ZƏNGƏZUR TORPAĞININ YETİRMƏSİ
ZƏNGƏZUR – adı gələndə qəlbimizdə bitib-tükənməyən yurd həsrəti baş qaldırır, gözümüzdə dağların başına dolanan duman, qarlı zirvələr, saf, sərin və gur sulu bulaqlar, al-əlvan çiçəklərlə bəzənmiş cənnət yaylaqlar, ağ örpəyə bürünərək qış yuxusuna gedən meşələr canlanır, qulağımızda saz-söz havaları, dağların qoynundan şırhaşırla axan çayların coşğusu, babaların xatirələri, nənələrin duaları, çobanların avazı cingildəyir. Hər daşı, hər qayası bir tarix olan Zəngəzur, təkcə coğrafi anlayış deyil, o əsrlərin sınağından çıxmış, odlu-alovlu müharibələrdən, köçlərdən keçmiş, lakin yenə də mətanətini itirməmiş bir ana kimidir. Hər qarışında bir iz, hər ağacında bir nəfəs, hər cığırında bir ömür qoruyan, öz övladları üçün darıxan vüqarlı bir ellikdir, qədim türk yurdudur. Bu ulu torpağın yetirdiyi insanlar arasında elələri var ki, onların ömür yolu yalnız bir ömrün deyil, bütöv bir xalqın, millətin tarixinə işıq salır. Onlar Zəngəzurun sərt təbiəti qədər möhkəm, bulaqları qədər saf, dağları qədər uca insanlar olublar. Həyatlarını xalqına, dövlətinə, mədəniyyətinə, ədalətinə həsr etmiş bu şəxsiyyətlər yaddaşlarda silinməz izlər buraxıblar. Bu sırada adı çəkiləcək öncüllərdən biri də xeyirxah və səxavətli insan, İkinci Dünya müharibəsi qəhrəmanı, Zəngəzur elinin ağsaqqalı Şəmşi Nuru oğlu Rəhimovdur.
Ş.Rəhimov 18 dekabr 1924-cü ildə Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Gödəkli kəndində müəllim ailəsində anadan olub. Həddən artıq tələbkar, savadlı, xeyirxah, xalqını, millətini sevən atası Nuru müəllim Yuxarı Gödəkli kəndindəki 7 illik məktəbdə rus dilindən dərs deyirdi. Gendən gələn bu istedad və xeyirxahlıq övladı Ş.Rəhimova da siraət etmişdi. Belə ki, o, kənddə 7 illiyi bitirdikdən sonra Bakıya gəlmiş, texniki peşə məktəbinə daxil olmuş, oranı bitirdikdən sonra isə yenidən kəndə qayıdaraq müəllim kimi ilk əmək fəaliyyətinə başlamışdır. Lakin onun arzuları tamam başqa idi. Kiçik yaşlarından xarakterində qapalılıq, ciddilik olduğundan düşüncələrini, ürəksözünü heç kim bilməzdi. Uşaqlıq illərindən hərbçi olmaq istəyini isə sonralar yaxınlarına söyləmişdi. Gözəl deyilib: “Niyyətin hara, mənzilin ora”. Ürəyindəki niyyətinin reallaşması İkinci Dünya müharibəsinin başlanması ilə sanki bir qədər tezləşdi. Amma dövrün tələblərinə uyğun olaraq Nuru müəllimin ailəsindən müharibəyə Ş.Rəhimovdan iki yaş böyük olan qızı Sürəyya xanım qatılmalı idi. Azərbaycanlı kişiyə, ataya xas xarakterə sahib olan Nuru müəllim, şübhəsiz ki, buna icazə vermir, Şəmsi ilə Sürəyyanın təvvəllüd tarixlərini dəyişərək işin gedişatına müdaxilə edir: qızı Sürəyyanın deyil, çətin də olsa, oğlu Şəmsinin müharibəyə getməsinə razılıq verir. Sürəyya xanım isə həmin illəri belə xatırlayır: “Atam Şəmsidən çox nigaran qalmışdı. İki dəfə yaralanması xəbərini eşidincə daha da üzüntü keçirirdi. 1944-cü il idi. Kənd sovetinin sədri rayon mərkəzindən xoş bir xəbər gətirdi. Şəmsi Taqanroq uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdu. Bu, atam üçün böyük fərəh idi, onun adını hər yerdə iftixarla çəkirdi. Hər dəfə Şəmsidən məktub gələndə atamı beləcə sevinən görmüşəm…”
1941-ci ildə hərbi xidmətə çağırılan Ş.Rəhimov Bakıda Ümumqoşun Komandirlər məktəbinə daxil olur və qısa müddət ərzində oranı müvəffəqiyyətlə bitirir. Ardınca isə zabit rütbəsi alaraq ordu sıralarına qatılır.
Vətənpərvər ruhda böyüyən Ş.Rəhimovun döyüş yolu 1942-ci ildə Novorossiyskdən başlayır. Hərbi sirlərə dərindən bələd olan, özünəməxsus döyüş taktikası ilə nəinki yaşıdlarından, hətta təcrübəli hərbçilərdən seçilən Ş.Rəhimov Donbas, Zaporojye, Jitomir şəhərlərinin, həmçinin Polşanın faşist işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə birbaşa iştirak edir. Novorossiyskdən Berlinə qədər uzun və ağır cəbhə yolu keçən Ş.Rəhimov müharibə zamanı üç dəfə yaralanmasına baxmayaraq, yenidən döyüşlərə qayıtmış və Taqanroq uğrunda gedən həlledici mübarizədə böyük şücaət göstərmişdir. Müharibə zamanı ağır piyada alayına rəhbərlik edən leytenant Rəhimov Oder çayından Elba çayına qədər hücum döyüşləri müddətində tağım komandiri kimi xüsusi cəsurluq və rəşadət nümayiş etdirmişdir.
Gərgin döyüşlər davam etsə də, artıq müharibənin son və həlledici dönəminə qədəm qoyulduğu 1945-ci ilin yazında, daha dəqiq desək, aprel ayının sonlarında Vrizen və Postdam şəhərləri uğrundakı döyüşlərdə Ş.Rəhimov yenə misilsiz şücaət göstərərək ordunu arxasınca qələbəyə doğru inamla aparmaqda idi. Belə ki, 18 aprel 1945-ci ildə Vrizen şəhəri uğrunda gedən döyüşlərdə leytenant Ş.Rəhimovun tağımı bölük birincisi olaraq şəhər ətrafında kanaldan əldə edilmiş vasitələrlə keçid təşkil edərək küçə döyüşlərinə qatılmış və düşmən səngərlərinin birinci xəttini ələ keçirmişdir. Güclü artilleriya və minaatan atəşinə baxmayaraq, Ş.Rəhimov tağımını hücuma qaldıraraq şəhərə çatır. Vrizendə şəhər döyüşləri zamanı Ş.Rəhimov və onun tağımı 25-ə qədər alman əsgər və zabitini öldürmüş, daha üç alman əsgərini isə əsir götümüşdür. Bundan əlavə, 4-cü atıcı bölüyün komandiri baş leytenant Matiaşvili öldürüləndə Rəhimov bölüyə komandanlığı şəxsən öz üzərinə götürərək əlbəyaxa döyüş zamanı tapançası ilə üç faşisti öldürməyə müvəffəq olmuşdur.
Son və həlledici döyüşlərdən biri isə yuxarıda qeyd etdiyimiz kimi Postdam şəhəri uğrunda idi. 1945-ci ilin 27 aprelində baş tutan döyüş zamanı Ş.Rəhimovun bölüyü şəhər mərkəzinə olan hücumda iştirak etmiş və özü isə şəxsən bir neçə dəfə əsgərlərlə bərabər çiyin-çiyinə hücuma keçmişdir. Yüksək əzmkarlıq nümayiş etdirən Ş.Rəhimovun bölüyü Berlindən qərbdə alman ordusunun yarılmış qruplarının aradan qaldırılması üzrə döyüşlərdə 300-dən çox alman əsgər və zabitini əsir almışdır.
Nəhayət, müharibə bitdikdən sonra faşizm üzərində qazanılan parlaq qələbədə böyük pay sahibi olan Ş.Rəhimov qürurla doğulub boya-başa çatdığı doğma kəndinə qayıdır. O kənd ki, 3 ildir ondan ayrı, həsrətində olduğu, döyüş zamanı yeri gəldikdə güc aldığı Yuxarı Gödəkli idi. Darıxan təkcə Ş.Rəhimov deyildi, ailəsi, sevdikləri, dostları, elə Yuxarı Gödəkli kəndi özü də… Yurduna qırılmaz tellərlə bağlı olan Şəmsi müəllim işləri ilə əlaqədar oradan uzaqlaşsa da, elə bir il olmazdı ki, yay aylarında kəndinin, doğmalarının görüşünə getməsin. Hər dəfə Qafan rayonuna gələndə qohumlarını arayıb-axtaran, onlarla bir süfrə başına yığışaraq keçmiş günləri xatırlayan, “bu dağlar üçün çox darıxıram” deyən Rəhimov mütləq Zəngəzur dağlarında – Xustub və Qapıcıqda gəzər, bulaqlardan su içər, Süsən meşəsini, Qazan gölünü seyr edərdi. Lakin 1988-ci ildən etibarən açıq şəkildə azğınlaşan ermənilər bu imkanı da ona çox gördülər. O, bir daha əziz və sevimli torpağına, yayı-qışı tez-tez getdiyi Zəngəzur dağlarına qayıda bilmədi. Rəşid Təhməzoğlunun təbiri ilə desək, bir ovçu kimi təbiətin qoynuna çıxa bilmədi.
İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəsə hörmət bəsləyən Ş.Rəhimov o zaman Xankəndidə bir azərbaycanlının üzərinə benzin tökülərək diri-diri yandırılması xəbərini eşidən zaman ermənilərə olan münasibətini köklü şəkildə dəyişərək həyat yoldaşı Rəfiqə xanıma demişdir: “Son zamanlar mənim bu ermənilərdən heç gözüm su içmir. Ürəyim mənə onların böyük bir fəlakət törədəcəyini xəbər verir”. Qeyd etmək yerinə düşər ki, Xandəndidəki baş vermiş hadisə ilə bağlı oraya Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyən Heydər Əliyev və Şəmsi Rəhimov getmişdi. Onlar milli zəmində qətl törətmiş xeyli ermənini məsuliyyətə cəlb etdikdən sonra mənfur düşmənin səsi kəsilmişdi. Onun istər gənc yaşda göstərdiyi igidlik və rəşadət, istərsə də dövlət orqanlarında və ictimai işlərdəki əməyi isə cavabsız qalmadı. Belə ki, Taqanroq uğrunda gedən ağır döyüşlərdəki qəhrəmanlığına görə “Qızıl ulduz” ordeni, hücum döyüşlərində göstərdiyi şəxsi cəsurluq, təşəbbüs və bölüyün idarə edilməsinə görə leytenant Rəhimov həm də “Qırmızı bayraq” ordeni ilə təltif edildi. Bundan başqa, Ş.Rəhimov həm qüsursuz xidmətinə, həm də 40 yaşının tamam olması münasibətilə 1964-cü ildə ikinci dəfə “Qızıl ulduz” ordeninə layiq görülərək mayor rütbəsinə yüksəlmişdir. Ümumilikdə isə Şəmsi müəllim Azərbaycanın hərbi və ictimai-siyasi həyatında fəal və aparıcı rol oynayan zabitlərdən biri kimi ümumilikdə 14 medalla təltif edilmişdir.
Müharibədən sonrakı dövrdə 24 yaşlı gənc Ş.Rəhimov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sıralarında xidmətini davam etdirərək DTK polkovniki rütbəsinə qədər yüksəlmiş, 1949-1960-cı illərdə SSRİ DTK-nin Zaqafqaziya Hərbi Dairəsi üzrə xüsusi şöbəsində baş əməliyyat müvəkkili kimi çalışmışdır. 1950-ci ildə SSRİ DTK-nin ali məktəbini, 1956-ci ildə isə indiki Bakı Dövlət Universitetinin qiyabi Hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdir. O, təcrübəli və mükəmməl hərbçi olmaqla yanaşı, həm də savadlı hüquqşünas idi. Belə ki, diplom müdafiəsindən sonra ellisi və yaxın dostu, İkinci Dünya müharibəsi veteranı Hüsü Həsənovla söhbət zamanı aşağıdakı xoş xatirəsini belə nəql etmişdir: “Komissiyanın üzvləri məni təbrik edib dedilər ki, baxmayaraq biz sizə dərs demişik, müdafiədən sonra başa düşdük ki, siz həqiqətən namizədlik işi yazmısınız. Həm də çox aktual mövzudur. Rəhbərim mənə dedi ki, icazə versəniz sizin diplom mövzunuzdan və işinizdən doktorluq dissertasiyası yazardım. Mən də razılıq verdim. O zaman komissiyanın üzvlərinin hamısı bir daha məni təbrik edərək müvəffəqiyyət arzuladılar”. Bəli, Ş.Rəhimov oxuduğu, çalışdığı, rəhbərlik etdiyi hər sahədə bu cür uğurlu və sevilən insan idi. O, böyük bir nəslin, qafanlıların dili ilə desək, böyük bir “tayfanın” atası, ağsaqqalı, həmçinin hamının inandığı, güvəndiyi şəxs kimi xüsusi hörmətə sahib idi. Ulu öndər Heydər Əliyev xalqın israrlı istəyi ilə hakimiyyətə ikinci dəfə gəldikdən sonra ətrafında etibarlı, işini dəqiq bilən insanları cəmləmişdi. Onun arxalandığı şəxslərdən biri də məhz polkovnik Şəmsi Rəhimov idi. H.Əliyev 1994-cü ilin 8 yanvarında onu Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarənin rəisi vəzifəsinə təyin etdi. 9 ay müddətində bir çox terror aktlarını açmış Ş.Rəhimov metropolitendə olan hadisələrdə, xüsusilə bağlı qalmış cinayətlərin açılmasında mühüm işlər görmüşdür.
Lakin xalqına, dövlətinə var qüvvəsilə xidmət edən peşəkar ali zabit 1994-cü ilin 29 sentyabrında mövcud hökumətə qarşı terror aktı törədən cinayətkar qrup tərəfindən hazırlanan amansız sui-qəsd nəticəsində qətlə yetirildi. Qanlı-qadalı müharibənin od-alovundan salamat çıxan Şəmsi müəllim düşmən gülləsi ilə deyil, öz Vətənində namərd gülləsi ilə yaşadığı binanın pilləkənlərində açılan atəşlə şəhidlik zirvəsinə ucaldı. Təəssüf hissi ilə qeyd edirik ki, dövlətçiliyimizə vurulan bu zərbə başda Ş.Rəhimovun ailə üzvləri olmaqla, onu sevən hər kəsi, ümumilikdə isə xalqımızı dərindən sarsıtdı. Dövlətimiz elin qeyrətli və vətənpərvər oğlunun adını uca tutaraq onun Birinci Fəxri xiyabanda dəfn olunmasını, yaşadığı binaya barelyefinin vurulmasını, həmçinin Bakının Nərimanov rayonunda geniş bir küçəyə Ş.Rəhimovun adının verilməsi qərarını həyata keçirdi. Biz gənclərə örnək olan insanlıq budur, mərdlik budur, peşəkarlıq budur, vətənsevərlik budur! Bizim borcumuz isə ondan öyrənmək və Vətən oğlunun, fədakar zabitin ruhu qarşısında baş əymək, rəhmət oxumaqdır.
Şəmsi müəllim dünyapərəst, ondan ikiəlli yapışanlardan deyil, gözü, könlütox, mənfəətə tamah göstərməyən insanlardan idi. Amma dünya gözü ilə həyata keçirmək istədiyi bir böyük arzusu var idi: yenidən ata-baba yurdu Zəngəzura, Qafana getmək, oranın füsunkar və sehrli təbiətinin qoynunda dolaşmaq, yenidən o dağların seyrinə çıxmaq. Amma yağı düşmən onun arzularını ürəyində qoydu. Ş.Rəhimov bu dünyadan Zəngəzur həsrəti ilə ayrıldı. O, həmişə el şənliklərində, hüzn mərasimlərində deyirdi: “Heyif o ellər, obalar, torpaqlar, Vətən. Vaxt gələcək o yerlərə qayıdacağıq. Biz getməsək də, bizim övladlarımız mütləq gedəcək. Zaman gələcək mənfur qonşular etdikləri vəhşiliklərə görə qanun qarşısında cavab verməli olacaqlar”. Rahat uyu, cənab zabit! Müzəffər ordumuz artıq doğma Qarabağımızı azğın qəsbkarlardan azad edib, Zəngəzurun isə bircə addımlığındayıq. Ali baş komandanın düzgün və məqsədyönlü siyasəti sayəsində əzəli və əbədi torpaqlarımıza qovuşmağa sayılı günlər qalıb. Bəlkə, bu gün, bəlkə, sabah, amma əlbət bir gün…





Jalə Rüstəmova
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Elmi işçi
