“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçirilib
Dekabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, ADPU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçirilib. Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, alim və tədqiqatçılar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfrans öncəsi Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”ni ziyarət etmişlər. Prof. Mahirə Hüseynova mərkəzin fəaliyyəti və görülmüş işlər barədə qonaqlara məlumat vermiş, mərkəzin əməkdaşlarının bölgələrdə keçirdiyi görüşlər zamanı topladığı yeni eksponatların tarixi və mənəvi əhəmiyyətini qeyd etmişdir. Qonaqlar “İz” jurnalı və “Yurdun Səsi” qəzeti və buradakı müxtəlif eksponatlarla tanış olmuş, AMEA Folklor İnstitutu tərəfindən mərkəzə xeyli sayda kitab hədiyyə olunmuşdur. Kitablar arasında beş cilddə “Qərbi Azərbaycan folkloru”, “Aşıq Ələsgər”, Qərbi Azərbaycanın Zəngəzur və digər bölgələrinin folkloru, aşıq sənəti və s. kimi tarixi yaddaşımızı əsk etdirən möhtəşəm kitablar var. Bu kitablarla daha da zənginləşən mərkəzin kitabxanası tələbələrin, müəllimlərin elmi fəaliyyətinin genişləndirilməsində, tariximizin və mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsində böyük əhəmiyyət daşıyır.
Zəngin mədəni irsimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz rolu olan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti gənc tədqiqatçıların elmi fəaliyyətinin gücləndirilməsi istiqamətində onlara dəstək olmağa davam edir.



