MUSTAFA BƏY TOPÇUBAŞOV

18-11-2025, 10:55

 

Topçubaşovlar nəsli Azərbaycan tarixinə Sankt-Peterburq Universitetinin ilk azərbaycanlı professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) və Azərbaycan Xalq Cümhuriyyəti ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu nəslin daha bir parlaq nümayəndəsi Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ildə İrəvanda doğulmuşdur. Cərrah, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın həqiqi üzvü, Bolqarıstan EAnın müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, sonra 1919-cu ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. M.A.Topçubaşov 1920-30-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində cərrahiyyə klinikasında ordinator və assistent olmuşdur. 1930-1975-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri, eyni zamanda 1945-1948-ci illərdə EA-nın Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. M. Topçubaşov 7 monoqrafiya, 5 cilddə “Xüsusi cərrahlıq” dərsliklərinin, ümumilikdə 160 elmi işin müəllifidir. Onun redaktəsi ilə kombinasiyalı ağrısızlaşdırma ilə bağlı üç elmi iş toplusu çap olunmuşdur. Əsas elmi tədqiqatları “Ürək-damar xəstəlikləri və onların profilaktikası”, “Xüsusi cərrahlıq”, “Yad cisimləri çıxaran aparat və onun tətbiqi”, “Normal hipertenziya və onun cərrahi müalicəsi”, “Uzunmüddətli analgeziyanın tibbdə tətbiqi” əsərləridir. M. Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 1955-1959-cu illərdə Ali Sovetin sədri olmuşdur. Bir sıra orden və medallarla təltif olunmuşdur.


Mustafa bəy Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın Elmi-Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutuna və küçələrdən birinə onun adı verilmişdir. Onun oğlu İbrahim Topçubaşov tibb elmləri doktoru, məşhur cərrah olmaqla bərabər , həm də bəstəkar olmuşdur.




Xəbəri paylaş