VƏTƏN HƏSRƏTLİ BİR ÖMÜR
Biri vardı, biri yoxdu. Uzaq-uzaq ellərdə, uca-uca dağlar qoynunda, yaşıl-yaşıl ormanlarla əhatələnmiş Qərbi Azərbaycanın Dərələyəz mahalında bir kənd vardı. Adı Qovuşuq idi. Bu kənddə bir ailə vardı, Nabat nənənin ailəsi. Ailə çox da böyük deyildi, ataları Şavo kişi tez rəhmətə getmişdi. Üç oğlu və bir də ana özü idi. Bir oğlunu da itirmişdi, Nabat nənə. Böyük əmim Əli bir yaşında olarkən qucağında erməni basqınından qaçaraq Naxçıvana pənah aparmışlar, ara sakitləşəndən sonra geri dönmüşlər.
O, at belində axşama qədər dağda-daşda, çöldə-bayırda olardı. Zəhmətkeş qadın idi. Hətta bir müddət meşəbəyi də işləmişdir. Nabat nənə gözü-könlü tox bir qadın idi. Qonum-qonşuya həmişə əl tutan Nabat nənə uşaqlarını - Əlini, Məhəmmədi, Kazımı ən çətin zamanlarda - müharibə illərində belə, öz halal əməyi və qazancı ilə saxlamış ac qoymamışdı. Xoşbəxt ana idi. Böyük əmim Əli müharibədən salamat qayıdıb, kənddə ferma müdiri işləyirdi. Məhəmməd əmim kənd sovetinin sədri idi. Kiçik oğlu Kazım - atam isə ali təhsilli müəllim idi.
O, 1933-cü ildə, dekabrın 5-də Qovuşuq kəndində kəndli ailəsində anadan olub. Dediyim kimi erkən yaşlarında atasını itirmiş atam 1940-cı ildə Qovuşuq kənd orta məktəbinin I sinfinə gedib. Bütün uşaqlar kimi qayğısız böyüyüb deyərdim, amma onun da qayğıları olub. Kənd uşaqları kiçik yaşlarından zəhmətə alışdırılırlar. Qoyun-quzu otarmaq, odun - ocaq toplamaq, ot-ələfin yığılmasına kömək etmək, buyuruqları yerinə yetirmək onların işidir.
1950-ci ildə orta məktəbi bitirib, qonşu kənddə Qızılgüldə ( Ayısəsi) 3-4 il müəllim işləmişdir. Bu illər də onun həyatında macərasız ötüşməyib. Dayım Həsənov Abbası bizim kənd məktəbinə direktor göndəriblər. Anam Həcər də onunla bərabər Zəngibasardan Qovuşuğa gəlib və bu zamanlar iki yaş anamdan böyük olan atamı bir dəli sevda çulğayıb. Bu məhəbbət, doğrudan da, bir nağıl, dastan olub. O kəndlərdə yaşayan yaşlı adamlar hamısı bunu bilir. Sonra ali təhsil almaq üçün Bakıya gəlib.1954-cü ildə indiki BDU-ya qəbul olub və 1959-cu ildə oranın coğrafiya - biologiya fakültəsini bitirib. Kəndə qayıtdıqdan sonra kənd məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 50 illik iş təcrübəsinin 30 ili bu məktəblə bağlı olub.
Atam 1955-ci ildə ilk və son məhəbbəti olan anam Həcərlə evlənib. Biz üç qız, dörd oğul övladı dünyaya gəlmişik, amma erkən aylardan oğlanlar nədənsə qalmayıb ölmüşlər.
Kazım müəllim elə dərs deməyə başladığı ildən çox sevilən, şagirdlərinin qəlbində əbədi bir yurd salan müəllim olub. Mən dünyanı dərk edəndən ona kənddə hamının hörmətlə yanaşdığının şahidi olmuşam. Çünki o hər kəsin xeyrinə, şərinə yarayar, həm maddi, həm də mənəvi dəstəyini, köməyini əsirgəməzdi. Xüsusilə gənc ailələri qoruyurdu. Hər zaman nəsihətləri ilə və bəzən də bir ağsaaqqal kimi günahkara acıqlanmaqla böyük bir hadisənin, bədbəxtliyin qarşısını alardı. Qovuşuq gəncləri də sağ olsun ki, çox abırlı-həyalı idilər, böyüklərə hörmətlə yanaşar, sözlərindən çıxmazdılar.
Məktəbimizdə oxuyan uşaqların bir çoxu qonşu kəndlərdən gəlirdi. Çünki orta məktəb bir bizim kənddə var idi. Onlar əvvəllər dövlət tərəfindən kirayəsi ödənilən kənd evlərində qalırdılar. Sonra isə məktəbimizin yanında internat tikildi. Orada bir otaqda qızlar, qalanlarında isə oğlanlar qalırdılar.
Mən böyüdükdən sonra atam hər axşam mənimlə ora baş çəkər, şagirdlərin nədən çətinlik çəkdiklərini öyrənərdi. Mən də qızların otağına gedərdim. Onlar həftəlik yeməklərini evlərindən gətirirdilər. Lazım olanda hansısa otağa kömək də edərdi. Çox mərhəmətli idi, onlara qayğı göstərməkdən zövq alardı.
Müəllim yoldaşları ilə də çox gözəl münasibəti vardı. Bəzən aralarında işlə bağlı söz-söhbət də olardı, amma heç vaxt kin saxlamaz, həqiqət ortaya çıxan kimi də hər şeyi unudardı. Heç müəllimlərimiz də ondan geri qalmazdılar. Səmimi bir ortamda, gözəl bir kollektivdə çalışırdı atam.
Hə, onu deyirdim axı. Nənəm Nabat həmişə fəxrlə deyərdi ki, Əli sağ-salamat geri döndü, Məhəmmədin rayonla bir ad-sanı, hörməti var, Kazımın da əli çörəyə çatıb. Daha nə dərdim var ki?!
Sonra da biz nəvələrini başına yığardı, keçmişdən maraqlı söhbətlər edərdi. Biz də nağıla qulaq asırmış kimi onu dinləyərdik.
Nənəm həmişə ermənilər haqqında deyərdi ki, bunlar həm haramdırlar, həm də zalım. O haram deyəndə erməni qonaqlarımızın ayaq basdığı yerləri az qala qaşıyardı, əl vurduqları hər şeyi su ilə yuyub salavat çəkərdi. Bizi də öyrətmişdi. Zalım deyəndə isə necə əzabla pay-piyada qarlı dağları aşaraq Şərura getdiklərini, yolda çox adamın tələf olduğunu, hansısa qonşu kənddə adamları tövləyə yığıb yandırdıqlarını və s. kimi vəhşiliklərini danışardı. Biz isə onu həvəslə, maraqla dinlərdik. Doğrudan da, elə bilərdik ki, nənəm nağıl danışır və sonda mütləq bir Məlikməhəmməd gəlib hamını bu qaniçənlərin - divlərin əlindən xilas edəcək. Böyüyəndən sonra öyrəndik ki, Məlikməhəmməd olmasa da, belə qəhrəmanlar olub kəndlərimizdə. Öz kəndimizdən də, qonşu kəndlərdən də adlı-sanlı igidlər olub ki, ermənilərə qan uddurublar. Sovet hökuməti qurulandan sonra onları ya həbs edib uzaqlara sürgün ediblər, ya da kənddən didərgin salıblar. Bu gün çox təəssüf edirəm ki, o vaxt nənəmin danışdıqlarını yazmamışam. İndi də yaddaşımı çox silkələsəm də, belə qoçaq şəxslərin adını yadıma sala bilmirəm.
Deyirlər ki, ananın yaşadıqları qızlar üçün borcdur. Bunun nə qədər doğru olub, olmadığını bilmirəm. Amma mənəmin yaşadıqları da atam üçün borc olub. O da 1988-ci ildə noyabrın 22-də həmin yollarla, yəni dağlarla boranlı-çovğunlu bir qış günü (Dərələyəzdə oktyabrın sonlarında artıq qar yağırdı. Aşağılarda olmasa da, yüksəkliklər tamamilə qar olurdu.) Naxçıvana gediblər. Hadisəni atam belə danışırdı.
Hələ də nə olduğunu dəqiq başa düşməyən kənd camaatı rayon mərkəzinə gedir ki, sənədlərini qaydaya salıb sonra kəndi tərk etsinlər. Amma onlar ora çatanda mitinq edən kütlə ilə, başıpozuq saqqallı ermənilərlə qarşılaşırlar. Rayon komitəsi, yəqin ki, kütləvi qırğından qorxaraq kömək edib bu adamları rayondan, yəni Keşkənddən çıxarıblar. Onlar da dağlıq ərazidə yerləşən Zeytə kəndinə, oradan da dağlarla Şərur rayonunun Axura kəndinə gedirlər. Oradan çıxanda bir nəfər qadını bir neçə nəfər də yaşlı kişini Zeytədə qoyublar ki, bəlkə onlar kəndə qayıda bildilər. Bəziləri də tanış taksi sürücüləri vasitəsilə harasa gediblər.13 nəfər, əksəriyyəti kənd məktəbinin müəllimləri isə Naxçıvan istiqamətində hərəkət ediblər. Gecə vaxtı ac-susuz, qarı yara-yara, naməlum bir istiqamətə getmək hər kəsin işi deyildi. Atam maşınla iki saatlıq yolu gecənin qaranlığında dağlarla, izsiz-cığırsız yollarla on iki-on üç saata gəldiklərini və yolda başlarına gələnləri danışdıqca biz ağlaşırdıq. Hətta dağın başından dərəyə enib, səhv getdiklərini anlayaraq yenidən yuxarı qalxarkən çəkdikləri əziyyətə, ağrı acılara dözməyən, ayağını incitdiyi üçün yeriyə bilməyənlər də olub. Hətta: "Bizi burada buraxın, siz gedin, - deyiblər,- sonra adam göndərərsiniz gəlib bizi də apararlar". Ancaq heç kəs buna razı olmayıb. "Axıra qədər bir yerdəyik, qismətimiz nə olursa, olsun", - deyiblər.
Elə dağda çobana rast gələnəcən də nə qədər çətinlik çəksələr də, birlikdə olublar. Çoban onlara yolu göstərəndən sonra gəlib Axuraya çatıblar. Orada da onları necə hörmət-izzətlə, qarşılayıblarsa, bu da bir başqa mövzudur. Qurban olum özcə canıbir, qanıbir millətimə.
Uşaq vaxtı kənd klubunda müharibə filmlərinə baxarkən ən həyəcanlı anlarımızda köməyə gələn sovet əsgərlərini görüb: "bizimkilər gəldilər", - deyə sevinclə qışqırardıq. Bax atam Axuraya çatdıqlarını deyəndə biz hamımız o anların uşaq sevincini yaşadıq. Bax ağla-ağlaya gülmək buna deyərlər.
Onlar yatıb dincələndən sonra da yüz yerə baş vurublar ki, kənddə qalanlara kömək etsinlər. Çox şükürlər olsun ki, sağ-salamat kənd camaatını oradan çıxartdırmağı bacarıblar. O kəndlərdə qalanları soyuqda, boranda başıaçıq, ayaqyalın yük maşınlarına yığıb dağdan tökməyə apararkən Naxçıvandan gedənlər köməyə çatıb.
Atam sadiq partiyaçı, kommunist idi. Sosializmə, kommunizmə inanırdı. Buna baxmayaraq, Sumqayıta gələn kimi: "Bu millət bundan da bir xeyir görmədi", - deyib partiya biletini hirslə cırıb atdı. O həmişə ermənilərə nifrətlə yanaşırdı, bizə deyirdi ki, onlar namərd millətdirlər.
Bir dəfə rayon mərkəzindən pioner toplanışından qayıdanda atama dedim ki, ermənilər məndən soruşdu ki, türksən? Mən də dedim ki, yox, azərbaycanlıyam. Mənə bərk acığı tutdu. Dedi ki, onlar türkün özü nədir, adından belə it kimi qorxurlar. Biz elə əslində türkük də. Bir də belə bir şey olsa, "bəli" de.
Bax belə bir kişi idi mənim atam.
O, 1988-ci ildən ömrünü-gününü Sumqayıta bağladı və ömrünün 20 ilini də 16 saylı məktəbdə ixtisası üzrə müəllim işləyərək yenə də şagirdlərlə, onların uğurlarının sevinci ilə yaşamağa başladı. Yenidən valideyn, şagird məhəbbətini, sevgisini, həmkarlarının hörmətini qazandı. Bu mühitə, bu yerlərə uyğunlaşmağa çalışdı və buna nail də oldu. Amma düşünürəm ki,
ilk qəriblik hissini nə vaxt keçirmişəm, görəsən?
Lap yaxşı yadımdadır. Hələ onda 7-ci sinfi qurtarmışdım. Kənd yaylağa köçmüşdü. Mən də atamın dayısı qızı Rəhilə ilə birlikdə mal-heyvanı yaylağa aparmışdıq. Həmin qəriblik hissini də onda “Yoğun Burnun"da (dağ adı) əyləşib kəndə - evimizə baxanda keçirmişdim. Anamın pilləkənlərlə aşağı düşüb-qalxmasını seyr etdikcə bu mənzərəni gözlərimdə gizlətməyə, qəlbimə köçürməyə çalışardım, özümü ağlamaqdan güclə saxlayırdım. Çünki mən artıq "böyümüşdüm". Böyüklər isə belə “kiçik” şeylər üçün ağlamazdı. Elə düşünürdüm ki, evdən uzaq düşmək ancaq uşaqlar üçün çətindir, böyüklər harada istəsələr, yaşaya bilərlər. Nə qədər uşaqcasına bir düşüncə, nə qədər bəsit bir fikir. Demə, uşaqlar ailəni istəyirmişlər: isti ana nəfəsini, ata nəvazişini, mehriban nənə qucağını, əyləncəli bacı qısqanclığını arzulayırmışlar. Bu hələ qəriblik deyilmiş, onu yaşamaq nə qədər də ağır imiş. Mən bunu 1989-cu ildə ilk dəfə anladım. Hansı ki bu zaman o vaxtkı uşaq düşüncələrimə görə heç də qərib deyildim. Böyümüşdüm, Azərbaycanda idim və bütün yaxınlarım da yanımda idi. Amma atam, anam 1988-ci ildə bura-yanıma, Sumqayıta gələndən sonra da biz qərib idik: vətənsiz qərib, dağlarsız qərib, çaylarsız qərib, Dərələyəzsiz, Qovuşuqsuz qərib.
Mən əsl qəribliyi valideynlərimdən kəndimizlə, elimiz-obamızla bağlı hadisələri səsləri boğula-boğula, dodaqları titrəyə-titrəyə, gözləri dola-dola danışanda hiss etdim. Bir daha göylərlə savaşa girən o dağları, insan hənirtisinə həsrət qalan o yurdları, tərtəmiz mavi donlu o səmanı, qıjıldayıb axan, şaqraq nəğmələr söyləyən o cayları, zümzüməsi ilə layla çalan o bulaqları, insan ruhunu oxşayaraq saçlarına sığal çəkən səhər mehini bir daha görməmək idi qəriblik.
Vətən həsrəti ilə alışıb yanan atam bir ara ürək xəstəliyindən əziyyət çəkdi, sonra isə ciyərləri ona xəyanət etdi. O bu hissləri yaşadı, bu hisslərlə də həm bu acımasız dünyanı, həm də bizləri 1919-cu ildə, yanvarın 17-də tərk edib getdi.
Atam – Elinə-gününə sadiq, qəlbi, ruhu şəfa qaynağı, ürəyi şagirdlərinin sevgisi ilə aşıb-daşan bğyük İnsan, səni sevməmək, sənə pərəstiş etməmək və səni bir an unutmaq mümkün deyil.
Düzdür, 85 il yaşamaq hər kəsin işi deyil. Özü də gözəl yaşadın, halal çörək yedin və övladlarına da beə halal qazanc yedirtdin, halal yaşamağı öyrətdin. Bacardığın qədər keçmiş SSRİ- ni və Zaqafqaziyanı gəzdin. Bizlərin də, yəni ailənin və övladlarının da kiməsə həsədlə baxmağına imkan vermədin. Amma bütün bunlara baxmayaraq, sənin bizi tərk etməyinə alışmaq heç də asan olmadı. Axı ata ilə ananın yaşı olmur.
Atam biologiya-coğrafiya müəllimi olduğu üçün idi, yoxsa Allah onu belə yaratmışdı, bilmirəm. Təbiəti çox sevirdi və bu sevgini bizə də aşılayırdı. Çox mərhəmətli, qayğıkeş idi. Fənnini sevən, təbiətin hər nəfəsini duyan, uşaqlara sonsuz məhəbbətlə bağlı bir insan, bir müəllim idi. Onun üçün müəllimlik sadəcə bir peşə deyildi — həyatın özü, ruhunun işığı idi. Hər dəfə sinfə girəndə üzündə bir işıq yanar, elə bil yenidən gəncləşərdi. Öz üzərində işləməyi sevirdi; hər yeni bilik onu daha da gücləndirirdi.
Yadımdadır, hər səhər tezdən dərs oxuyar, sonra məktəbə gedərdi. Bir dəfə ona dedim ki, sən 30-40 ildir ki, müəllimsən, amma yenə oxuyursan. Sənin yerinə kim olsa idi, çoxdan bütün dərslikləri əzbərləmişdi. Heç nə demədi. Üzünə bir təbəssüm yayıldı. Astaca başını buladı və dodağının ucunda gülümsədi. Sonra başını bulaya-bulaya getdi. Adəti idi, cavab vermək istəməyəndə belə edərdi. Çox
Çox sonralar, özüm müəllim olanda başa düşdüm onu. Bu elə bir sənət idi ki, şagirdlərin qarşısında çətinlik çəkməmək üçün, açığı, utanmamaq üçün həyatın boyu oxuyub öyrənməyə, öz biliyini genişləndirməyə məcbur və ya məhkumsan.
Yaxşı oxuyan uşaqları sevirdi. Onları elə fərəhlə süzürdü ki, adam iki göz də satın alıb baxmaq istəyirdi bu sevincə, üzdəki bu ifadəyə.
Bizə ən çox dediyi söz, məsləhət bu idi:
-Oxuyun, özünüzə bir gün ağlayın. Bu dar sərhədlərdən geniş dünyaya çıxmağın yolu da budur. Bilik sizə qanad verər, sizi ucaldar və istədiyiniz mərtəbəyə qaldırar...
Amma ardınca tez də əlavə edərdi:
-Amma təkcə oxumaq azdır, eyni zamanda təlim-tərbiyə də mütləq olmalıdır. Bu ikisi qoşa qanaddır. Birlikdə olarlarsa, biri başınızı ucaldar, o biri yolunuzu işıqlandırar.
Atam anatomiyanı dərindən bilirdi, hər detala hakim idi. Bəlkə də buna görə, o yalnız müəllim deyil, həm də xalq təbabətinin incəliklərini öyrənmiş, insanlara qarşılıqsız kömək etməyi özünə borc bilən bir şəxsiyyət, alim idi. Ona görə alim deyirəm ki, həyatda insana lazım olan hər elmdən xəbərdar idi. Bütün sınıqları, çat və çıxıqları düzəldər, dağlardan yığdığı otlarla məlhəm düzəldər, anadangəlmə sümük qüsurlarını belə təmənnasız müalicə edərdi. Onun elmə və insanlara olan sevgisi bir-birinə bağlı idi; birinin işığında digəri parlayırdı.
Evimiz həmişə qonaqlı-qaralı olardı. Qapımız açıq, süfrəmiz bərəkətli idi. Allah verəndən nə olsa, süfrəmizə düzülər, gülərüzlə qonağı qarşılayıb, yola salardıq. Süfrə başında həmişə söhbət, gülüş, səs-küy olardı, amma yemək zamanı səs-küy kəsilər, hamı dinməzcə yeməklə məşğul olardı.
Atamın bir sözü də həmişə qulağımda səslənir:
“Çörək verən kişi özü də başqasının çörəyini yeməkdən utanmaz. Süfrənizi kimliyindən asılı olmayaraq, hər kəsə açın ki, hər eldə- obada bir eviniz olsun". Bütün bu sözlərin mənasını böyüyəndən sonra anladım. Anladım ki, bu sözlərlə o bizə paylaşmağı, qonaqpərvərliyi, insanların bir-birinə dayaq olmasının gözəlliyini öyrədirmiş.
Atam üç qız övladını xüsusi bir məhəbbətlə sevirdi. Düzdür, bütün atalar öz övladlarını sevir. Övladlar da atalarını hamıdan güclü bilir. Amma mənim atamın sevgisi fərqli idi, bir başqa idi. Hələm-hələm istəyini üzə vurmazdı. Amma biz onun gözlərindən sevgisini də, sevincini də, qəzəbini də duyardıq. Bizim haqqımızda bir tərif, xoş söz eşidəndə, xalq arasında deyildiyi kimi, çiçəyi çırtlayırdı, çox sevinirdi. Biz də bütün varlığımızla ona layiq qızlar olmağa çalışırdıq ki, həmişə o məsum sevincin izləri üzündən çəkilməsin.
Onu ilk dəfə görənlər sakit, mülayim bir insan olduğunu düşünərdilər. Atamla münasibəti olan nadir insan, böyük şair rəhmətlik Məmməd Aslan onu "İpək kələfi" adlandırırdı. Əslində çox hirsli idi. Yanlışı bağışlamırdı. Çalışırdıq ki, hər hərəkətimizə diqqət edək. Amma hirsi də, qəzəbi də tez ötürdü. Sonra da heç nə olmamış kimi danışıb-gülürdü. Axır ki, onun sevgisində bir az ötkəmlik, bir az inam, bir az eqo, bir az da fəxr vardı. Üstəlik səmimiyyət, qətiyyət və izah olunmayan bir güc… Elə bil o bizimlə görür, bizimlə eşidir, bizimlə duyur — bir sözlə, bizimlə nəfəs alırdı.
Atamın ən gözəl xüsusiyyətlərindən biri də hamının yaxşılığını ürəkdən istəməsi idi. Kimsə bir işdə uğura nail olsa, elə bil özü qazanmış kimi sevinir, fərəhlənirdi. Deyərdi: “Başqasının sevincinə sevinən insanın qəlbi geniş olar. Qarşısına həmişə yaxşı insanlar çıxar.”
Yeri gəlmişkən, kiçik-küçük istisnaları çıxmaq şərtilə, doğrudan da, həyatım boyu qarşıma həmişə gözəl insanlar çıxıb. Bunun üçün sənə minnətdaram. Öyrətdiklərin, şəxsi nümunəndən gördüklərim, götürdüklərim üçün də çox sağ ol, ata! Təşəkkür edirəm.
Bizə öyrədirdi ki, zəriflik, incəliklə bərabər, hər bir qız etdiyi hərəkətin məsuliyyətini daşımalı, özünə hesabat verməlidir ki, hər hansı səhvindən, yersiz hərəkətindən utanıb bir daha təkrar etməsin. Eyni zamanda, qızlar həm də cəsarətli olmalıdır. Cəsur olun, heç vaxt qorxaq olmayın. Qadın haqqını bilməli, özünü müdafiə etməyi bacarmalı və lazım olanda sözünü deməlidir.
Kişilərdə isə doğruluq və mərdlik onun üçün ən yüksək dəyər idi. Yalanı, riyanı, əliəyriliyi qətiyyən sevməzdi. Deyərdi:“Kişinin gücü biləyində deyil, sözünün düz olmasındadır.”
O haqqa dayanar, haqqı nahaqqa verməzdi. Məktəbdə də bizi digər uşaqlardan seçməzdi — hər kəs onun üçün bərabər idi.
Atam gözəl bir müəllim, qayğıkeş ata, elmə sadiq alim, insanlara sevgi və mərhəmət saçan nadir insandı. O, bir müddət üçün deyil, bir ömür üçün örnək, bir insan üçün ilham qaynağı idi. Onun dedikləri, onun sevgisi və mərhəməti hələ də həyatımıza işıq saçır. Bizə öyrətdiyi təkcə yaşamaq yox, düz yaşamaq, haqqla yanaşı durmaq, insanlıqdan dönməmək idi.
Atamın şəxsiyyəti, sevgisi, yaşam tərzi və həyat dərsləri ürəyimizə bax beləcə hopub, bizim bu gün də əqidəmiz, amalımız, yaşayışımız onun istədiyi kimidir, eyni zamanda bizim də!
Sən üç qız böyüdüb, ali təhsil vermisən, ev-eşik sahibi eləmisən. Saysız şagirdinin qəlbində yurd salmısan, hər bir insana örnək olaçaq bir həyat yaşamısan. Sən dindar deyildin, amma Allaha inanırdın. Həyatın boyu da Allahın yolundan bilərək, bilməyərək çıxmadın.
Düzdür, hər şeyin yaxşısını Allah bilir. Amma sənin kimi insanların yeri behiştdir.
Kazım müəllim, səndən sonra mənim üçün çox çətin oldu. Sandım ki, hər şey qurtardı, sanki zaman dayandı mənim üçün. Amma insan çox dözümlü olurmuş. Zamanla hər şeylə barışdım, bircə sənin o gülümsər simanı, hirslənəndə titrəyən, xəfif təbəssümlü dodaqlarını, sənin varlığını, səsini, nəfəsini, zarafatlarını unuda bilmədim.
Ata, sən şagirdlərinin, səni tanıyanların, sevənlərinin, qohum-əqrabalarının, ailənin, qızlarının qəlbində əbədi yaşayacaqsan. Biz olduqca, nəvələrin yaşadıqca sən də bizimlə birgə yaşayacaqsan, əziz ata.
Allah sənə rəhmət eləsin, məkanın nurlu olsun, Kazım müəllim!!! Rahat uyu, Ata!!!
Bütün nağıllar xoşbəxt sonluqla bitir. Hətta sonunda göydən üç alma düşür və hər kəsə bu almalardan pay düşür.
İnşallah, bizim nağılımız da Dərələyəzə, əzəli-əbədi torpaqlarımıza, yurd-yuvamıza qovuşanda bitəcək, əziz ata. Onda sənin də ruhun hüzur tapacaq.
Gövhər Zülfüqarova
Dərələyəz mahalı Keşkənd rayonu Qovuşuq kənd icmasınının sədri 




