GÖRKƏMLİ ŞƏXSİYYƏT HƏSƏN MİRZƏYEV - 98
26-11-2025, 13:35
Bu gün filologiya elmləri doktoru, tanınmış dilçi-türkoloq alim, şair, Azərbaycan Respublikasının əməkdar elm xadimi, sabiq millət vəkili, professor Həsən Mirzəyevin anadan olmasının 98-ci ili qeyd olunur.
H.Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
H.Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.
Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 1997-ci ildən etibarən Qərbi Azərbaycanla bağlı araşdırmalar aparılması Azərbaycan Dövlət Pedaqoji Universitetində “Müasir Azərbaycan dili” kafedrası və onun rəhbəri dilçi-türkoloq prof. Həsən Mirzəyevin rəhbərliyi ilə keçirilirdi. Bu sahədə - Qərbi Azərbaycanla bağlı araşdırma aparan ilk kafedra “Müasir Azərbaycan dili” kafedrası oldu.
H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu. Bu baxımdan, Həsən müəllimin Dərələyəz mahalında toponimlərlə bağlı böyük fundamental əsəri, “Qərbi Azərbaycan şivələrinin leksikası”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı”, “Dərələyəz folkloru”, “Azərbaycan toponimləri və şivə sözləri” kitabları diqqəti cəlb edir.
Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
Görkəmli alim Həsən Mirzəyevi hörmət və ehtiramla yad edirik!
Xəbəri paylaş
