Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » BƏZƏN MUSİQİ DANIŞIR, SÖZLƏR SUSUR  

BƏZƏN MUSİQİ DANIŞIR, SÖZLƏR SUSUR  

19-01-2026, 09:18

    

Natiq Şirinovun nağarası da elədir, hər vuruşunda bir həyat hekayəsi gizlənir. Bu gün o hekayənin 50-ci ili tamam olur. Azərbaycan musiqiçisi, nağara ifaçısı, “Natiq” ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti  Natiq Bahadur oğlu Şirinov  10 noyabr 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Natiq əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zərkənd kəndindəndir.Qohumları 1948, 1988-ci illərdə öz elindən, obasından deportasiya olunub. Natiqin babaları Göyçə mahalında sayılıb-seçilən el sənətkarları və xeyriyyəçi insanlar olub. Ulu babası Pullu Məhərrəmin Gilli çayı üzərində tikdirdiyi körpü el arasında “Qızıllı körpü” kimi yaddaşlarda qalıb. Mənfur düşmənlərimiz Məhərrəm kişini zəhərləyərək öldürüblər. Babaları Aşıq Şirin, Aşıq İdris Göyçə Aşıq məktəbinin yetirmələri olublar.  Babası Aşıq Şirinin söylədiyi  şeirləri, nağılları, dastanları sağlığında dilindən qələmə alınsa da, illərlə arxivlərin bir küncündə qalıb işıq üzü görməyib, ta 2003-cü ilə qədər. Əsas külliyatı isə Ermənistan Matenadaranında (Əlyazmaları xəzinəsində) saxlanılır. Şeirlərinin cüzi bir hissəsi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şironovanın 2023-cü ildə nəşr etdirdiyi “Göyçə aşıqları: Aşıq Şirin Aşıq İdris” adlı kitabında yer alıb. 



Aşıq Şirin Zərkənddə dünyasını dəyişib və kənd qəbristanlığında dəfn olunub. Lakin qəbri ermənilər tərəfindən dağıdılıb. Babası Məhərrəmov Aşıq İdris Şirin oğlu 1905-ci ildə Göyçə mahalında el sənətkarı Aşıq Şirinin ailəsində anadan olub. İlk ustad dərsini atası Aşıq Şirindən alıb. Aşıqların I (5 may 1928-ci il), II (12 mart 1938-ci il) qurultaylarının nümayəndəsi və Əməkdar İncəsənət хadimi olub. 1938-1941-ci illərdə Basarkeçər rayonu Aşıqlar birliyinin sədri olan Aşıq İdris, 1941-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə gеdib (baхmayaraq ki, bir nеçə dəfə hərbi komissarlıq tərəfindən gеri qaytarılıb) və müharibədən qara kağızı gəlib. Lütfiyar Nəsibovun “ Göyçə mahalı II Dünya savaşında” adlı kitabında Məhərrəmov İdris Şirin oğlu (1905, Zərkənd) 28 avqust 1942-ci ildə səfərbər edilmişdir. Sənədə əsasən Basarkeçər RHK-nın 65618 saylı, 14 dekabr 1949-cu il tarixli, 1 inv. 883 saylı, tarixsiz, müharibədən sonrakı dövrün məlumatında 1943-cü ilin fevralında itkin düşdüyü göstərilir. Kitabın digər bir səhifəsində isə 107-ci atıcı birqada idarəsinin 11698 saylı, 26 mart 1943-cü il tarixli qaytarılmaz itkilər haqqında məlumatında onun 18 fevral 1943-cü ildə döyüşdə həlak olduğu və Krasnodar diyarı Novorossiysk şəhəri Misxako qəsəbəsində dəfn olunduğu göstərilir. Natiq Şirinov belə bir nəslin nümayəndəsidir. 



1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. Natiq 24 yaşında olanda Azərbaycan Respublikasının xalq artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. O, 2001-ci ildə beş nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaradır və qrupa nağaradan əlavə qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o, pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır. Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır. Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün 2002-ci ildə Natiq Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlamışdır. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabbarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır. O, dünyanın müxtəlif ölkələrində Azərbaycan ritmələrini ifa etmişdir. “Natiq” ritm qrupu 54 dövlət arasında keçirilmiş “Geumsan World Percussion Performance Art Festival 2011” yarışmasında uğurla iştirak etmiş və birincilik qazanaraq “World Grand Prize” mükafatını vətənə gətirmişdir. Bu mükafat Azərbaycanın milli aləti olan “nağara”nın dünya arenasında ilk qalibiyyəti olmuş və qalibiyyət N.Şirinov tərəfindən həyata keçirilmişdir.



Natiq Şirinov bir çox məşhurlarla eyni səhnəni bölüşmüdür: 2005-ci ildə Ruslana Stepanovna, 2007-ci ildə Billy Cobham, 2008-ci ildə Misirli Ahmet, 2012-ci ildə Rihanna, 2014-cü ildə Shahram Nazeri, 2015-ci ildə Sami Yusuf, Abbos Kosimov, Harem qrupu, Mohsen Sharifian, Steven Seagal. Onun “Mənim dünyam I” adlı ilk diski 2004-cü ildə, “Mənim dünyam II” 2006-cı ildə, “Ritm varsa həyat var” diski isə 2012-ci ildə işıq üzü görüb. Natiq Şirinov bir sıra filmlərə çəkilib: 2005-ci ildə “Ərazi” adlı qısametrajlı bədii filmə, 2008-ci ildə isə “ 40-cı qapı” adlı tammetrajlı bədii filmə çəkilib. O, yaratdığı “Natiq” Ritm qrupu ilə Azərbaycan musiqi səhnəsində öz adını təsdiqləyib. Natiq Şirinov təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif səhnələrində də ritmi ilə ölkəmizi təmsil edib və hər çıxışı ilə Azərbaycan musiqisinin səsini başqa ölkələrə çatdırıb. Lakin onun sənətinin arxasında görünməyən bir dünya da var: yaradıcılıq anları, daxili ritmlər və nağara ilə danışan duyğular…



Bəzən səssizcə oturub barmaqları ilə masaya vurur, bilirik ki, beynində yeni musiqi formalaşır. Bu sadə hərəkət onun yaradıcılıq prosesinin başlanğıcıdır. Səhnədə gördüyümüz işıqlı tərəfin arxasında isə günlərlə davam edən məşqlər, yorucu zəhmət və səhvləri düzəltmək üçün sərf edilən sonsuz səbir dayanır.
Sənət çoxlarına asan görünə bilər, ancaq onun arxa planında yalnız sədaqət və zəhmət dayanır. Bu isə Natiq Şirinovun sənət yolunun əsl imzasıdır.
 O, gənc nəslə yalnız musiqi öyrətmir, həm də yol göstərir, ruh verir, dəyərlər aşılayır. Biz onu yalnız Xalq Artisti kimi tanımırıq, o həm də nəsillər boyu musiqi ilə yaşayan bir nəslin davamçısıdır, babası Aşıq İdrisin mirasını yaşadan bir ritm adamıdır.



Görünüşdə sərt və tələbkar olsa da, qəlbində çox zərif və qayğıkeş bir insandır. Tələbələrinin hər uğuruna sevinər, onları dəstəkləyər, doğru yola yönəldər. Evin içində isə onun ritmi daha kövrəkdir, ailəsinə göstərdiyi qayğı, diqqət və sevgi ilə doludur. Bu ritm musiqidən də dərin, həyatın öz ritmidir. 



Bu 50 illik yubiley münasibətilə, illərdir bizi öz ritminə aparan bu musiqi insanına, yalnız səhnədə deyil, həm də evdə varlığı ilə güc verən, ilham olan bir insana sağlam can, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Sənət yolunda atdığın hər addım bizim üçün fəxrdir.



                                   

  Rübabə Şirinova

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 Fidan Səfərzadə

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin magistrantı




Xəbəri paylaş