Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » “HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCAN SİYASƏTİ: TARİXİ VƏ SİYASİ VARİSLİK” ADLI KİTABI NƏŞR OLUNUB.

“HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCAN SİYASƏTİ: TARİXİ VƏ SİYASİ VARİSLİK” ADLI KİTABI NƏŞR OLUNUB.

24-09-2025, 14:44



Kitabın ideya müəllifi və məsləhətçisi ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, prof. Mahirə Hüseynova, kitabın müəllifi Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri, t.ü.f.d. Leyla Calalova, ön sözün müəllifi Milli Məclisin Təbii Ehtiyatlar, Energetika va Ekologiya Komitəsinin sədri, dos. Sadiq Qurbanov, elmi redaktor Dövlət mükafatı laureatı, t.ü.f.d Nazim Mustafa, rəyçilər isə Azərbaycan Respublikası Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, t.ü.f.d, dos. Pərvin Kərimzadə və tədqiqatçı, hüquqşünas Səməd Vəkilovdur. 

Kitabda son iki əsrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar separatçılıq və dövlət terrorizmi siyasəti, erməni quldur birləşmələrinin Qarabağda, həmçinin Qərbi Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətlər, dinc sakinlərin başına gətirilən olmazın fəlakətlər konkret faktlar, tarixi araşdırmalar əsasında öz əksini tapıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rahbarliyinin birinci mərhələsində, eləcə da Azərbaycan xalqının təkidli tələbi ilə ölkəyə rəhbərliyinin ikinci mərhələsində erməni millətçilərinin ərazi iddialarına qarşı qətiyyətli mübarizəsi, Sovet dövründə və müstəqillik illərində konseptual əhəmiyyət daşıyan Qərbi Azərbaycan siyasəti tarixilik prizmasından ətraflı işıqlandırılır.

Kitabda ilk dəfə olaraq Heydər Əliyevin ailəsinin amansız soyqırımı və deportasiya ilə üzləşməsi, yaşadığı məhrumiyyətlər, məşəqqətlər tarixi sənədlərlə diqqətə çatdırılır.

XX əsrin əvvəllərindən başlayaraq Qərbi azərbaycanlıların deportasiya və soyqırımı siyasətinə məruz qalması, bu qanlı hadisələrə hüquqi-siyasi qiymətin verilməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, bu mühüm sənədin elmi-nəzəri aspektlərinə geniş yer verilir.

Son iki əsrdə Azərbaycanın tarixi torpaqlarında baş verən hadisələri, xronoloji ardıcıllıq və dövrilik gözlənilməklə, əks etdirən bu kitab, geniş oxucu kütləsi, tədqiqatçılar, müəllimlər, tələbələr üçün əhəmiyyətli mənbə rolunu oynayır.



Xəbəri paylaş