompakt yaşadıqları Bərdə rayonunun İmirli kəndində dünyaya göz açıb.Ailə üzvləri, Qərbi Azərbaycanın Dərələyəz mahalı, Çivə kəndindən İ. Stalinin qərarı ilə 1951-ci ildə məcburi deportasiya edilərək, Bərdə rayon İmirli kəndində məskunlaşmışlar. 1983-1993-cü illərdə İmirli (Əmirli) kənd orta məktəbini fərqlənmə ilə bitirmişdir.
Orta məktəb illərinin son dönəmlərində ölkədə gedən ictimai-siyasi proseslər, ağır müharibə şəraiti, İmirli kəndinə də öz təsirini göstərmişdi. Həmin kəndin məktəbində Qarabağdan didərgin düşən yüzlərlə evsiz-eşiksiz insan sığınacaq tapmışdı. Məktəb şəraitində təhsil almaq imkanları məhdudlaşsa da, Leyla xanım müharibə şəraitinin çətinliklərinə baxmayaraq, elm yolundan uzaqlaşmamış, fərdi şəkildə oxuyub hazırlaşaraq ali məktəbə daxil olmuşdur.
1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini tarixçi ixtisası üzrə bakalavr, 2001-ci ildə həmin universitetin Arxeologiya və Etnoqrafiya ixtisası üzrə magistr pilləsini qırmızı diplomla başa vurmuşdur.
Təhsilini AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun doktoranturasında davam etdirir. 2012-ci ildə “XVIII əsrin son rübündə Azərbaycan - Rusiya ticarət əlaqələri” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. Xarici və yerli jurnallarda, qəzetlərdə onlarla elmi və publisistik məqalələri çap olunub. Biri elmi monoqrafiya olmaqla, “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti tarixi və siyasi varislik” ikinci kitabı işıq üzü görüb.
“Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”, “İz” jurnalı, “Yurdun səsi” qəzetində milli mənafelərimizin qorunması və Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərimizin tədqiqi istiqamətində nümayiş etdirdiyi fədakar əməyinə görə dərin minnətdarlığımızı bildiririk.
Xəbəri paylaş
