Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » “Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimi

“Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimi

8-04-2025, 12:06

 

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” və “Qərbi Azərbaycan: tarixi yaddaşımız” kitablarının, eləcə də “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsi və onun yekun sərgisi əsasında tərtib edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimində iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirmişdir ki, təqdim edilən nəşrlər və sərgi Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və milli kimliyin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, Keşkənd rayon icmasının sədri professor Mahirə Hüseynova çıxışında qeyd etmişdir ki, nəşrlər tarixi təhriflərin qarşısının alınmasında mühüm rol oynayacaq. O bildirmişdir ki, qərbi azərbaycanlıların keçmişi, mədəniyyəti və yaşadığı faciələr bu kimi elmi əsaslı sənədlərlə daha geniş auditoriyalara çatdırılmalıdır.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, İcmanın Qadınlar Şurasının sədri, Millət vəkili Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Fazil Mustafa, İcmanın Ziyalılar Şurasının sədr müavini, əməkdar elm xadimi professor Fərrux Rüstəmov çıxış edərək bu təşəbbüsün davamlı xarakter daşımasının zəruriliyini vurğulamışlar.
Sonda çıxış edən, təqdim olunan iki kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa vurğulamışdır ki, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Qərbi Azərbaycan: tarixi yaddaşımız” və “Vətənim Qərbi Azərbaycan” adlı bu nəşrlər Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı strateji yanaşmasından və elmə, təhsilə göstərdiyi xüsusi qayğıdan qaynaqlanaraq hazırlanmışdır. Müəllifin sözlərinə görə, kitablar Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla sistemləşdirilməsi və milli yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 


Xəbəri paylaş