Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

10-07-2025, 13:15

 

10 iyul 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Sonra Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Rayon rəhbərliyi, YAP fəalları, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qərbi Azərbaycan İrsi” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev bildirib ki, erməni millətçilərinin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. Həmçinin təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox qiymətli mənbə olduğu bildirilib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə xanım Hüseynova çıxış edərək, müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiyalar barədə ətraflı danışaraq, tarixi Azərbaycan torpaqlarının maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılmasının indiki və gələcək nəsillər üçün önəmindən, “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində görülən işlərdən geniş bəhs edib. O həmçinin, Qərbi Azərbaycanla bağlı araşdırmaların elmi istiqamətdə aparılmasının Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasındakı ziyalılarla görüşündə etdiyi proqram xarakterli çıxışından sonra daha sistemli xarakter aldığını vurğulayıb.
Tədbirdə çıxış edən ADPU-nun elmi-təşkilati şöbəsinin müdiri, professor, Qərbi Azərbaycan İcmasının üzvü İbrahim Bayramov bildirib ki, kitab Qərbi Azərbaycanla bağlı gələcək tədqiqatların aparılmasında istinad ediləcək ilkin və dəyərli mənbələrindən biridir. Kitabda ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktlarından ətraflı bəhs edilməsi gənc nəslin tariximizi daha dərindən mənimsəməsinə kömək edəcək.
Çıxışlarda Qərbi Azərbaycana qayıdışın artıq bir zərurət olduğu, öz ata-baba yurdlarından zorla çıxarılan soydaşlarımızın böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədikləri xüsusi vurğulanıb.

 


Xəbəri paylaş