Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının iclasında Qayıdış mesajları, illik hesabat və yeni hədəflər müzakirə olundu
28-11-2025, 09:54
28 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubiley mərasimindəki çıxışı, Qərbi Azərbaycana Qayıdışla bağlı verdiyi mühüm mesajlar, Qadınlar Şurasının 2025-ci ildəki fəaliyyətinə dair illik hesabat və 2026-cı il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi daxil edilib.
Tədbiri giriş sözü ilə Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açaraq gündəlik məsələlər barədə məlumat verib. Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Prezident İlham Əliyevin Qayıdışla bağlı mesajlarının əhəmiyyətini vurğulayıb. O, bu tarixi prosesdə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə qadınların fəal iştirakının vacibliyini qeyd edib və Qadınlar Şurasının il ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək, Qərbi Azərbaycan mövzusuna xüsusi həssaslıqla yanaşan zərif cinsin nümayəndələrinə təşəkkürünü bildirib.
İclasda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, İdarə Heyətinin üzvü professor Mahirə Nağıqızı Qayıdış ideyasının təhsil mühitində təbliği, ailə və qadın dəyərlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışıb.
Daha sonra Qadınlar Şurasının 2025-ci il üzrə fəaliyyət hesabatı video-təqdimat vasitəsilə nümayiş etdirilib. Millət vəkili Məlahət İbrahimqızı Qadınlar Şurasının həyata keçirdiyi beynəlxalq konfranslar, maarifləndirici tədbirlər, ictimai görüşlər və mədəni layihələr barədə ətraflı məlumat verib. O, 1 mart 2025-ci ildə keçirilən “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfransda Qərbi Azərbaycan qadınlarının müraciətinin BMT-nin sənədi kimi qəbul olunmasını böyük uğur kimi dəyərləndirib.
Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan TV şöbəsinin müdiri Telli Pənahqızı informasiya fəaliyyəti və qadınların səsinin ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında Qayıdış ideyasının ailə institutu və qadınlar arasında təbliği üçün nəzərdə tutulan addımları qeyd edib, qadın həmrəyliyinin bu yolda mühüm güc olduğunu vurğulayıb.
İclasın növbəti hissəsində 2026-cı il üçün Fəaliyyət Planının layihəsi müzakirə olunub, müxtəlif fikir və təkliflər səsləndirilib. Qadınları maraqlandıran məsələlər ətrafında rəhbərliklə açıq müzakirələr, fikir mübadiləsi aparılıb.
Sonda “Cari məsələlər” bölməsi çərçivəsində iştirakçılar tərəfindən müxtəlif təşəbbüslər və gələcək fəaliyyət istiqamətləri üzrə təkliflər irəli sürülüb.












Xəbəri paylaş
