Mədəniyyət - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

MƏRKƏZƏ QƏRBİ AZƏRBAYCANA MƏXSUS DƏYƏRLİ XALÇA HƏDİYYƏ OLUNDU
Qərbi Azərbaycan xalçaçılıq sənəti Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin mühüm tərkib hissəsidir. Tarixən Göyçə, Dərələyəz, Zəngəzur, Vedibasar və digər bölgələrdə toxunan xalçalar özünəməxsus naxışları, rəng çalarları və sənətkarlıq xüsusiyyətləri ilə seçilmiş, nəsildən-nəslə ötürülərək xalqın tarixi yaddaşını yaşatmışdır. Bu xalçalar yalnız məişət əşyası deyil, həm də qədim yurd yerlərimizin etnoqrafik və mədəni irsini əks etdirən qiymətli sənət nümunələri hesab olunur.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə Qərbi Azərbaycana məxsus dəyərli xalça hədiyyə olunub.

Məlumata görə, xalça 1968-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Ələyəz kəndində Cəfərova Tamam Müseyib qızı tərəfindən toxunub. Uzun illər ailə yadigarı kimi qorunub saxlanılan xalça sonradan Cəfərova Tamam tərəfindən gəlini Cəfərova Mahirə Əyyub qızına verilib.

Ailə ənənəsinə uyğun olaraq qorunan bu qiymətli sənət nümunəsi 2026-cı ildə Cəfərova Mahirə tərəfindən qardaşı qızı Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənovaya hədiyyə edilib. Könül xanım isə öz növbəsində ailə yadigarını gələcək nəsillər üçün qorunması və tədqiq olunması məqsədilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə təqdim edib.

Mərkəzdən bildirilib ki, bu cür maddi-mədəni irs nümunələrinin toplanması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması Qərbi Azərbaycanın tarixi-mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Araşdırmalar Mərkəzinə təqdim olunan xalça həm sənətkarlıq xüsusiyyətləri, həm də qoruyub saxladığı ailə və yurd yaddaşı baxımından xüsusi dəyərə malikdir. Bu kimi nümunələr Qərbi Azərbaycan irsinin öyrənilməsi və təbliği istiqamətində aparılan fəaliyyətə mühüm töhfə verir.

QƏRBİ AZƏRBAYCANDA TEATR
İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1880–1949)

İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim edib öyrənmək lazımdır. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin İrəvan Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.

Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı. Vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlarında meydan tamaşaları, “Kosa-kosa”, “Qaravəlli” və müxtəlif mərasim oyunları göstərilirdi.

1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” pyesini tamaşaya hazırlayıb. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən Mizrə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi İsmayıl (Hacı Fərəc) oynayıblar. Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. Teatr prosesini unudulmağa qoymayan ilk növbədə Məşədi İsmayıl olub və o, 1883-cü il mart ayının 10-da İrəvan sakini Rzayevin “Könülsüz nigah” birpərdəli didaktik pyesini tamaşaya qoyub. İki il sonra görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. Onlar Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşaçılara göstərilməsinə nail olublar.

İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (21 mart 1888), təkrar quruluşda “Müsyö Jordan və dərviş Məstəli şah” (4 aprel 1890), “Hacı Qara” (20 oktyabr 1894), Rzayevin “Könülsüz nikah” (17 fevral 1890), Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” (10 may 1892), “Qırt-qırt” (30 noyabr 1893), Sultanməcid Qənizadənin “Dursunəli və ballıbadı” (7 mart 1895) pyesləri tamaşaya hazırlanıb. Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstəriblər.

Səhnəyə ilk dəfə 1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən Yunis Nuri 1890-cı ildən rejissor və aktyor kimi aparıcılığı ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə daha çox göstərilməsinə nail olub. Pənah xan Makinski isə səhnə həvəskarlarını xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil edib. İyirminci əsrin əvvəllərində isə teatr tamaşaları “İctimai yığnaq” (“Ziyalılar klubu” da deyilib), Canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. Artıq müəyyən birlik yaranmış truppada Hüseyn Salmanov, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfibəyov, Kərim Əhmədov, Əli Məhzun Əkbərov, Mir Abbas kimi həvəskar aktyorlar vardı.

1900–1917-ci illərdə İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən İrəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəylinin İrəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib.

Məhz həmin dövrdə İrəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr müxtəlifliyi genişlənib. Repertuarda Nəriman Nərimanovun “Nadir şah”, Yevgeni Çirkovun “Yəhudilər”, Jan Batist Molyerin “Zorən təbib”, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (1910. Rejissor Yunis Nuri), Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” (25 iyul 1910. Rejissor Hüseyn Ərəblinski), “Bəxtsiz cavan” (4 fevral 1911. Rejissor Yunis Nuri), Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (10 may 1911. Rejissor Sidqi Ruhulla), Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan” (22 noyabr 1912. Rejissor müəllif özüdür), Aleksandr Ostrovskinin “Kimdir müqəssir?” (25 iyul 1913. Rejissor Yunis Nuri), Üzeyir Hacıbəylinin “Məşədi İbad” (19 avqust 1916. Rejissor Rza Şeyxzadə) əsərlərinin maraqlı, teatrsevərlər tərəfindən rəğbətlə qarşılanan tamaşaları əsas yer tutub. Bakıdan və Tiflisdən fərqli olaraq səhnəyə azərbaycanlı qızı İrəvanda daha erkən çıxıb. Qəssab Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi.

1918–1927-ci illər İrəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. İyirminci əsrin əvvəllərində tamaşaya qoyulmuş məşhur əsərlər təkrar və daha kamil quruluşlarda tamaşaya hazırlanıb. Eyni zamanda repertuarda Yunis Nurinin quruluşunda Hüseyn Cavidin “Şeyda” (18 mart 1926), Bağır Cabbarzadənin quruluşunda Şəmsəddin Saminin “Dəmirçi Gavə” (7 iyun 1924), Cəlil Məmmədquluzadənin “Ölülər” (20 iyul 1924), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (30 avqust 1924), Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” (10 may 1927) tamaşaları mühüm yer tutub. Teatr dəstəsi öz tamaşalarını İrəvan şəhərindən başqa, azərbaycanlıların qədim atababa torpaqları olan Zəngəzur, Göyçə, Vedibasar, Uluxanlı mahallarında da göstərib. 1928-ci il mart ayının 15-də “İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə” dövlətin qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılıb. Truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin “Zorən təbib” komediyası seçilib. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii-estetik cəhətdən daha sanballı mərhələsi başlanıb.

On il ərzində teatr Cəfər Cabbarlının “Aydın” (14 avqust 1928), “Sevil” (16 dekabr 1929), “Almaz” (14 noyabr 1934), “Yaşar” (1934), “1905-ci ildə” (13 may 1935), “Od gəlini” (1936), tərcümə edilmiş “Pepo” (31 yanvar 1930), Anatoli Qlebovun “İnqa” (“İncə” adı ilə. 7 noyabr 1930), Aleksandr Şirvanzadənin “Namus” (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən Aleksandr Korneyçukun “Platon Kreçet”, Boris Lavrenyovun “Hücum” əsərlərini maraqlı quruluşlarda oynayıb. “Aydın” da Əşrəf Yusifzadənin (Dövlət bəy), Həmid İbrahimovun (Aydın), “Od gəlini”ndə Əli Zeynalovun (Elxan), “1905-ci ildə” də Yunis Nurinin (Allahverdi), “Yaşar”da Cəmil Əliyevin (Niyaz), “Sevil”də Qafar Həqqinin (Babakişi), “İncə”də Xədicə İsmayılovanın (İncə), “Namus”da İsmayıl Dağıstanlının (Rüstəm) və Əli Zeynalovun (Seyran) oyunları yüksək sənətkarlıq xüsusiyyətləri ilə yadda qalıb. Bakıdan dəvət olunmuş rejissor Yusif Yulduzun bir neçə quruluşu teatrın monumentalizmə meylini gücləndirib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1938–1947-ci illərdə peşəkarlıq vərdişlərini daha da gücləndirib, milli rejissuranın üslub və forma axtarışlarını genişləndirib. Teatrda Tiflisdən gəlmiş Əli Şahsabahlı, Peterburqda peşə təhsili almış Baxşı Qələndərli maraqlı quruluşlar verməklə sənət ocağının romantik və realist üslub xətlərini gücləndirmiş, aktyorların ifa zənginliyinə nail ola bilmişlər. Baxşı Qələndərlinin rejissorluğu ilə oynanılan “1905-ci ildə” (14 fevral 1935) dramı teatrın sənət qələbəsinə çevrilib. Bundan sonra elə həmin il teatra Cəfər Cabbarlının adı verilib.

Əli Şahsabahlının rejissorluğunda Vilyam Şekspirin “Otello” (1944) faciəsinin tamaşası teatrın yaradıcılığında uğurlu mərhələ rolunu oynayıb. Tamaşada əsas obrazları Əli Zeynalov (Otello) və Abbasqulu Tağıyev (Yaqo) ifa ediblər. Bu dövrdə teatr əvvəllər oynadığı bir sıra əsərləri təkrar quruluşlarda tamaşaçılara göstərib. Eyni zamanda repertuarda yeni pyeslər də mühüm yer tutub. Kollektiv Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Hacı Qara – Əhməd Səfayi və Yunis Nuri), Sabit Rəhmanın “Toy” komediyalarını, Səməd Vurğunun “Vaqif” (Vaqif Əli – Zeynalov, Qacar – Əli Şahsabahlı, İbrahim xan – Məmmədbağır Qaraxanov), Süleyman Rüstəmin “Qaçaq Nəbi” qəhrəmanlıq dramlarını, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Cəlil Məmmədquluzadənin “Ölülər” (yeni və bədii cəhətdən daha kamil quruluşda) faciələrini, çağdaş mövzuda Mirzə İbrahimovun “Həyat” dramını oynamaqla ciddi sənət uğurları qazana bilib. Tərcümə əsərlərindən Sandro Şanşiaşvilinin “Anzor”, Aleksandr Puşkinin “Xəsis cəngavər”, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Jan Batist Molyerin “Jorj Danden” pyeslərinin tamaşaları teatrın janr və üslub əlvanlığını zənginləşdirib.

Teatr dramatik xarakterli sənət ocağı olmasına baxmayaraq, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad” operettalarını, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarını müxtəlif quruluşlarda tamaşaçılara göstərib. İrəvan Dövlət Azərbaycan Teatrı Ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi təzyiqlər nəticəsində 1948-ci ildə Basarkeçər rayonuna köçürülüb. Özünümaliyyələşdirmə iş prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə çətinlikləri ilə əlaqədar olaraq bağlanıb.

Həmin vaxtda sənət ocağında Yunis Nuri, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Şövkət Əliyeva, Əziz Süleymanov, Qəzənfər Məlikov, Naibə Əliyeva, Roza Hüseynova, Züleyxa Babayeva, Məmmədrza Qənizadə, Xədicə İsmayılova, Hüseyn Ərəboğlu, Asəf Əlixanov, Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə, İsfəndiyar Hüseynov, Nübar Əlixanova kimi səriştəli, peşəkar, müəyyən sənət uğurları qazanmış aktyorlar və aktrisalar çalışıblar. Bakı, Gəncə, Naxçıvan teatrlarında yaradıcılıqlarını davam etdirərək “SSRİ Xalq artisti”, Azərbaycan Respublikasının “Xalq artisti”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” fəxri adlarına layiq görülmüş İsmayıl Dağıstanlı, Kazım Ziya, Əli Zeynalov, Əşrəf Yusifzadə, Əyyub Haqverdiyev, Əşrəf Quliyev, Ətayə Əliyeva, Qafar Həqqi, İbrahim Hüseynov (Şünasi), Həsən Ağayev, İmamverdi Bağırov, həmçinin tanınmış aktyorlar Məmmədsadıq Nuriyev, Kamal Qubuşov, Zakir Şalıbazov müxtəlif illərdə İrəvan teatrında aktyor işləyiblər.

Teatrda tamaşaların bədii tərtibatını rəssam Rəhim Məmmədov, musiqi tərtibatını isə, əsasən, orkestrin rəhbəri Eyvaz Eyvazov veriblər. İrəvan Dövlət Azərbaycan Teatrı 1928–1934-cü illərdə şəhərin baş meydanı yaxınlığındakı yarızirzəmidə fəaliyyət göstərib. 1935-ci ildən isə öz tamaşalarını həftədə bir dəfə İrəvan Dövlət Musiqili Komediya Teatrının binasında oynayıb. Teatrın qabaqcıl sənətkarlarından Baxşı Qələndərlı “Əməkdar incəsənət xadimi”, Yunis Nuri, Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev “Əməkdar artist” fəxri adları ilə təltif olunublar.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1967–2004)

İrəvanda yaşayan ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun, Əkbər Yerevanlının, Sabir Rizayevin təşəbbüsü ilə 1966-cı ildə İrəvan Dövlət Teatrının bərpası üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. Azərbaycan Respublikası həmin qeyrətli vətənpərvərlik çağırışına dəstək oldu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri Nəsir Sadıqzadə ilə birlikdə teatrın bərpası üçün İrəvana göndərildilər. Fədakar gənclər Cəfər Cabbarlının “Sevil” dramının qızğın məşqlərinə başladılar. Yerli teatr həvəskarlarının təcrübəli sənətkarları Cəmil Əliyev, Abbasqulu Tağıyev, istedadlı gənclərdən Elmira İsmayılova, Raya Qafarova, Səməd Abbasov truppaya qəbul edildilər. Naxçıvan teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Gəncə teatrından Zemfira Əliyeva, Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova İrəvan teatrına çağırıldılar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1967-ci il aprel ayının 28-də “Sevil” tamaşası ilə öz pərdələrini açdı. Bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. “Sevil” tamaşasının quruluşunu Nəsir Sadıqzadə vermişdi. Əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) oynadılar.

Teatrın açılışından bir qədər sonra Nəsir Sadıqzadə Bakıya qayıtdı. Teatrın baş rejissor kürsüsünü Azərbaycan Dövlət Teatr İnstitutunu yenicə bitirmiş Tofiq Ağayev tutdu. Onun kollektivdə ilk işi Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasına verdiyi quruluş olub. Tamaşada əsas rolları Aydın Şahsuvarov (Əliqulu), Nisə Rzayeva (Gövhər), Raya Qafarova Qumral), Şamil Dəmirçiyev (Xəlil), Tariyel Qasımov (Rövşən), Zərnişan Fətəliyeva (Yasəmən), Sara Əliyeva (Humay), Vidadi Əliyev (Kamal), Zemfira Sadıqzadə (Səadət) ifa ediblər. Teatr Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” (quruluşçu rejissor Tariyel Qasımov, rəssam Cabbar Quliyev) komediyasını da maraqlı quruluşda oynayıb. Tamaşada baş rolları Rəhim Rəcəbov (Hacı Qəmbər), Raya Qafarova (Yetər), Tariyel Qasımov (Cəbi), Zülfüqar Abbasov (Əşrəf bəy), Hüseyn İsmayılov (Qıdı kirvə), Cahid Hilaloğlu (Mayor Xudaverdi) ifa ediblər. “Sevil”, “Yağışdan çıxdıq, yağmura düşdük” və “Əliqulu evlənir” tamaşaları ilə özünün realist dramatik yaradıcılıq platformasını bəyan edən İrəvan Dövlət Dram teatrı Şıxəli Qurbanovun “Sənsiz” (25 dekabr 1968. Quruluşçu rejissor Tofiq Ağayev) dramı ilə milli səhnə sənətimizdə yenicə uğurlu addımlarını atan lirik-psixoloji üsluba qadir olduğunu da göstərdi.

Tədricən lirik-psixoloji üslub formalaşaraq teatrın yaradıcılıq simasının əsas estetik prinsiplərini müəyyənləşdirdi. Bu iki üslubun qovuşuğunda özünün poetika səciyyələrini müəyyənləşdirən İrəvan teatrı Üzeyir Hacıbəylinin “Məşədi İbad” (2 mart 1970. Quruluşçu rejissor Tofiq Ağayev), “Arşın mal alan” (20 may 1981), dramaturq Sabit Rəhmanla bəstəkar Emin Sabitoğlunun “Hicran” (9 dekabr 1985), dramaturq Məhərrəm Əlizadə ilə bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?” (24 fevral 1972), dramaturq Məcid Şamxalovla bəstəkar Zakir Bağırovun “Qaynana” (10 fevral 1975) operettalarını oynamaqda da müəyyən səriştə qazana bilib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünüb: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967–1988); ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi soyqırımından sonra teatrın İrəvanı tərk edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər). İrəvan teatrının yeni üslub istiqamətində formalaşmasında, truppanın estetik ifadə vasitələrinin zənginləşməsində Tofiq Ağayev uğurlu işlər görüb, səmərəli axtarışlar aparıb. O, teatrdaxili çəkişmələr nəticəsində 1970-ci ildə baş rejissorluqdan çıxıb. Teatr 1977-ci ilə qədər baş rejissorsuz işləyib. 1973–1974-cü ildə qocaman səhnə xadimi Baxşı Qələndərli teatra yaradıcılıq rəhbərliyini öz üzərinə götürüb, lakin kollektivdəki durğunluğu aradan qaldıra bilməyib.

Teatrın sağlam qüvvələrinin təkidi ilə Tofiq Ağayev yeddiillik fasilədən sonra doğma teatra qayıdıb. Forma əlvanlığına, janr müxtəlifliyinə, repertuar zənginliyinə xüsusi diqqət yetirən rejissor İrəvan teatrının yaradıcılığında özünün sanballı quruluşları ilə qüvvətli aktyor oyunlarına imkan yarada bilib. Onun rejissorluğunda oynanılan Yusif Əzimzadənin “Nəsrəddin” (25 dekabr 1968), tərcümə olunmuş “Bağdasar dayı” (9 rnart 1969), İmran Qasımov və Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” (6 dekabr 1970), Hüseyn Muxtarovun “Nənəm ərə gedir” (10 may 1978), Anarın “Şəhərin yay günləri” (20 may 1979), Anatoli Safronovun “Kişilərə inanmayın” (30 dekabr 1980), Azad Abdulinin “On üçüncü sədr” (26 dekabr 1982), Karlo Qoldoninin “İki ağanın bir nökəri” (30 dekabr 1983), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (15 mart 1984), “Müsyö Jordan və dərviş Məstəli şah”, Karl Vitlinkerin “Ulduzdan düşmüş adam” (11 may 1984), Aleksandr Makayonokun “Tribunal” (20 fevral 1986), İlyas Əfəndiyevin “Atayevlər ailəsi” (5 may 1987), Mar Bayciyevin “Ər və arvad” (15 fevral 1988) pyeslərinin tamaşaları müəyyən çatışmazlıqlarına baxmayaraq, kollektivin başlıca yaradıcılıq uğurlarını təminatlandırıb.

İrəvan teatrı 1967–1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlarına inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib.

Bu teatrda Nəsir Sadıqzadə Georgi Xuqayevin “Elbrus evlənir” (4 may 1972), Hidayətin “Məhəbbət yaşadır” (fevral 1976), Zülfüqar Abbasov yerli müəllif Əziz Süleymanovun “Alovlar” (10 noyabr 1967), Cəfər Cabbarlının “Solğun çiçəklər” (10 noyabr 1968), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (10 dekabr 1972), Hilal Həsənov Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (15 noyabr 1971), Sabit Rəhmanın “Toy” (24 dekabr 1974), Vəli Babayev şair-dramaturq Bəxtiyar Vahabzadənin “İkinci səs” (25 fevral 1971), Ağakişi Kazımov Şamil Xurşud və Əşrəf Hacıyevin “Qızıl zəncir” (10 iyul 1978), Hidayətin “Məni qınamayın” (14 may 1981), Nahid Hacızadənin “Ömür gözləmir bizi” (31 may 1982), Niyaz Şərifov Əkrəm Əylislinin “Bağdada putyovka var” (19 mart 1979), Vaqif Şərifov Rövşən Ağayevin “Yeddi oğlan, bir qız” (7 mart 1983), Hüseynağa Atakişiyev Nəriman Həsənzadənin “İmzalar içində” (28 aprel 1980) əsərlərinə ayrı-ayrı janrlarda quruluşlar veriblər.

İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə Abbasqulu Tağıyev və Şamil Dəmirçiyev “Ermənistan Respublikasının Əməkdar artisti”, teatrın direktoru Hidayət Orucov “Əməkdar mədəniyyət xadimi” fəxri adlarına layiq görülüblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1978-ci ildə Bakıda qastrolda olub. Teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar Vidadi Əliyev, Tamilla Abdullayeva və Marietta Kərimova “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı ilə təltif ediliblər.

İrəvan teatrı 1967–1986-cı illərdə Mirzə Fətəli Axundzadə adına şəhər orta məktəbinin üçüncü mərtəbəsində yerləşib. Lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr tamaşalarını kirayə ilə Stanislavski adına Rus Dövlət Dram Teatrının binasında nümayiş etdirib. Azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib.

1988-ci ildən erməni millətçilərinin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri vəhşilik və etnik təmizləmə nəticəsində əmlakı əlindən alınmış teatr Neftçala rayonuna qastrol səfərinə göndərilmək adı ilə İrəvandan deportasiya olunub. Lakin belə sınaqlara dəfələrlə sinə gərmiş və ruhdan düşməmiş teatr yaşamaq haqqını və iqtidarını bu dəfə də sübut edib. Bu dövrdə kollektiv bünövrəsinə qədər dağılmış öz məbədini bir neçə ildə yenidən dikəldib. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb zəruri tədbirləri gerçəkləşdirdikdən sonra – 1995-ci ildə İrəvan Teatrının ikinci dəfə dövlət statusu ilə Azərbaycanda peşəkar yaradıcılıq meydanına qayıtmasını da təmin etmişdir. Həmin vaxtdan yurdundan didərgin salınmış teatrda yeni ciddi yaradıcılıq prosesi start götürüb.

Teatrın yaşaması və uğurlar qazanması üçün Elmira İsmayılova, Tamilla Abdullayeva, Vidadi Əliyev kimi sənət fədailərinin çəkdikləri böyük zəhmət nəticəsində sənət ocağı 2000-ci ilə qədər özünün fasiləsiz fəaliyyətini və bütövlüyünü saxlaya bilib.

2000-ci ildən bu günə qədər Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin teatra yüksək diqqəti ilə İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar indiki kollektivin gərgin, yaradıcı axtarışları ilə hasilə gətirilib. Teatrın qədim ənənələri üzərində aparılan yeni quruculuq işləri, nizam-intizamın bərpa edilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, istedadlı yaradıcı gənclərin teatra gətirilməsi, uzunmüddətli perspektiv fəaliyyət proqramına uyğun olaraq repertuarın zənginləşdirilməsi, V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər kimi nüfuzlu rejissorların və tanınmış aktyorların yeni tamaşalar hazırlanmasına cəlb edilməsi yaradıcı prosesi canlandırmaqda önəmli olub.

Mənbə:
İlham Rəhimli, Azərbaycan teatr tarixi (dərslik) (Bakı: Çaşıoğlu, 2004)

QƏRBİ AZƏRBAYCANDA MƏTBUAT
XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar, xüsusən də İrəvandakı məktəblərin müəllimləri və məzunları “Əkinçi” (1875–1877), “Kəşkül” (1883–1891), “Kaspi” (1881–1919), “Şərqi-Rus” (1903–1905), “Həyat” (1905–1906), “İrşad” (1905–1907), “Füyuzat” (1906–1907), “Molla Nəsrəddin” (1906–1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər.

İrəvanda Azərbaycan dilində ilk mətbuat Çar Rusiyası dövründə işıq üzü görmüşdür. Lakin 1918–1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildən etibarən müəyyən fasilələrlə İrəvanda Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası dövrü və sovet hakimiyyəti dövrü.

Çar Rusiyası dövründə İrəvan ziyalılarından Mirzə Kazım Qazi Əsgərzadə (“Mütəlle”), Hacı Seyid Rza Əmirzadə (“Sabir”) və Məhəmmədəli bəy Vəliyev “Əkinçi” qəzeti ilə əməkdaşlıq etmişlər. Firudin bəy Köçərli və Haşım bəy Vəzirov isə İrəvanda yaşadıqları dövrdə “Kəşkül” qəzetinin səhifələrində çıxış etmişlər.

Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan şəhəri ilə bağlı olmuşdur. Mirzə Cəlil 1901–1903-cü illərdə İrəvanda yaşadığı dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşmış, həm də “Kaspi” qəzetində İrəvanda yaşayan azərbaycanlıların hüquqlarının tapdalanmasından bəhs edən məqalələr dərc etdirmişdir. Mirzə Cəlilin “Kaspi” qəzetinin 7 mart 1902-ci il tarixli nömrəsində “İrəvan müxbirimizdən” başlıqlı yazısında şəhərin cənub-qərbində, Zəngi çayının sahilində salınan Dəlmə arxı ilə suvarılan azərbaycanıların min bir əziyyətlə saldıqları, sayı 60-a çatan meyvə-üzüm bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz əməllərdən bəhs edilir. Müəllifin “C. M.” imzası ilə 28 mart 1902-ci ildə “Kaspi” qəzetində dərc edilən “İrəvan” başlıqlı məqaləsində Şəhər Dumasının iclaslarında azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının verilməsindən bəhs edilir. Ədibin bu məqalələri XX əsrin əvvəllərində İrəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir.

Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, 1886-cı ildə İrəvan Oğlanlar Gimnaziyasını bitirən, “Kaspi” qəzetinin İrəvan quberniyası üzrə müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905–1906-cı illərdə İrəvan şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında həmin qəzetin səhifələrində silsilə məqalələri dərc olunmuşdur. Məhz həmin məqalələr o vaxt İrəvan şəhərində baş verən hadisələr haqqında obyektiv məlumatlar əldə etmək imkanı verir.

1906-cı ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və karikatur vasitəsilə oxucularına çatdıran “Molla Nəsrəddin” adlı jurnalın işıq üzü görməsi böyük əks-səda doğurmuşdu. “Molla Nəsrəddin” qısa bir zamanda İrəvanda da özünə xeyli oxucu kütləsi qazanmışdı. İrəvanlı ziyalılar içərisindən mollanəsrəddinçilər dəstəsi formalaşmışdı. Cabbar Əsgərzadə (Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə, 1885–1966), Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov, 1886–1934), Məmmədəli Nasir (Məmmədəli Nasir Hacı Məmmədzadə İrəvani, 1899–1982), Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar “Molla Nəsrəddin” jurnalının səhifələrində çıxış edirdilər. İrəvanda meydan sulayan cəhalətpərəstlərin, xalqın savadlanmasını istəməyən bəzi din xadimlərinin, müasir tipli məktəblərin açılması və gənclərin maariflənməsi üçün var-dövlətini əsirgəyən bəzi varlı irəvanlıların qorxusundan “Molla Nəsrəddin”in İrəvandan olan müxbirləri gizli imzalarla çıxış edirdilər. Müxbirlərdən Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə”, Cabbar Əsgərzadə (Aciz) “Məhkəmə pişiyi” kimi imzalardan istifadə edərək özlərini qaragüruhçulardan qorumağa çalışırdılar.

“Molla Nəsrəddin”in səhifələrində 1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan canını qurtararaq Bakı və Yelizavetpol (Gəncə) quberniyalarına pənah gətirən qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı adamlar tez-tez tənqid atəşinə tutulurdu.

İrəvanda 1911–1912-ci illərdə və 1914-cü ildə “Эриванский вестник” (“İrəvan xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə İrəvan Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə – rus, tatar (Azərbaycan) və erməni dillərində məqalələr dərc edirdi. Bu qəzetdə rus dilində təhsil almış İrəvanın azərbaycanlı ziyalıları, İrəvan Gimnaziyasının və İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc etdirirdilər.

İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı “Lək-lək” (Leylək”) adlı satirik məcmuə olmuşdur. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini buraxmışdılar. İrəvandakı “Luys” (“İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək” türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı” şeirində “Ləl-lək” öz məsləyini “Molla Nəsrəddin” sayağı bəyan etmişdir. Elə jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar “Lək-lək”, “Hərif”, “Kələmbaş”, “Şeytan”, “Yetim cücə”, “Kefli”, “Şərxəta”, “Dul toyuq” “Naqqal”, “Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna “Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan” və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.

Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi oxucuların nəzərinə çatdırılırdı.

“Lək-lək”in 5 may və 19 may 1914-cü il tarixli nömrələrində “Dil məsələsi” başlıqlı yazı dərc olunmuşdur. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən “intiligentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə tutulmuşdur.

Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki, “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin “Çınqı”nın taleyi indiyədək qaranlıq qalır. Fədakar tarixçi alim, publisist və tərcüməçi, 1972-ci ildə İrəvanda “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsrafil Məmmədov ilk dəfə “Lək-lək” və “Bürhani-həqiqət” məcmuələrinin bütün nömrələrini müxtəlif aspektlərdən təhlil etmişdir. İsrafil Məmmədovun 2002-ci ildə çap etdirdiyi “İrəvan dəftəri” kitabında “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarının hər birinə ayrıca fəsillər ayrılmışdır.

“Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi haqqında heç bir məlumat yoxdur.

Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu üzərinə hücuma keçmişdi. Rusiyanın Türkiyə torpaqlarını işğalına yardım etmək üçün İrəvan şəhərində könüllü erməni dəstələri formalaşdırılır və bir müddət sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi. Lakin uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü gördü. “Bürhan” kəlməsi ərəbcədir və dəlil, sübut, isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan etmişdi. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi.

İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdü. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndirilməsi üçün məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz), fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiqət”in müəllifləri idilər.

“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi missiyalar da daşıyırdı.

1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Məcmuə azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı. Əli Məhzun “Bürhani-həqiqət”də yazdığı “Azadlıqmı, əsarətmi?” məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini ucaldaraq yazırdı: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayır. Hətta teatroya getməyə belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu (müraciət) etməli? Və kimdən əlac istəməli?”

“Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq – “Lüğətin lüğəti”, “Ədəbiyyata dair”, “Məişət məsələləri”, “Elmi məqalələr” və “Elanlar şöbəsi” başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələr vaxtında çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru “Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı.

1917-ci ildə İrəvanda “İrşad”, “İttihad”, “Yeni firqə”, sosial-demokrat təmayüllü “Müdafieyi məzluman” adlı firqələr, İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olmuşdur, lakin həmin dövrdə İrəvanda yalnız “Cavanlar şurası” adlı qəzetin buraxılması haqqında məlumat gəlib çatmışdır. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi. Nazim Axundovun tərtib etdiyi “Azərbaycanda dövri mətbuat (1832–1920)” biblioqrafik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan “Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci ildə nəşr edildiyi, tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mir Fətullayev tərəfindən redaktə olunduğu göstərilmişdir.

İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən, qəzetin redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəncə şəhərinə gəlmiş, orada jurnalistlik fəaliyyətini davam etdirmişdi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayında daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən “Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar.

1918–1920-ci illərdə Ermənistan daşnak hakimiyyəti dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində “Arev” (“Günəş”), “Aşxatavori dzayn” (“Əməkçinin səsi”), “Aşxatanki droşak” (“Əmək bayrağı”), “Banvori xosk” (“Fəhlə sözü”), “Qordz” (“İş”), “Yerkir” (“Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı “soyqırım” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdi.

Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi “Kommunist”in adı çəkilir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü kimi İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə xalq ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri qeyd edir: “…təklifim əsasında Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala gəlmişdir.”

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı istanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taboru var idi. Semih Hüseyn də bəzi türklər kimi Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən “Rəncbər” qəzetinin redaktoru olmuşdur.

1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da “Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət – Xalq Komissarları Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsilə ədliyyə komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk bölməsinin müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan K(b)P MK-nın və İrəvan Şəhər Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş qadınlar klubunun rəhbəri olmuşdu. Sonralar Bülbül Kazımovanın rəhbəri olduğu həmin klub azərbaycanlı qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı mübarizədə mühüm işlər görmüşdü. 1949-cu ilədək fəaliyyət göstərən qadınlar klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri fəaliyyət göstərirdi.

Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər” qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır.

Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri azərbaycanlıların doğma yer-yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik, Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdi. Qərarda deyilirdi: “İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan “Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin.”

Ermənistan K(b)P MK-nın nəzdindəki Türk bölməsinin müdiri Bala Əfəndiyev bölmənin 1922–1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi ki, 1923-cü ildən Ermənistan K(b)P MK-nın orqanı olan “Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində “Yeni fikir” qəzeti dərc edilmişdir ki, həmin qəzet də Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilməmişdir.

Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində 1925-ci il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistan K(b)P MK-nın və Ermənistan SSR Xalq Komissarları Şurasının orqanı kimi, “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. “Qızıl şəfəq” öz sələfi haqqında yazırdı: “Zəngi” qəzeti Ermənistanda yaşayıb da türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmişdir. Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaqdır.”

Bala Əfəndiyevin 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olmuşdur. 1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetinin redaktoru təyin edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistan K(b)P MK-nın ikinci katibi Ağasi Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını soruşmadan onu “Qızıl şəfəq” qəzetinə redaktor təyin etmişdir. Bu, ondan irəli gəlirdi ki, o vaxt Kommunist Partiyası qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi yetkinliyi baxımından yanaşırdı.

1932–1936-cı illərdə Mustafa Hüseynov yenidən “Qızıl şəfəq”in redaktoru təyin olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıçı vəzifəsinə vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona “Türkiyənin agenti” damğasını vuraraq 1936-cı ildə güllələmişdilər. 1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl şəfəq”in redaktoru Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistan SSR-də xalq ədliyyə komissarı, sonralar isə Azərbaycanda ədliyyə naziri olmuşdu.

1937-ci il oktyabrın 2-dən etibarən “Qızıl şəfəq” qəzeti “Kommunist” adı altında nəşr edilmişdir. Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonunda nəşrini dayandıranadək “Sovet Ermənistanı” adı ilə çap olunmuşdur.

Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri Ermənistan K(b)P MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetini abunə yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı.

1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “türksüz Ermənistan” siyasətini həyata keçirən Ermənistan rəhbərliyi ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıları respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi.

1988-ci ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. İrəvandakı Opera Teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistanı” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular.

Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. Qəzetin əvvəlki redaktoru Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistan rəhbərliyi “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi. Həmin dövrdə müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırdı ki, “Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan “Kommunist” qəzeti, “Agitator” jurnalı, Yazıçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin, əsasən, teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda “Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırıldı.

Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, “Respublika” qəzetinin redaktoru Teymur Əhmədov, şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər “Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşlar.

“Sovet Ermənistanı” qəzetinin redaktorları bir qayda olaraq Ermənistan SSR Ali Sovetinin deputatı seçilir və Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olurdular. Qəzetin redaktorlarının bioqrafiyalarından görünür ki, 1961-ci ildən 1989-cu ilədək bir qayda olaraq “Sovet Ermənistanı” qəzetinin redaktorluğuna bundan əvvəl Amasiya Rayon Partiya Komitəsinin birinci katibi olmuş şəxslər təyin edilmişdir. Lakin bu qəzetin redaktorlarından Rza Vəlibəyovdan başqa heç birinə ömrünün sonunadək Ermənistanda yaşamaq nəsib olmamışdır.

Təəssüf ki, sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında Çar Rusiyası dövründə – XX əsrin əvvəllərində İrəvanda nəşr olunan “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarını araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində “Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə araşdırmışdır.

İrəvan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında da təcrübəli jurnalistlər və diktorlar çalışırdılar. Hər gün axşam yarım saat efirə buraxılan Azərbaycan dilində verilişdə rəsmi xəbərlərlə yanaşı, müxbirlərin əmək kollektivlərindən hazırladıqları reportajlar, müsahibələr, sonra isə bir qayda olaraq Azərbaycan musiqisindən ibarət lent yazıları səsləndirilirdi. 1988-ci ilin dekabrında Azərbaycan dilində verilişlər redaksiyası fəaliyyətini dayandırmalı olmuş, lakin azərbaycanlılar Ermənistanı bir nəfər kimi tərk etdikdən sonra belə, Ermənistan radiosunda Azərbaycan dilində verilişlər erməni diktorlarının səsi ilə siyasi məqsədlər naminə xeyli müddət davam etdirilmişdi.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

QƏRBİ AZƏRBAYCANDA ELM VƏ TƏHSİL
Qərbi Azərbaycanda doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır.

Orta əsrlərdə İrəvanda bəylərbəylik və xanlıq üsul-idarələri bərqərar olduqdan sonra elm və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaranmışdır. Təəssüf ki, dağıdıcı müharibələr və təbii fəlakətlər nəticəsində baş vermiş miqrasiya prosesləri nəticəsində həmin dövrdə yazılan əsərlərin az bir qismi günümüzə qədər gəlib çatmışdır. XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm və mədəniyyət xadimləri haqqında məlumatlar mövcuddur. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri – yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı. İrəvan şəhərində elm və təhsilin vəziyyəti haqqında ayrı-ayrı müəlliflərin əsərlərindən, o dövrün statistik məlumatlarından və arxiv sənədlərindən xeyli məlumat əldə etmək mümkündür.

İstər xanlıqlar dövründə, istərsə də Rusiya işğalı dövründə xanların və bəylərin, əyanların, din xadimlərinin övladlarının mükəmməl təhsil almalarına xüsusi fikir verilirdi. Bir çox imkanlı ailələr öz uşaqlarını xarici ölkələrdəki dünyəvi və yaxud ali dini məktəblərdə oxumağa göndərirdilər. İrəvanda şiəlik məzhəbi bərqərar olduğu üçün varlı ailələrin övladları, əsasən, Bağdadda, Nəcəfdə, Kərbəlada, Məşhəddə, Xorasanda, Təbrizdə, Qahirədə ali dini təhsil alırdılar. Həmin şəhərlərdə əslən İrəvan şəhərindən olan “İrəvani” soyadını daşıyan onlarla ayətullah, müctəhid, höccətül-islam titulunu daşıyan din xadimləri yetişmişdi. Özlərindən sonra zəngin irs qoyan ayətullah Molla Məhəmməd bin Məhəmməd Bağır İrəvani-Həcəfinin, ayətullah Seyyid Əbdülməcid İrəvaninin, ayətullah Seyyid Əli İrəvaninin, ayətullah Mirzə Əbdülhüseyn İrəvaninin, Hacı Mirzə Əliağa İrəvaninin, Mirzə Fəzləli ağanın adları məşhur islam alimləri sırasında çəkilir.

İrəvan şəhərində anadan olmuş görkəmli Azərbaycan həkimi və alimi Hacı Süleyman Qacar İrəvaninin (XVIII əsr) fars dilində yazdığı “Fəvaidül-hikmət” (“Hikmətin faydası”) əsəri nəinki Azərbaycanda, eləcə də Orta Asiyada və İranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əczaçılıq ensiklopediyasıdır və minlərcə dərman bitkisinin, heyvan və mineralın müalicəvi kеyfiyyətlərindən bəhs edir. “Fəvaidül-hikmət” əsərinin nadir əlyazma nüsxələri AMЕA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda və eləcə də İran və Misirdə saxlanılır. Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı verilib. İkinci hissə isə orta əsr farmakoloji terminlərinin izahlı lüğətidir. Burada bitki, heyvan və mineralların Azərbaycan, türk, ərəb, fars, yunan, çin, hind və başqa dillərdə adları verilmişdir.

1782-ci ildə İrəvan xanı Hüseynəli xan xanlığın rəsmi sənədlərini və şəxsi yazışmalarını toplayıb qaydaya salmaq üçün Təbrizdən xəttat dəvət etmişdi. İrəvan xanlığının və İrəvan şəhərinin tarixi üçün qiymətli mənbə olan həmin əlyazmaların orijinalları “Hüseynəli xanın divanı” adı altında toplanaraq kitab şəklinə salınmışdı. “Hüseynəli xanın divanı”nın yeganə əlyazma nüsxəsi hazırda Ermənistan Dövlət Muzeyində saxlanılır (Əlyazma № 5039/1121).

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi arxivində “İrəvanlı Hüseynəli xanın məktubları” adlı əsərin əlyazması saxlanılır (İş 7415). Əsəri Hüseynəli xanın dövründə əvvəlcə xanın divanxanasının mirzəsi, sonra isə vəzir təyin olunan Məhəmməd Müslüm Qüdsi toplamışdır. “Məktublar”a İrəvan xanlarının 1789–1791-ci illərdə Osmanlı sultanına, Kartli-Kaxetiya çarı II İrakliyə, Xoy xanı Əhməd xana, Qarabağ xanı İbrahimxəlil xana göndərdikləri məktublar toplanmışdır. “Məktublar” İrəvan xanlığının siyasi, iqtisadi, ticarət əlaqələri, idarəçilik sistemi, mülkiyyət və vergi formaları haqqında geniş məlumat verir.

Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscidlərdən və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdir. Məscidlərdə saxlanılan əlyazmalar, əsasən, ərəb və fars dillərində idilər. Onların böyük əksəriyyəti Quran və müsəlman dininə aid kitablar idilər. Həmçinin əlyazmalar içərisində ərəb və fars qrafikası ilə dünyəvi məzmunlu şeirlər və bədii yaradıcılıq nümunələri olmuşdu. Evlərdə saxlanılan əlyazmalarda tarixə aid qiymətli məlumatlar var idi.

İrəvan şəhərində mövcud olmuş təhsil sistemi haqqında ən dolğun məlumat xanlığın Rusiya tərəfindən işğalından sonra 1829–1831-ci illərdə həmin ərazidə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap olunmuş “Erməni vilayətinin Rusiyaya birləşdirilməsi dövrünün tarixi yaddaşı” əsərində verilmişdir. Həmin məlumatlardan aydın olur ki, İrəvan xanlığının ərazisindəki təhsil sistemi mahiyyət etibarilə Azərbaycanın digər xanlıqlarındakı təhsil sistemindən fərqli olmamışdır. İ.Şopenin yazdığına görə İrəvan xanlığının ərazisində təhsillə, əsasən, müəyyən təhsil görmüş din xadimləri məşğul olurdular. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə fəaliyyət göstərmişdir. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz adlandırılırdılar. Mədrəsələrdə geniş dərs otaqları ilə yanaşı, tələbələrin yaşadıqları kiçik otaqlar – hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidər dərs deyirdilər ki, onları dinləmək üçün ölkənin hər yerindən dinləyicilər gəlirdilər. İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərindəki 8 məsciddə 200 şagird təhsil alırdı.

İ.Şopenin məlumatına görə müsəlman alimləri bütün elmləri üç əsas sahəyə bölürdülər: Əl-ərəbiət, Əl-şəruə və Əl-hakimə. Birinci sahəyə, əsasən, ərəb dilinin qaydaları, tarix və Quranın oxunması daxil idi. İkinci sahəyə Quranın təfsiri, hədislərin öyrənilməsi, islam hüququnun əsaslarının və kəlamların öyrənilməsi daxil idi. Üçüncü sahəyə isə məntiqin, riyaziyyatın, həndəsə və astronomiyanın, tibbin və nəzəri fəlsəfənin öyrənilməsi daxil idi.

İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsnxətə xüsusi diqqət yetirilirdi. İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrdən başqa fərdi tədris növü də mövcud idi. Xanın, sərdarın, əyanların və tacir uşaqlarının təhsili ilə onların evində ayrıca müəllimlər məşğul olurdular. İ.Şopenin verdiyi məlumata görə hər bir müsəlmanın evində məktəblərdə tədris olunan fənlərə, xüsusən də Qurana və şəriətə aid kitabların nüsxələrinə, özü də hərəsindən bir neçə nüsxə rast gəlmək olar. Müəllif İrəvanda kalliqrafik xətlə üzü köçürülmüş şeir kitablarının bahalı olduğunu, tarixə aid kitabların isə daha da baha qiymətə satıldığını yazır. Onun yazdığına görə ermənilər isə kitab sarıdan kasad olmuşlar. Yalnız bəzi varlı ermənilərin evlərində “İncilə”, yaxud dini ibadət qaydalarına aid hansısa kitaba nadir halda rast gəlmək olar. Bütün bunlar bir daha ona dəlalət edir ki, həqiqətən də İrəvan şəhəri xanlıqlar dövründə Azərbaycanın inkişaf etmiş elm və mədəniyyət mərkəzlərindən biri olmuş, təhsilə xüsusi fikir verilmişdir.

İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuş Stepan Zelinskinin (milliyyətcə erməni idi) “Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsi”ində dərc etdirdiyi “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1880-ci ildə İrəvan şəhərindəki məscidlərdə 153 şagird təhsil alırdı ki, onların təlimi ilə 8 müəllim məşğul olur. S.Zelinski yazır ki, bundan əlavə, İrəvanda ali dini müsəlman məktəbi fəaliyyət göstərir və orada tələbələrdən təhsil haqqı alınmır, əksinə təhsildə müvəffəqiyyətlərindən asılı olaraq məscid onlara 3 rubldan 10 rubladək mükafat verir. Müəllif ali dini müsəlman məktəbində əksəriyyətinin kəndlərdən gələnlərdən ibarət olduğunu, hər il 60-a qədər tələbənin təhsil aldığını, tam kursu bitirdikdən sonra onlara axund rütbəsi verildiyini və əmmamə daşımaq səlahiyyətinə malik olduqlarını yazır. S.Zelinski ali dini məktəbin hansı məscidin nəzdində fəaliyyət göstərdiyini yazmasa da, belə güman etmək olar ki, həmin məktəb şəhərin baş məscidi olan Cümə və yaxud Hüseynəli xan məscidinin nəzdində fəaliyyət göstərmişdir.

Rusiya işğalı dövründə İrəvan şəhərində ilk ikisinifli dövlət qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır. İrəvan qalasında yerləşən həmin məktəbin təşkilatçısı və inspektoru Moskva Universitetinin tələbəsi F.Zuboev olmuşdur. 1836-cı ildə Sankt-Peterburqda çap edilən “Qafqazdakı Rusiya torpaqlarının icmalı” əsərində yazılır: “İrəvan şəhərində 60 şagirdin təhsil aldığı bir xalq məktəbi, Eçmiədzindən 1827-ci ildə köçürülmüş bir erməni və 8 tatar (azərbaycanlı) məktəbi vardır. Bütün bu 9 məktəbdə 120-yə qədər şagird oxuyur ki, onlar da imkanları nəzərə alınmaqla ayda 20 qəpikdən 1 gümüş rubladək vəsait ödəyirlər”. 15 mart 1868-ci ildə İrəvan qəza məktəbi dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərbaycanlı uşaqların da təhsil aldıqları bu məktəbdə din dərsləri, rus, tatar (Azərbaycan dili), erməni, latın, fransız dilləri, tarix, coğrafiya, riyaziyyat və təbiətşünaslıq fənləri tədris edilirdi. Stepan Zelinski yuxarıda adı çəkilən “İrəvan şəhəri” məqaləsində göstərir ki, 1850-ci ildən 1880-ci ilədək 30 il ərzində İrəvan qəza məktəbini və progimnaziyasını üst-üstə 558 tatar (azərbaycanlı) bitirmişdi.

Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlan Gimnaziyası adlanırdı. 1 yanvar 1883-cü ilə olan məlumata görə İrəvan gimnaziyasında təhsil alan 237 şagirddən 37-si azərbaycanlı olmuşdu. Əldə edilən məlumatlara görə ilk dəfə İrəvan qəza məktəbi kimi fəaliyyətə başladığı dövrdən 1918-ci il avqustun 6-da bağlanmasınadək keçən müddət ərzində İrəvan Oğlan Gimnaziyasına şəriət dərslərini və Azərbaycan dili fənnini 1836–1856-cı illərdə Molla Tağı Mahmud oğlu, 1856–1885-ci illərdə Mirzə Ələkbər Elxanov, 1885–1895-ci illərdə Firudin bəy Köçərli, 1895–1905-ci illərdə İsmayıl bəy Şəfibəyov, 1905–1906-cı illərdə Mirzə Məhəmməd Şeyxzadə, 1907–1918-ci illərdə Şeyx Abusəttar Kazımov tədris etmişlər.

İrəvan Oğlan Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdir. Tanınmış dövlət xadimlərindən Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, maarif və elm xadimlərindən Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan gimnaziyasının məzunları olmuşlar. İrəvan gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918–1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görmüşdülər. İrəvan Oğlan Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim işləmiş, bir qismi isə Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmişdilər.

İrəvanda fəaliyyət göstərən məktəblərdən biri də Müqəddəs Ripsime qızlar məktəbi idi. 1850-ci il yanvarın 2-də Qafqazın canişini Mixail Vorontsovun xanımı Yelizaveta Vorontsovanın təşəbbüsü və İrəvanda fəaliyyət göstərən Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə Müqəddəs Ripsime qadın məktəbi təsis edilmişdir. 9 iyul 1884-cü ildə bu məktəb üçsinifli qadın progimnaziyasına çevrilmişdi. 30 may 1898-ci ildə isə progimnaziya hazırlıq sinfi də təşkil edilməklə səkkizsinifli qadın gimnaziyasına çevrilmişdi. Ödənişli olan bu məktəbdə imkanlı azərbaycanlıların qızları da təhsil alırdılar. Təkcə 1916–1918-ci illərdə Müqəddəs Ripsime gimnaziyasını 36 azərbaycanlı qız bitirmişdi. İrəvan quberniyasının 1914-cü ilə dair “Yaddaş kitabçası”nda göstərilir ki, bu gimnaziyada şəriət dərslərini və Azərbaycan dilini Haşım bəy Nərimanbəyov tədris etmişdir.

Hələ XIX əsrin 50–60-cı illərindən etibarən İrəvan şəhərində özəl məktəblər də fəaliyyət göstərməyə başlamışdı. Özəl məktəbləri yalnız Rusiya təbəəliyi olan şəxslər Qafqaz Tədris İdarəsinin icazəsi ilə aça bilərdi. İki tip özəl məktəblər mövcud idi. Birinci tip məktəblərə məscidlərin və ya kilsələrin nəzdindəki müəllimlərin fərdi proqramı əsasında fəaliyyət göstərən ənənəvi mollaxana tipli məktəblər, ikinci tip məktəblərə isə yeni açılan, lakin öz tədris proqramını dövlət məktəblərinin proqramlarına uyğunlaşdıran məktəblər daxil idi. 1863-cü ildə İrəvanda 15 özəl azərbaycanlı və erməni məktəbləri mövcud idi.

1865-ci ildə şəhərdə 9 müsəlman ruhani məktəbi fəaliyyət göstərmişdir ki, orada 223 şagird təhsil almışdır. Həmin vaxt buradakı 6 erməni ruhani məktəbində 150 şagird təhsil alırmış. 1866-cı ildə məscidlərin nəzdindəki məktəblərdə şagirdlərin sayı 596 nəfərə çatırdı.

Əslən İrəvandan olan və müxtəlif səbəblərdən Cənubi Azərbaycana köçən ailələr İrəvanla bağlılıqlarını davam etdirirdilər. Azərbaycanlı maarifçi, ruhani və ictimai-siyasi xadim Mirzə Həsən Rüşdiyyə belələrindən idi. O, 1883-cü ildə İrəvana gəlmiş və burada yaşayan qardaşı Mirzə Əlinin köməyilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb açmışdı.

Məşhur Azərbaycan alimi, tənqidçisi pedaqoqu Firudin bəy Köçərli 1885-ci ildə Qori Müəllimlər Seminariyasını bitirərək təyinatla İrəvan Oğlan Gimnaziyasında işləməyə göndərilmişdi. O, maarifçi-demokrat kimi ictimai bəlaların kökünü cəhalətdə, elmsizlikdə görür, xalqın maarifləndirilməsi yolunda öz əməyini əsirgəmirdi. İrəvanda yeni tipli məktəblərin açılmasında, onların tədris vəsaitləri ilə təmin olunmasında Firudin bəyin müstəsna xidməti olmuşdu. İrəvanda işlədiyinin beşinci ilində – yəni 1890-cı ildə “İrəvandan məktub” başlıqlı məqaləsində Firudin bəy yazırdı: “Belə ki, iki-üç sənə var ki, şəhərimizdə bir-iki qaydalı və səliqəli məktəb açılıb. Müsəlman balaları da sair millətlərin ətfalı (yəni uşaqları) təki təzə üsul ilə elm və ədəb təhsil edirlər… Əlbəttə, bu məktəblərin bu halda qüsurları da çoxdur, amma ümid var ki, İrəvan əhli hümmət edib az zamanda məktəblərin hər bir ehtiyacını düzəldələr. Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında İrəvanda mövcud olan bəzi məktəblər haqqında, o cümlədən İrəvanda məktəb açan Məşədi İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadə kimi ziyalılar haqqında ətraflı məlumat verilir.

İrəvanın sərvət sahibi tacirlərindən biri olan “Bəzmi” təxəllüslü Məşədi İsmayıl Kazımzadə 1866-cı ildə İrəvan şəhər məktəbində şəriət və türk dili müəllimi işləməklə yanaşı, özü də məktəb açmışdı. F.Köçərli İrəvan gimnaziyasına müəllim təyin edildikdən sonra tez-tez Mirzə İsmayılın yanına getdiyini, onun dərsləri necə şövqlə tədris etdiyini müşahidə etdiyini yazır. Məşədi İsmayıl Kazımzadə köhnə qayda ilə dərs verməyin qüsurunu anlayıb üsuli-sövti (yəni hərflərin söz kimi deyil, səs kimi tələffüz edilməsi) ilə təlim vermək üçün özü bir əlifba tərtib etmişdi. Onun bu addımı köhnəliyin tərəfdarı olan qaragüruhçular tərəfindən istehza və gülünc hədəfinə çevrilsə də, Məşədi İsmayıl öz işini davam etdirmişdi.

İrəvanda fəaliyyət göstərən özəl məktəblərdən biri də Sofiya Stasyuleviçin 1877-ci ildə açdığı pansion idi. S.Zelinski adıçəkilən “İrəvan şəhəri” məqaləsində şəhərin ilk özəl pansionunun təsisçisinin ona söylədiklərini qələmə almışdır. S.Stasyuleviç Naxçıvanda yaşayarkən Kəlbəli xan Naxçıvanski ilə tanış olmuş və onun iki övladının təlimi ilə fərdi qaydada məşğul olmuşdu. Ondan razı qalan Kəlbəli xan Sofiyaya İrəvana getməyi və müsəlman uşaqlarının tərbiyəsi ilə məşğul olmağı məsləhət görür. İrəvana gələn Sofiya əvvəlcə yerli xanlara müraciət edir ki, müsəlman uşaqları üçün pansion açmağa yardım etsinlər, lakin onlardan müsbət cavab almır. Zelinski daha sonra yazır ki, xoşbəxtlikdən Şəfi bəy adlı birisi Sofiyaya təklif edir ki, əlavə şagirdlər tapmaq şərtilə onun uşaqlarına pulsuz təlim keçsin. Sofiya ev kirayələyir və tezliklə onun şagirdləri artır və ikinci ilin sonunda 15 nəfərə çatır. Sofiyanın təlimdəki müvəffəqiyyəti və uşaqlara göstərdiyi analıq qayğısı sayəsində onun pansionunda təlim-tərbiyə verdiyi müsəlman balalarının sayı daha sonra 45 nəfərə çatır. Onun pansionundan progimnaziyaya daxil olan şagirdlər oranın ən yaxşı şagirdləri kimi ad qazanırlar. Qazandığı uğurlarına görə ermənilər və ruslar da öz uşaqlarının Sofiyanın pansionuna göndərirdilər. 1877–1880-ci illərdə S.Stasyuleviçin pansionunda 105 şagird təlim-tərbiyə görmüşdü ki, onların 58-i azərbaycanlı, 43-ü erməni, 4-ü rus uşaqları idi.

1880-ci ildə açılan İrəvan şəhər ibtidai məktəbi 1900-cü ildə üçsinifli Puşkin adına məktəbə çevrilmişdi. 1901-ci ildə Puşkin adına məktəbin nəzdində bazar günü məktəbi açılmışdı. Məktəbə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq 16 yaşından 50 yaşınadək irəvanlılar qəbul edilirdilər. Puşkin adına məktəbdə rus və digər dillərlə yanaşı, Azərbaycan dili də tədris edilirdi. Mirzə Hüseyn Axundov məktəbin müsəlman bölməsinin müdiri olmaqla yanaşı, Azərbaycan dili müəllimi kimi də fəaliyyət göstərmişdir. Ermənistanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak etmiş Saleh Güllicinski Puşkin məktəbinin məzunu olmuşdu.

1881-ci il noyabrın 3-də tərkibində iki sinif olmaqla İrəvan Müəllimlər Seminariyasının I sinfinin açılışı olmuşdur. Seminariyanın ilk direktoru Yakob Suşevskinin səyi nəticəsində birinci il seminariyaya 9 müəllim, 42 şagird cəlb edilmişdi. 1882-ci ildə seminariyanın II sinfi, 1883-cü ildə III sinfi açılmışdır. Qafqazda olan bütün müəllimlər seminariyası kimi, İrəvan müəllimlər seminariyası da 4 sinifdən ibarət olmuşdur. İrəvan Müəllimlər Seminariyasının pedaqoji kontingentinin formalaşmasında, əsasən, Qori Müəllimlər Seminariyasının məzunlarından istifadə edilmişdir. Seminariyanın əsasnaməsinə görə bu təhsil ocağına ancaq oğlanlar qəbul oluna bilərdilər. Seminariyanın nəzdində həmçinin ibtidai məktəb fəaliyyət göstərirdi. Seminaristlər pedaqoji təcrübələrini həmin məktəbdə keçirdilər. Ordubad şəhər məktəbi həmin seminariyanın təcrübə məktəbi hesab olunurdu. Seminariyada müxtəlif fənlər tədris edilməklə yanaşı, bir sıra peşələr – xarratlıq, cildçilik işi, tərəvəzçilik və ipəkçilik fənləri də könüllü olaraq tədris olunurdu. Qafqaz məktəbləri üçün müəllimlər hazırlayan İrəvan Müəllimlər Seminariyasının 1895-ci ildəki vəziyyətinə aid hesabatda göstərilir ki, 1884-cü ildəki ilk buraxılışından 1895-ci il buraxılışı arşında olan müddətdə seminariyanı 123 nəfər bitirmişdir ki, onlardan 25 nəfərini azərbaycanlılar, qalanlarını digər millətlərin nümayəndələri təşkil etmişlər. İrəvan müəllimlər seminariyasının direktoru V.Dobrıninin 1918-ci ildə yazdığı hesabatdan aydın olur ki, 1915–16-cı tədris ilində seminariyanı 19 nəfər, 1916–17-ci tədris ilində 22 nəfər, sonuncu – 1917–18-ci tədris ilində isə 23 nəfər azərbaycanlı bitirmişdir. Ümumiyyətlə, üç il ərzində seminariyanı 316 nəfər bitirmişdi ki, onlardan 64 nəfərini azərbaycanlılar, 2 nəfərini isə türklər təşkil etmişdi.

İrəvan Müəllimlər Seminariyasında ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənləri ilə yanaşı, tatar (Azərbaycan dili) dərsləri də keçirilirdi. Axund Məhəmmməd Bağır Qazızadə uzun müddət İrəvan Müəllimlər Seminariyasında şəriət müəllimi, Ələsgər Kərimov, Rəhim Xəlilov, Rəşid bəy Şahtaxtinski, Mirzə Cabbar Məmmədov Azərbaycan dili müəllimi işləmişdilər.

İrəvan Müəllimlər seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur. Həmin il məktəbin 5 nəfər məzunu olmuşdu. XIX əsrin sonlarında Zaqafqaziyada işləyən kənd məktəblərinin müəllimlərinin və müdirlərinin xeyli hissəsi ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ əldə etmişdilər. Tanınmış simalardan Haşım bəy Vəzirov, Həmid ağa Şahtaxtinski, Tağı bəy Səfiyev, İbadulla Muğanlinski, Şamil Mahmudbəyov, Cabbar Məmmədov İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı məzunları quberniyanın ərazisində mövcud olan rus-tatar məktəblərinə müəllim təyin edilirdilər.

1918-ci ilin mayında İrəvan quberniyasının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası qurulduqdan sonra İrəvan Müəllimlər Seminariyasının fəaliyyətinə son qoyulmuşdur. Ermənilərin 1918–1920-ci illərdə İrəvanda həyata keçirdikləri soyqırımlar azərbaycanlı məktəblərinin hamısının bağlanması ilə nəticələndi. İrəvan ziyalılarının bir qismi erməni vəhşiliklərinin qurbanı oldular. Bir çox ziyalılar isə İrəvan şəhərindən didərgin düşdülər. İrəvanlı ziyalıların bir qismi İrana, bir qismi Türkiyəyə qaçdılar, böyük bir qismi isə Azərbaycanda özlərinə yeni yurd-yuva qurdular. Yüz illər boyu formalaşmış adlı-sanlı nəsillərin hərəsi bir tərəfdə özlərinə sığınacaq tapdı, qohumluq bağları qırıldı, yeni mühitdə yeni adət-ənənələrə uyğunlaşmaq məcburiyyətində qaldılar. Daşnakların hakimiyyəti dövründə şəhəri tərk etmiş azərbaycanlıların yalnız bir qismi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıda bilmişdi. Bütün zamanlarda bu ərazidə çoxluq təşkil edən azərbaycanlılar öz doğma yurd-yuvalarında “milli azlığa” çevrilmişdilər.

Ermənistan Xalq Komissarları Soveti 1920-ci il dekabrın 9-da məktəblərin kilsədən və məsciddən ayrılması və dövlətin ixtiyarına verilməsi barədə dekret vermişdi. Ermənistan Xalq Maarif Komissarlığının 17 dekabr 1920-ci il tarixli əmrində təlimin məktəblərdə ana dilində və pulsuz olacağı qərara alınmışdı. Ermənistan XMK-nin 23 aprel 1921-ci il tarixli qərarına əsasən azərbaycanlıların öz dillərində təhsil alması, erməni və xarici dillərdən birinin məcburi tədris edilməsi təsbit edilmişdi.

Ermənistanda yaşayan digər xalqların arasında aparılan mədəni-maarif işlərinə rəhbərlik etmək üçün 1921-ci ilin sonlarında Ermənistan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində azlıqda qalan millətlərlə işi gücləndirmək üçün türk bölməsi yaradılmışdı. Həmin bölməyə əvvəlcə sabiq İrəvanlı, Azərbaycandan gəlmiş Məmmədəli Nasir, sonra isə 1921-ci ildə Azərbaycandan rəhbər vəzifəyə göndərilən, Ermənistan xalq daxili işlər komissarının müavini, daha sonra isə xalq ictimai təminat komissarı olmuş Bala Əfəndiyev rəhbərlik etmişdi. Sonralar Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən “Azlıqda qalan millətlər bürosu” 1932-ci ilin iyunundan “Azlıqda qalan millətlər şurası”na çevrilmişdi. Ermənistanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğv edilməsində “Azlıqda qalan millətlər şurası”nın xüsusi rolu olmuşdu. 1924-cü il aprelin 28-də İrəvanda Yeni Türk Əlifba Komitəsi yaradılmışdı. Bala Əfəndiyevin rəhbərlik etdiyi Yeni Türk Əlifba Komitəsi Ermənistanda azərbaycanlı əhali arasında savadsızlığın ləğv edilməsində çox iş görmüşdü.

Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra təhsilin inkişafı üçün əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı. Azərbaycanlı məktəblərinin müəllimə olan ehtiyacını təmin etmək üçün qısa müddət ərzində İrəvanda və Gümrüdə kurslar təşkil edilmişdi. Bəzi müəllimlər ixtisaslarını artırmaq üçün Bakıya göndərilmişdilər. Əgər 1922-ci ildə Ermənistanda təhsil Azərbaycan dilində olan 32 məktəb var idisə, 1923–24-cü tədrisi ilində onların sayı 104-ə çatmışdı.

Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində azərbaycanlı qızlar məktəbində, keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbdə (bu məktəbi irəvanlılar Haşım bəyin məktəbi adlandırırdılar), əvvəllər S.M.Kirov adına olan və sonralar Mizə Fətəli Axundovun adını daşıyan məktəbdə və şəhərdəki digər iki beynəlmiləl məktəbdə azərbaycanlı uşaqlar təhsil alırdılar. İrəvan şəhərində savadsızlığı ləğvetmə kursları açılmışdı. 1923-cü ildən fəaliyyət göstərən İrəvan Qadınlar Klubu savadsızlığın ləğv edilməsində və evdar qadınlara peşə öyrədilməsində xeyli iş görmüşdü.

1925-ci il mayın 30-da Əzizbəyov adına məktəbdə Ermənistandakı Azərbaycan məktəblərinin müəllimlərinin respublika müşavirəsi keçirilmiş, yeni əlifbanın təlim üsullarının bəzi cəhətlərinə aydınlıq gətirilmişdi. Həmin il avqustun 25-də Gümrüdə (Leninakanda) Ermənistandakı Azərbaycan məktəblərinin müəllimlərinin qurultayı keçirilmişdi. 1930-cu ildə ümumicbari ibtidai təhsilin tətbiqinə başlanılmışdı. 1930–1931-ci tədris ilində Ermənistanda 971 məktəb mövcud idi ki, orada 132.300 şagird təhsil alırdı. Bunlardan 162-i azərbaycanlı məktəbi idi və onlarda 9536 şagird təhsil alırdı. 1936-cı ildə Ermənistandakı Azərbaycan məktəblərində işləyən 541 müəllimdən yalnız 5-nin ali təhsili var idi ki, onlar da İrəvan şəhərindəki məktəblərin müəllimləri idilər. 1935-ci ildə Gümrüdə (Leninakanda) Azərbaycan dilində qiyabi ikiillik Müəllimlər İnstitutu açılmışdı. Sonradan həmin institut Dilican şəhərinə köçürülmüş və daha sonra bağlanmışdı. İkiillik Müəllimlər İnstitutunda Bakıdan göndəriləm müəllimlər dərs deyirdilər.

Ermənistanda sovet hakimiyyəti qurulsa da, azərbaycanlılara qarşı məkrli siyasət üstüörtülü şəkildə davam etdirilirdi. Ermənistanın kommunist qiyafəsinə bürünmüş millətçi rəhbərləri milli ayrı-seçkilik edir, azərbaycanlı əhalini başsız qoymaq üçün ilk növbədə onların ziyalılarını müxtəlif yollarla sıradan çıxarırdılar. XX əsrin 20–30-cu illər repressiyası bütöv Ermənistanda olduğu kimi, İrəvanda yaşayan azərbaycanlı ziyalıların və din xadimlərinin də sıralarının seyrəlməsinə səbəb olmuşdu. Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 18 iyun 1928-ci il tarixli qərarı ilə azərbaycanlıların dini mərasimlərinin istər məscidlərdə, istərsə də digər dini ibadət yerlərində keçirilməsinə qadağa qoyularaq cinayət əməli hesab edilmişdi. Bundan sui-istifadə edən Ermənistanın hüquq-mühafizə orqanları yüzlərlə azərbaycanlı din xadiminin saxta ittihamlarla repressiyaya məruz qoyulmalarına nail olmuşdular. İlk təhsilini İrəvanda alan, sonra Bağdadda və Nəcəfdə təhsilini davam etdirən, ərəb və fars dillərinə mükəmməl yiyələnən məşhur şərqşünas, “Hadi”, “Səfa” təxəllüsü ilə ərəb, fars və Azərbaycan dilində şeirlər yazan Mirzə Hüseyn ağa repressiyaya məruz qoyularaq 1938-ci ildə Rusiyanın Kaluqa şəhərinə sürgün edilmiş, təqribən 70 yaşında orada vəfat etmişdir. Hüseyn Cavidlə, Bəkir Çobanzadə ilə dostluq edən, Rusiya və İrandakı şərqşünaslarla məktublaşan Mirzə Hüseyn ağanın irsini də ermənilər müsadirə edərək məhv etmişdilər.

İrəvanlı ziyalılardan “Qızıl şəfəq” qəzetinin redaktoru Mustafa Hüseynov saxta ittihamla həbs edilərək güllələnmiş, qəzetin digər əməkdaşlarından İbrahim Əliyev, şair Abbas Azəri, İsmayıl Əliyev, Abdulla Mirzəyev repressiyaya məruz qoyulmuşdular. 1930–1935-ci illərdə İrəvan Türk Pedaqoji texnikumunun 102 nəfər tələbə və müəllimləri “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” damğası ilə repressiyaya məruz qoyulmuşdular.

1924-cü ildən fəaliyyət göstərən, Ermənistandakı Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan internat tipli İrəvan Türk Pedaqoji Texnikumunun məzunları arasından onlarla akademik, elmlər doktorları, yüzlərlə maarif fədailəri yetişmişdir. Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər. 1936-cı ildən İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlanan həmin təhsil ocağı Azərbaycan elminə və maarifinə Yusif Məmmədəliyev kimi bir sıra görkəmli xadimlər bəxş etmişdir.

1926-cı ilin ortalarından etibarən İrəvan Yeni Türk Əlifba Komitəsi və Ermənistan Xalq Maarif Komissarlığının nəzdindəki Azsaylı xalqlarla iş şöbəsinin birgə orqanı olan “Xalq maarifı” adlı pedaqoji məcmuə ayda bir dəfə işıq üzü görməyə başlayır. Bala Əfəndiyevin və Mehdi Kazımovun təşəbbüsü sayəsində nəşr edilən “Xalq maarifı” jurnalı, əsasən, azərbaycanlı müəllimlərin mədəni-maarif və pedaqoji tələbatını ödəmək, tədrisin yeni metod və üsullarla aparılmasına yardım etmək məqsədi daşıyırdı. Jurnalın ayda bir dəfə nəşr edilməsi nəzərdə tutulsa da, 1926-cı ildən 1932-ci ilə qədər cəmi 9 nömrəsi işıq üzü görmüşdü. Ermənistanın şovinist rəhbərliyi azərbaycanlıların mədəni inkişafının qarşısını almaq üçün heç bir əsas olmadan bu jurnalın da fəaliyyətini əvvəlcə əngəlləmiş, sonra isə tamamilə dayandırmışdı.

1928-ci ildən İrəvanda Kənd Təsərrüfatı Texnikumunun azərbaycanlı bölməsi fəaliyyətə başlamış, 1933-cü ildən həmin bölmə müstəqil İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumuna çevrilmişdi. 1937-ci ildən İrəvan Pedaqoji İnstitutunun 3 fakültəsində Azərbaycan bölməsi (dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya) mövcud idi. “Könüllü köçürülmə” adı altında həyata keçirilən azərbaycanlıların Ermənistandan 1948–1953-cü illər deportasiyası nəticəsində Azərbaycan məktəblərinin şəbəkəsi ciddi dağıntıya məruz qoyulmuş, İrəvan Pedaqoji Texnikumu 1948-ci ildə tələm-tələsik Azərbaycanın Xanlar (indiki Göygöl) rayonuna köçürülmüşdü. İrəvan Dövlət Pedaqoji İnstitutunun və Erməni Dövlət Qiyabi Pedaqoji İnstitutunun azərbaycanlı bölmələri (dil-ədəbiyyat, tarix, fizika-riyaziyyat) müvafiq olaraq Bakıdakı pedaqoji institutlara köçürülmuşdü. Həmin dövrdə İrəvan şəhərində təlim Azərbaycan dilində olan iki orta məktəbin – Kirov adına qızlar və Əzizbəyov adına oğlanlar orta məktəblərinin müəllim və şagird kontingentinin xeyli hissəsi Azərbaycana köçmək məcburiyyətində qalmış, bununla da azərbaycanlı pedaqoji kadrların İrəvan şəhərindən uzaqlaşdırılmasını istəyən Ermənistan rəhbərliyinin çoxdankı arzusu həyata keçmiş oldu.

Yalnız 1954-cü ildə tərkibində iki fakültə (fizika-riyaziyyat və Azərbaycan dili və ədəbiyyatı) olmaqla İrəvan Pedaqoji İnstitutunda yenidən Azərbaycan bölməsi açıldı. İnstitutda yalnız Azərbaycan dili və ədəbiyyatı kafedrası müstəqil fəaliyyət göstərirdi. Kafedraya əvvəlcə tanınmış elm xadimi Əkbər Yerevanlı, onun vəfatından sonra isə Knyaz Mirzəyev rəhbərlik etmişdi. İnstitutun Azərbaycan bölməsində müəyyən fənlərin tədrisi üçün Bakıdan müvafiq ixtisaslı alimlər dəvət edilirdi. 1961-ci ildə İrəvan Pedaqoji İnstitutunda Fizika-riyaziyyat və Ədəbiyyat-tarix fakültələri ləğv edilmiş, əvəzində 25 tələbənin təhsil aldığı İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi açılmışdı. 1970-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsi də ləğv edilmiş, əvəzində 25 tələbə qəbul edilən Ədəbiyyat-tarix fakültəsi açılmışdı.

1960-cı illərin ortalarından etibarən erməni şovinizminin yenidən baş qaldırması və qədim Azərbaycan məhəllələrində kompakt şəkildə yaşayan azərbaycanlı ailələri şəhərin kənarında salınan yeni qəsəbələrə pərakəndə halında köçürülmələri, azərbaycanlı balalarının şəhərin ucqarlarından mərkəzdəki Azərbaycan məktəblərinə gedib-gələ bilməmələri azərbaycanlı ailələri İrəvan şəhərindən köçüb getməyə məcbur edirdi. Bəzi azərbaycanlı ailələri öz uşaqlarını şəhərdəki rusdilli məktəblərdə oxutdurmaq məcburiyyətində qalırdılar. Bütün bunlar öz növbəsində İrəvan şəhərində azərbaycanlı şagird və müəllim kontingentinin azalmasına səbəb olurdu.

Ermənistan SSR Maarif Nazirliyinin 1981–1982-ci illərdə təlim Azərbaycan dilində aparılan və beynəlmiləl məktəblər haqqında verdiyi məlumata görə Ermənistanda 155 sırf Azərbaycan və Azərbaycan siniflərinin də mövcud olduğu 38 beynəlmiləl məktəblərdə cəmi 48812 azərbaycanlı şagird təhsil almışdır. Həmin dövrdə İrəvan şəhərində mövcud olan bir səkkizillik və bir Azərbaycan orta məktəbində cəmisi 176 şagird təhsil almışdır. Onlardan 36-sı Əzizbəyov adına səkkizillik məktəbdə, 140-ı isə Axundov adına orta məktəbdə oxuyurdular.

İrəvan şəhəri Azərbaycan elminə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Uzun müddət Ermənistan SSR Maarif Nazirliyi sistemində işləmiş Nurəddin İbrahimovun tərtib etdiyi siyahıdan məlum olur ki, sovet hakimiyyətinin süqutunadək əslən İrəvan şəhərindən olan, elmin müxtəlif sahələrini əhatə edən 6 akademik, akademiyanın 3 müxbir üzvü, 27 elmlər doktoru və 73 elmlər namizədi yetişmişdir. Bir ənənə olaraq Ermənistan SSR maarif nazirinin müavinlərindən biri azərbaycanlı olurdu. Bu vəzifədə müxtəlif vaxtlarda Rəhim Allahverdiyev, Rza Vəlibəyov, Suren Şərifov, İsrafil Məmmədov işləmişlər.

1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması Ermənistanda azərbaycanlıların tamamilə deportasiya olunması və bununla da zəngin ənənəyə malik olan təhsil ocaqlarının birdəfəlik məhv edilməsi ilə nəticələndi. 1988-ci ilin fevralında M.F.Axundov adına İrəvan şəhər Azərbaycan orta məktəbinin binası erməni vandalları tərəfindən yandırıldıqdan sonra məktəbdə tədris prosesinə son qoyuldu. Ümumiyyətlə, 1988–1989-cu illərdə təlim Azərbaycan dilində aparılan 155 məktəb və 38 beynəlmiləl məktəblərdəki Azərbaycan bölmələri bağlandı. 48681 şagird və 3992 müəllim Ermənistandan zorakılıqla deportasiya edildi.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

QƏRBİ AZƏRBAYCANDA FOLKLOR
“Qərbi Azərbaycan” etnik-mədəni arealı ümum-Azərbaycan etnomədəni sisteminin üzvi tərkib hissəsi olsa da, bu termin altında nəzərdə tutulan coğrafi ərazidə – indiki Ermənistan Respublikasında yaşayan soydaşlarımız son iki yüz ildə dəfələrlə deportasiya və soyqırımlara məruz qalmış, əcdadlarımızın minilliklər boyu burada yaratdığı milli-mənəvi dəyərlər qəddarcasına dağıdılmış, acgözcəsinə talanmış, xaincəsinə mənimsənilərək böyük bir hissəsi erməni tarixinə, erməni mədəniyyətinə, erməni folkloruna identifikasiya olunmuşdur.

Bununla belə, Qərbi Azərbaycan folklorunun nəinki şifahi, həm də ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Qərbi Azərbaycan ərazisində müşahidə olunan epiqrafik abidələr və onlarda əks olunmuş folklor motivləri;

2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər;

3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri;

4. Erməni mənbələrində istifadə olunan Azərbaycan folklor obraz, motiv və süjetləri.

Tədqiqatlar sübut edir ki, Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılmışdır ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan əlifba ilə türk dilində qələmə alınmışdır. Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı 3-nün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Artaksi (Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyniməzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır. Loru mahalının Cücəkənd kəndindən tapılan üçüncü yazı isə oradakı “Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar” məzmununda olan atalar sözü folklorşünaslıq baxımından daha böyük önəm daşımaqdadır. Daha bir önəmli yazılı qaynaq Mehri (Meğri) rayonu ərazisində, Nüvədi kəndi yaxınlığındakı Qarqadaşı dağında cızılmış runik türk yazısıdır.

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər də önəm daşımaqdadır. Onlardan biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarının həyatı” adlı salnamədə Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən söhbət açılır və onun nəslinin ata yurdu kimi Böyük Ağrı dağıyla Kiçik Ağrı dağı arasındakı ərazi göstərilir. Bunu Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq edir.

Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində Əbubəkr ət-Tehrani əl-İsfahaninin “Kitabi-Diyarbəkriyyə”si xüsusi yerə sahibdir. Əsərin müəllifi, Uzun Həsənin böyük babası – Ağqoyunlu dövlətinin banisi olan Qara Yülük Osman bəyin nəsil şəcərəsini araşdıraraq 52-ci babada Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi dövlətin əhatə etdiyi əraziləri sadalayır və nəhayət, onun (Oğuz Xaqanın) Göyçə dənizi ətrafında vəfat etdiyini yazır. Əbubəkr Tehrani Oğuzun nəvəsi Bayandur xan haqqında daha maraqlı məlumat verərək göstərir ki, Bayandur xan “Qarabağ qışlağına və Göyçə dəniz yaylağına” yollanır. Burada böyük qurultay çağırır, çoxlu camaat yığır, əzəmətli məclis qurur, çoxlu qızıl və gümüş, beş yüz naxışlı kəmər və kəmərlərin üstündə qızıl və gümüş qılınclar bəxşiş edir və nəhayət, məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə bölüb “bir neçə gündən sonra Allahın dəvətini qəbul edib”.

Bu söylənənlər Qərbi Azərbaycanın “Oğuznamə”lərin formalaşma və yayılma arealına daxil olduğunu, yerli folklor ənənələrinin, xüsusən də oğuzlarla bağlı əfsanə və rəvayətlərin yazılı qaynaqlar üçün etibarlı mənbə olduğunu göstərir.

Vaxtilə İrəvanda olmuş Jan Taverniye, Jan Şarden, Kerr-Porter, Ceyms Morier, Kameron, Lord Linç və başqa Avropa səyyahları da öz qeydlərində Qərbi Azərbaycanın folkloru barədə məlumat vermişlər. Bunlardan İrəvan bəylərbəyini Çuxursəəd bəylərbəyliyi adı ilə təqdim edən Jan Şarden Şərur sultanlığının, Naxçıvan xanlığının onun tərkibində olduğunu göstərir. Həm də İrəvanda heç bir erməni ailəsinin yaşamadığını bildirir.

Tədqiqatlar sübut edir ki, məlum səbəblərdən Şimali Azərbaycanın hər yerinə səpələnmiş qərbi azərbaycanlıların söz yaddaşını yaşadan folklor informatorları lokal və regional şəraitdən asılı olaraq fərqli coğrafi mühitə düşdüklərindən, ənənəvi məişətdən uzaqlaşır, yaddaşlar getdikcə zəifləyir. Çünki folklor öz regional mühitində funksional ola bilir. Mühitdən qopandan sonra isə o çox sürətlə passiv fona keçir. Bununla belə, Qərbi Azərbaycandan didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş yerli xalqın kompakt şəkildə yaşadıqları bölgələrə təşkil edilən elmi ekspedisiyalar zamanı hələ də yaddaşlardan silinməyən zəngin materiallar toplanmışdır.

Qərbi Azərbaycan folklorunda tarixi yaddaşın və epik təfəkkürün semantikasının öyrənilməsi istiqamətində aparılan araşdırmalar sayəsində aşağıdakılar müəyyən edilir:

– Azərbaycanın bütün bölgələrinin folklorunda olduğu kimi, Qərbi Azərbaycan folkloru da toponimik əfsanələrlə zəngindir və onlar özlərində əski yurd yerlərimizin adlarını əbədiləşdirməklə həmin ərazilərin tarixən türklərə məxsusluğunu birmənalı şəkildə təsdiqləyir.

Qərbi Azərbaycan folklorunun etnoregional xüsusiyyətləri araşdırılarkən müəyyən olunur ki, Qərbi Azərbaycanın yerli əhalisinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirmişdir.

İrəvan şəhəri, Vedibasar, Zəngəzur, Dərələyəz, Ağbaba, Şörəyel, Loru, Pəmbək, Göyçə, Qaraqoyunlu, Şəmşəddin kimi bölgələr Qərbi Azərbaycanın tərkib hissəsi olmaqla bərabər, digər mahallarla da sıx əlaqədə olmuşdur. Böyük ticarət yollarının üzərində olan bu bölgəni Osmanlı dövləti ilə, şimali və cənubi Azərbaycanla, Borçalı mahalı ilə ayrılmaz tellər bağlamışdır. Şəmşəddin, Qaraqoyunlu, Dilican və Göyçə mahallarında yaşayan türklərin adət-ənənə, məişət baxımından Gəncəbasarın yerli əhalisi ilə, demək olar ki, eyni olması tarixi faktdır.

Tarixən Qarabağ xanlığının tərkib hissəsi olan Zəngəzur mahalı adətlərinə, məişətinə görə Qarabağ türkləri ilə eynilik təşkil etmişdir. Bu ərazinin qərb hissəsi Anadolu türkləri ilə qaynayıb-qarışmış, onlarla sıx əlaqədə olmuşdur. İrəvan, Vedibasar, Gərnibasar, Zəngibasar kimi ərazilərin Güney Azərbaycanın Təbriz, Xoy, Maku kimi şəhərləri ilə bağlılığı, əlaqələri də bir faktdır və s. Bu istər şivələrdə, istərsə də sənətkarlıq nümunələrində, adətlərdə özünü qabarıq şəkildə göstərir. Zəngin mədəni irsi, folkloru, ədəbiyyatı və musiqisi ilə seçilən bu bölgə bütöv Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ayrı-ayrı bölgələrin keçdiyi tarix, mədəni irs, toponimlər də onun ümum-Azərbaycan tarixi və mədəniyyəti ilə birbaşa bağlılığını göstərir. Coğrafi-siyasi termin kimi ötən əsrin sonlarından etibarən işlənməyə başlayan “Qərbi Azərbaycan” anlayışından törəmə olan “Qərbi Azərbaycan folkloru” anlayışı Azərbaycan folklorşünaslığının yeni istiqamətidir. Həm bütövlükdə Azərbaycan, həm də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi, başqa sözlə, məhəlli variantı olan Qərbi Azərbaycan folkloru Azərbaycan və ümumtürk folkloru kontekstindən araşdırıla bilər və araşdırılmalıdır.

Mühitlə bağlı regional xüsusiyyətlər Qərbi Azərbaycanda qeydə alınmış mərasim folklorunda, adət və ənənələrdə də müşahidə edilir. Məsələn, Novruz ərəfəsi və Novruz bayramı ölkəmizin digər bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geniş qeyd olunub. Əhalinin bu el şənliyinə elliklə qatılması olduqca maraqlı folklor nümunələrinin formalaşmasına gətirib çıxarmışdır.

Öz qədimliyi ilə islamiyyətdən çox-çox əvvəllərlə səsləşən Qurban bayramı da Qərbi Azərbaycanda həmişə böyük təntənə ilə və regional özünəməxsusluqlarla keçirilirdi. Ən qədim mərasimlərdən olan Xıdır Nəbini insanlar bu yaxınlara qədər qoruyub saxlamışdılar, yağışlı havalarda cavanlar qodu-qodu gəzdirirdilər.

Azərbaycanın xalq mahnı və janrlarına daxil olan tırınqı və nanayların musiqi forma xususiyyətlərinin öyrənilməsi ən aktual məsələlərdən biri kimi gündəmdə durur. Onların məzmunu incəsənət janrının bütün növlərində olduğu kimi, forma xüsusiyyətlərində də öz əksini tapır. İstər toylarda, istərsə də yığnaqlarda oxunan tırnıqların ana xəttini yurd həsrəti, ayrılıq motivləri təşkil etdiyindən tırınqılar xüsusi yanğı ilə oxunurdu.

Əziz Ələkbərli
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri
Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent

QƏRBİ AZƏRBAYCANDA TƏSVİRİ İNCƏSƏNƏT
Etiraf edilib-edilməməsindən asılı olmayaraq faktlar sübut edir ki, indiki Ermənistan ərazisi tarixən Azərbaycana məxsus olmuş türk torpaqlarıdır. Dolayısı ilə bunu erməni mənbələrinin özü də təsdiq edir. Azərbaycan xalqının ulu əcdadları tarixən yaşadıqları coğrafiyalarda zəngin mədəni irsə və bu torpaqlara sahib sakinlər olduqlarını əks etdirən təkzibolunmaz sübutlar qoyub getmişlər.

XVIII əsrə aid qravürdə İrəvan şəhərinin görüntüsü əks olunur. Həmin qravürün ətraflı şəkildə öyrənilməsi göstərir ki, istər ş əhərin quruluşu, istərsə də ayrı-ayrı yaşayış binaları və kult tikilililəri orta əsr Azərbaycan şəhərlərinin quruluşu ilə eyni xüsusiyyət və formalara malikdir. Orta əsr səyyahlarının (məsələn, Evliya Çələbinin) əsərlərindəki qeydlər də həmin qravürlə üst-üstə düşür və sübut edir ki, İrəvan qədimdən Azərbaycan şəhəri olmuşdur.

İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində ilk rastlaşdığımız arxaik memarlıq abidələri menhirlərdir (fransızca men-daş, hir-uzun). Zəngəzur, Vedi, Qarakilsə rayonları ərazisində menhirlərə rast gəlinir. Yerli əhali arasında onlara “qoşun daş” deyilirdi. Bu daşların türk tayfaları tərəfindən daş qoşunları (qoşun daş) adlandırılması qədim animistik təsəvvürlərin və atalar kultunun nəticəsidir. Tayfa ağsaqqallarına sözsüz tabelik və pərəstiş atalar kultunu meydana gətirmişdi. Menhir daşlarına canlı məxluq, qüdrətli, hər şeyə qadir varlıq kimi baxılırdı. Qədim idrakın ənənəvi davamı əsasında bu daşlar canlı, silahlı insan dəstəsi kimi yad edilmişdir. Zəngəzur mahalının Qarakilsə qəsəbəsində e.ə. II minilliyə aid meqalitik tikili qalıqlar mövcuddur. Onlar Azərbaycanın digər ərazilərindəki (Xocalı, Ziyarətdağ ­– Daşkəsən, Böyük və Kiçik Qaramurad kəndləri – Gədəbəy) menhirlərlə eyni quruluşa və xüsusiyyətlərə malikdir. Yerli əhali hələ də həmin daşları müqəddəs varlıq hesab edir.

Maraqlıdır ki, menhirlərin Azərbaycanda dəmir dövrünün sonlarında (e.ə I minilliyin sonu, b.e. ilk əsrləri) yaradılmış insan fiqurları ilə müəyyən yaxınlığı var. Şamaxı rayonunun (Xınıslı, Dağkolanı) kəndlərindən tapılmış daş heykəllərin təhlili göstərir ki, bu heykəllər vəfat etmiş döyüşçünün ruhunun sonradan gəlib onu tapması üçün qəbrinin üzərində qoyulurmuş. Eynilə, menhirlər də ölmüş döyüşçünün ruhunu simvolizə edirdi. Göründüyü kimi, Qərbi Azərbaycan ərazisindən tapılan menhirlər ilə digər ərazilərdəki qədim türk heykəllərinin ideoloji əsası eynidir. Azərbaycan ərazisində yaşayışın ən qədim izlərini həm də qayaüstü təsvirlərdə axtarmaq doğru olardı.

Zəngəzur mahalının Qarakilsə və Loru mahalının Soyuqbulaq kəndi yaxınlığındakı Armudlu və Qaçaqqırılan dərələrində e.ə V–IV və e.ə III–II minilliklərə aid qayaüstü təsvirlər vardır. Həmin qayaüstü təsvirlərin Qobustan, Şüvəlan (Abşeron), Gəmiqaya (Naxçıvan MR) və Kəlbəcər dağlarında aşkar olunmuş qayaüstü təsvirlərlə stilistik oxşarlığı, fiqurların plastikliyi, şərtiliyi, sxematikliyi, təsvir məkanında fiqurların düzümü, təsvirlərin (insan, at, keçi, maral, tur, pələng, canavar və s.), rəqs və ov səhnələrinin identikliyi ulu əcdadlarımızın həyat və məişətini, dünyadərkini özünəməxsus, maraqlı dillə çatdırmaqla yanaşı, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan türklərinə məxsus olduğunu aşkar surətdə sübut edir.

Soyuqbulaq kəndi yaxınlığında aşkar olunmuş təsvirlər arasında xüsusilə diqqət çəkəni şərti, sxematik və sərt konturlarla çəkilmiş, üstündə əjdaha təsviri olan maral rəsmidir. Maral təsviri bolluq və bərəkətin, əjdaha isə şər qüvvələrin rəmzi hesab olunur. Maral və əjdaha təsviri Azərbaycan incəsənətində geniş yer almış motivlərdən biridir. Hələ 1898-ci ildə rus alimi A.Bobrinski Qarabağda qazıntı işləri aparan alman dili müəllimi E.Reslerə məktubla müraciət edərək Qarabağ xalçalarında rast gəlinən “S” hərfinə bənzər naxışın mənşəyini öyrənməyi xahiş etmiş və yazmışdır: “…Mən əminəm ki, hazırda rəmzi mahiyyətli bu bəzək uzaq keçmişdə real varlığı təmsil etmişdir. Ona görə də biz bunun əcdadını canlı təbiətdə axtarmalıyıq…”.

Həqiqətən də, incəsənətimizə əjdaha motivinə geniş yer verilməsi əbəs yerə olmamışdır. Bu motiv uzaq keçmişlərdə elə indi də türkdilli xalqların həyatı, məişəti, folkloru, mifologiyasında önəmli yer tutmuşdur. Hətta bu günədək ilan və əjdaha totemi ilə əlaqədar yer adlarına rast gəlinir. Naxçıvanda “İlan dağ”, Qazaxda “Əjdaha qayası”, Göyçə gölü ətrafındakı bir çox yerlərdə, Karvansara (indiki İcevan) rayonunun Çallı kəndində “Əjdaha yurdu”, Basarkeçər rayonunun Zod kəndində “Əjdaha qayası” və s. adlanan yerlər buna misaldır. Əjdaha obrazı “Məlikməmməd”, “Tapdıq”, “Qara at” və s. kimi Azərbaycan xalq nağıllarında geniş yer almışdır. Bu nağıllarda əjdaha, əsasən, şər qüvvələri təmsil edir. Azərbaycan alimi, folklorşünası M.Ə.Seyidov göstərir ki, türkdilli xalqlar arasında yayılmış “əjdaha” sözü fars sözüdür. Türklər bu sözü əjdahadan əvvəl “buka” kimi işlədirdilər. Tədqiqatçıların fikrincə, erkən orta əsrlərdə “Buka” həm qəbilə onqonunun adı, həm də qəbilənin dini və dünyəvi rəhbərlərinə verilən ad olmuşdur. Qarabağın xovlu xalçaları, o cümlədən “Vərni” adlı xalılarda sayı 16, 20, 24-ə çatan əjdaha rəsmlərinə rast gəlinir. Stilizə edilmiş əjdaha rəsmlərindən təşkil olunan paxlava kompozisiyası sxemində toxunan, xalq arasında “Xətai” adlandırılan xalılar İstanbulda Topqapı, Xalı, Nyu-Yorkda Metropoliten, Budapeştdə Dekorativ Sənətlər Muzeyində saxlanılır. Əjdaha təsvirinin Qafqaz, İran və Anadoluda yayılmasının səbəbi türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan qərbə doğru axını ilə əlaqədardır.

Görkəmli türk alimləri Ə.Esin, O.Aslanapa, N.Diyarbəkirli və fransız sənətşünası Ameranq Saqızyan bu fikri təsdiq edirlər. Erməni mənbələrinin özləri də bəzən dolayısı ilə bu fikri təsdiq edirlər. Bəzi erməni tədqiqatçıları Azərbaycana məxsus xalçalar üzərindəki ornament və təsvirləri əsas gətirərək həmin xalçaların guya ermənilərə məxsus olmasını iddia edirlər: “Xalçaçılıq sənətində analoqu olmayan “vişapaqroq” (əjdaha xalçası) adlanan erməni xalçaları cürbəcürdür. Ara sahənin əsas mərkəzi erməni folklorunda xeyirxah və şər qüvvələri təmsil edən “vişap” (əjdaha) təsviridir”. Erməni sənətşünası Nonna Stepanyan özünün “Erməni incəsənəti” (1989) adlı kitabında erməni xalçaçılığından bəhs edir. Qarabağ qrupuna aid Azərbaycan xalçasının təsvirini verərək bu xalçanın 1700-cü ilə aid olduğunu qeyd edir və erməni “Qoar” xalçası kimi təqdim etməyə çalışır, lakin həmin xalçanın Qarabağ xalça məktəbinə aid olan “Çələbi” xalçası olduğunu xüsusi olaraq sübut etməyə ehtiyac duymuruq. Çünki erməni müəllif özü də xalçanın adını ingilis dilində “Gohar” olaraq göstərmişdir. Əslində isə, bu ad xalçanı toxuyan qadının adından götürülmüşdür. Qeyd etdiyimiz kimi üzərində əjdaha təsvirinə rast gəlinən həmin xalı Qarabağ xalçaçılıq məktəbinə aiddir. Azərbaycan dilində bu söz “Gövhər” yazılır, danışıqda isə “Göhər” şəklində işlədilir.

Bir sıra erməni mənbələrində üzərində səkkizguşəli təsvirlər olan xalçalardan da söhbət gedir ki, səkkizguşəli ulduzun da ermənilərdə hansı anlamı ifadə etdiyini anlamaq çətindir. Səkkizguşəli ulduz formasına ermənilərin Eçmiədzin adlandırdıqları Üçkilsə alban-türk xristian məbədinin mərkəzi günbəzinin daxilində də yer verilmişdir. Buradakı ornamental naxış və bəzəklər Azərbaycan xalçalarının kompozisiyalarını, miniatürlərin rənglərini xatırladır. İrəvan şəhərindən arxeloji qazıntılar zamanı aşkar olunmuş e.ə II–I minilliklərə aid saxsı qabların üzərində müqəddəs üçlüyün simvolu olan həndəsi naxışlara rast gəlirik.

Qərbi Azərbaycanın incəsənətindən danışarkən bu ərazilərdə təsadüf olunan daş qoç fiqurlarını xüsusi olaraq qeyd etmək lazımdır. Çünki onlar həm sayının çoxluğuna həm də qeyd olunan ərazidə, demək olar ki, hər kənddə rast gəlinməsinə, üslub xüsusiyyətlərinin müxtəlifliyinə və Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Lerik, Gədəbəy və Azərbaycanının başqa rayonları, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən tapılan qoç və at fiqurları ilə oxşar xüsusiyyətlərə malik olmasına görə diqqət çəkir və birmənalı olaraq bu ərazilərin qədim türk torpaqları olduğuna heç bir şübhə yeri qoymur. Qoç çox qədimlərdən ulu babalarımızın bolluq və qələbə simvoluna çevrilmişdir. Qoç fiqurlarına bir çox yerlərdə rast gəlinir. Xalçalardan tutmuş nağıllara, evlərin giriş qapısında asılmış qoşa qoç buynuzu, milli mətbəxinə qədər Azərbaycan xalqının həyatında, demək olar ki, qoç təsvirlərinə hər yerdə rast gəlinir. Azərbaycanın bir çox rayon və kəndlərində çəpər dirəklərinə, eyvanların sütunlarına, bərəkət və qüvvət rəmzi olaraq qoç buynuzlarının bərkidilməsi adəti indi də saxlanılmaqdadır.

Şifahi xalq ədəbiyyatımızda, xalq nağıllarımızda, rəvayətlərdə, sayaçı sözləri və sanamalarda, bayatılarda, dastanlarda, bir sözlə, hər yerdə qoç motivi ilə qarşılaşırıq. Təsadüfi deyil ki, türk xalqlarının ortaq kültürünün bariz nümunəsi “Koroğlu” dastanının baş qəhrəmanına da Qoç Koroğlu deyə müraciət olunur. Qoçu bir totem kimi təmsil edən təsvirlər içərisində daşdan yonulmuş qoç fiqurları bizim üçün olduqca böyük maraq kəsb edir. Hələ 1834-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Dübua de Monpare Qarabağda çoxlu daş heyvan fiqurları gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. Daş qoç fiqurlarımız haqqında rus alimi 1926-27-ci illərdə Azərbaycanda olmuş V.M.Sısoyevin yazılarında rast gəlirik. “… burada qıvrım buynuzlu bir qoç fiquru gördüm, uşağı olmayan qadınlar arasında belə bir şayiə yayılmışdır ki, kim bu qoçun ayaqları arasından sürünərək o biri tərəfə keçərsə, onun mütləq uşağı olacaqdır.”

Rast gəldiyimiz daş qoç abidələri Qərbi Azərbaycanın plastik sənəti, onları düzəldən ustanın fərdi yaradıcılığı, kompozisiya, rəsm, daşişləmə və oyma bacarığı haqqında təsəvvür oyadır. Qərbi Azərbaycanın Zəngəzur, Göyçə mahalları və digər kəndlərində tapılan daş qoç fiqurlarının təsvirləri sovetlər dönəmində Azərbaycan alimləri (akademik Rasim Əfəndi, tarix elmləri doktoru Məşədi xanım Nemətova və b.) tərəfindən öyrənilmişdir. Zəngəzur mahalının Urud kəndində, Göyçə mahalının Zod kəndində Boz burnu təpəsi, Beş daş, Daş axur, Böyük Qonur adlandırılan yerlərdə çoxlu qəbirüstü sənduqələr və qoç heykəlləri aşkarlanmışdır. Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati, həndəsi ornament motivləri, yazılar, bəzi hallarda isə, əsl mənada, süjet xarakterli kompozisiyalar təşkil edir. Fiqurların dekorativ bəzəkləri yığcam və lakonik səpkidə icra edilmişdir.

Urud kəndindəki 1578-ci ilə aid daş qoç fiqurunun dekorativ bəzəkləri diqqət cəlb edir. Qoç fiqurunun dekorativ bəzəkləri qoçun belində stilizə edilmiş nəbati naxışlardan, sağ yan hissəsində isə həkk olunmuş süjetli kompozisiyadan ibarətdir. Üfüqi istiqamətdə quyruq hissəsindən tutmuş qoçun boynunadək uzanan kompozisiyada ov səhnəsi təsvir olunmuşdur. Kompozisiyanın ən maraqlı hissəsi döş hissədə oyulmuş təsvirlərdir. Başında dik papağı olan kişi iki əlini mehrab qarşısında yuxarı qaldıraraq dua edir. Şamanizmlə bağlı dini ayinləri təsvir edən bu analoji süjetlərə Azərbaycanın digər ərazilərində də kifayət qədər rast gəlmək mümkündür.

Göyçə mahalının Zod kəndindəki “Beş daş” adlandırılan yerdə beş ədəd daş qoç fiquru var idi. Həmin fiqurların üzərində oyma üsulu ilə işlənmiş həndəsi naxışlara rast gəlinirdi. Fiqurlar yerli daşdan yonulmuş və öz plastikliyi, realizmi və ümumi görünüşünün monumentallığı ilə diqqəti cəlb edirdi. Bu isə daş qoç fiqurlarına yerli əhali arasında sanki canlı və müqəddəs varlıqlar kimi yanaşılmasına şərait yaradırdı. Bu daşların üstündə yerləşdiyi təpə, güman ki, kütləvi qəbir yeri və ya kurqan olmuşdur. Qeyd olunan kəndin əhalisi tərəfindən “Böyük qonur” adlandırılan yerdə isə çoxlu sayda daş qoçlara və əlində çomağı olan çoban fiquru var idi. Rəvayətə görə çobanın sürüsü və özü susuzluqdan əziyyət çəkirmiş. Çoban su taparsa, qurban kəsməyi niyyət tutur və dua edir. Onun duası qəbul olunur və çomağını vurduğu yerdən bulaq qaynayır. Özü və sürüsü susuzluqdan xilas olan çoban qurban kəsmir. Bundan qəzəblənən Allah çobanın özünü və sürüsünü əbədi daşa döndərir.

Daş qoç fiqurlarının ən qədimi Mərkəzi Asiyada (Xakasiya və Qazaxıstanda) aşkar olunmuşdur. Onların ən qədiminin e.ə. II minilliyə aid olduğu bildirilir. Bundan əlavə, indiki İranın şimal qərbində (Göytəpə və s.), Türkiyənin şərq əyalətlərində (Diyarbəkir və s.) tapılan, Monqolustanda Ulan-Bator şəhərinin 400 km qərbində yerləşən VIII əsr türk xaqanı Gültəkinin məzarı üzərində qazıntı işləri aparan rus alimi V.Radlov, ingilis alimi H.Heykel, fransız alimi De Laykonun aşkar etdiyi iki ədəd mərmər qoç fiqurunun təhlili bir daha sübut edir ki, onlar Qərbi Azərbaycandan aşkar olunan daş qoç fiqurlarla üslub etibarı ilə bir-birinə çox bənzəyir.

Qərbi Azərbaycanda daş qoç fiqurları ilə yanaşı qəbirüstü daş sənduqələrin üzərində verilən yazılar və təsvirlər diqqət çəkir. Urud kəndi ərazisindən aşkar olunmuş daş qoç fiqurlarının birinin üzərində “Əmirəmin oğlu İftixar. 986-cı il (Miladi 1578/79), Allah, Məhəmməd, Əli, avaldi-avğvan” sözləri yazılmışdır.

Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapmışdır. Klassik poeziya və müxtəlif dövrlərdə ölkəmizdə olmuş səyyah, rəssam və alimlərin rəsm və yazıları, XIV–XVII əsr miniatürlərində rast gəlinən divar bəzəkləri və digər faktlar bu sənətin Azərbaycanda qədim tarixə malik olduğunu, ornamental naxışlarla bərabər, həm də süjetli təsvirlərin mövcudluğunu, bədii üslub xüsusiyyətlərinə görə miniatür sənətinin təsiri altında inkişaf etdiyini sübut edir.

Ermənilər tərəfindən məqsədli şəkildə məhv edilmiş İrəvan sərdarı Hüseynqulu xanın sarayındakı divar rəsmləri bizim üçün böyük önəmə malikdir. Sarayın, xüsusən güzgülü zalın memarlıq quruluşu və dekorativ tərtibatı öz orijinallığı, zənginliyi ilə hamını valeh edirdi. 1827-ci ildə rus şairi A.Qriboyedov bu sarayda olmuş və öz “Ağıldan bəla” əsərinin tamaşasına baxmışdır. A.Qriboyedov, baron Avqust fon Haksthauzen, rəssam V.Moşkov və Q.Qaqarin öz yazıları və şəkillərində sarayın divar rəsmlərinə aid son dərəcə maraqlı məlumat vermiş, buradakı çoxfiqurlu batal (döyüş) səhnələri və portretləri yüksək qiymətləndirmişlər. Həmin faktoloji materiallar bir-birini tamamlayaraq sarayın 1850-ci illərdə görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvani tərəfindən bərpa olunmasına qədərki vəziyyəti, təsvirlərin forma və məzmunu, ifaçılıq tərzi və üslub xüsusiyyətləri haqqında müəyyən məlumat verir.

Sarayın divarlarında, xüsusən güzgülü zal və şəbəkəli yay pavilyonunda müxtəlif ornament motivləri, gül-çiçək dəstələri, heyvan və quş təsvirlərindən ibarət dekorativ kompozisiyalarla bərabər məişət səhnələri və Ə.Firdovsinin “Şahnamə” əsərindən götürülmüş qəhrəmanlıq epizodları da təsvir olunmuşdur. Belə epizodlardan biri Rüstəmin İsfəndiyarla dueli, daha sonra onun divlə vuruşması kimi batal səhnələr, digər kompozisiyalarda isə lirik səpkidə işlənmiş məhəbbət və müxtəlif məişət mövzuları təsvir olunmuşdu. Sarayın yay zalında isə Nadir şah Əfşarın Hindistan səfərindən alınmış müxtəlif epizodları təsvir edən çoxfiqurlu kompozisiyalar mövcud olmuşdur. Burada həmçinin Fətəli şahın, Abbas Mirzənin, Hüseynqulu xanın portretləri və s. əsərlər də yerləşirdi. Sarayın interyerini təsvir edən naməlum müəllif Sərdar sarayının təsvirlərindən bəhs edir və onların Şərq miniatür sənətinin təsiri altında işləndiyini, lakin işıq-kölgə effektlərindən istifadə olunduğuna görə Avropa incəsənətinin bədii təsirini əks etdirdiyini göstərir.

Qərbi Azərbaycan incəsənətindən bəhs edərkən XIX əsrdə yaşamış görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin (1825–1875) adını çəkməmək mümkün deyil. Mirzə Qədim portret və ornament ustası olmuş və Azərbaycanda realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynamışdır. O, ilk bədii tərbiyəsini taxta üzərində oyma sənətinin mahir ustası olan atası Məhəmməd Hüseynidən almışdır. İbtidai təhsilini Üsuli-cədid məktəbində başa vuran Mirzə Qədim Tiflisə getmiş və orada progimnaziyanı bitirmişdir. 1840-cı illərdə İrəvan şəhərinə qayıdaraq ömrünün son günlərinə qədər poçt teleqrafçısı vəzifəsində çalışmışdır.

Rəssamın yaradıcılığını erkən (1850-ci illərədək olan dövr), təkmilləşmə (1850-ci illər) və son püxtələşmə (1860–70-ci illər) dövrləri olmaqla üç dövrə ayırmaq olar. Yaradıcılığının ilk dövründə o, əsasən, dekorativ sənət sahəsində fəaliyyət göstərmiş, divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir. Onun bu qəbildən olan əsərlərində stilizə edilmiş nəbati ornamentlər, mürəkkəb kompozisiyalar əks olunur. Qızılgül, zanbaq və s. kimi gül və çiçəklərin, müxtəlif quşların canlı, real təsviri verilir. Mirzə Qədimin bu əsərləri bədii formanın həllinə görə klassik miniatürlərdən fərqlənir. Bu da milli təsviri sənətimizdə Avropa təsviri sənətinin realistik təsvir metodlarına müraciət olunduğunu göstərir. Mirzə Qədim dekorativ səpkili ornamental-bəzək kompozisiyaları ilə yanaşı, kağız, şüşə və güzgü üzərində tempera və yağlı boya ilə bir neçə portret çəkmişdir. Bu əsərlər, o cümlədən “Süvari”, “Rəqqasə” və “Dərviş” adlı portret əsərləri koloritinə görə şərti dekorativ, obraz həllinə görə sxematik planda işlənmişdir.

Bədii yaradıcılığının təkmilləşmə dövründə təsadüf edən əsərlərində Mirzə Qədim artıq bir rəssam olaraq şöhrət tapmış istedadlı sənətkar kimi, İrəvan sərdarı Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini bərpa etmək üçün dəvət almışdır. Burada rəssam sarayın otaqlarını, o cümlədən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər bir neçə orijinal əsərlər və tarixi şəxslərin portretlərini yaratmışdır. 100 x 200 sm ölçülərində olan iri kətan parçalar üzərində yağlı boya texnikasında işlənərək divarlara yapışdırılmış bu əsərlər monumentallığı, ifaçılıq tərzi və icra texnikasına görə milli təsviri sənətimizdə tamamilə yeni keyfiyyətli əsərlərin meydana gəlməsi demək idi. Rəssamın erkən dövr yaradıcılığına məxsus əsərlərindən fərqli olaraq bu pannolarda mücərrədlikdən uzaq konkret tarixi şəxslərin – Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Hüseynqulu xanın və qardaşının portretləri təsvir olunur.

Mirzə Qədim İrəvaninin yaradıcılığının son püxtələşmə dövrünü hazırda məlum olan ən qiymətli əsərlərinin yaradılması dövrü kimi xarakterizə etmək olar. “Oturmuş qadın”, “Vücuulla Mirzə”, “Şah Tələt” (Gürcüstan İncəsənət Muzeyi), “Molla”, “Şərq qadını”, “Naməlum qadın”, “Oturmuş qadın” (bu əsər XIX əsr rəssamın “Qacar üslubu”nda yaradılmış ən qüvvətli əsəri hesab olunur), “Şahzadə arvadı ilə”, “Şah və vəziri” və s. kimi əsərləri bu dövrdə yaradılmışdır. Həcmlik, zəif də olsa, işıq-kölgə təzadı, xəfif rəng keçidi və perspektiv qanunlarından istifadə Mirzə Qədim İrəvaninin müasir formalı realist boyakarlığın bəzi xüsusiyyətlərinə yiyələndiyini sübuta yetirir.

Klassik Azərbaycan miniatürü, xalq sənətinin zəngin ənənələri və dəzgah rəngkarlığının realist formasına əsaslanan Mirzə Qədimin yaradıcılığı milli təsviri sənətimizin inkişafında yeni bir mərhələ təşkil edir. Bununla da Azərbaycan təsviri sənətində şərti dekorativ üslubdan keyfiyyətcə yeni realist sənətə keçid başlanır.

Ərazisində mədəniyyətimizin bu qədər zəngin nümunələri olan Qərbi Azərbaycanda XX əsrin əvvəllərində Rusiyanın köməyi ilə Ermənistan dövlətinin qurulmasından sonra ötən 100 ilə yaxın bir müddətdə minlərlə maddi mədəniyyət nümunələrimiz məhv edilmiş, məqsədli, planlı surətdə milli mədəniyyətimizin nişanələri yer üzündən silinmiş və bu ərazidə yaşayan Azərbaycan türkləri zaman-zaman öz doğma yurdlarından didərgin salınmışdır. XVI əsrin əvvəllərinə aid tarixi sənədlər (məsələn, Çuxursəəd bəylərbəyi Rəvanqulu xanın Şah İsmayıla yazdığı məktub, 1519-cu il) göstərir ki, Van gölünün sahillərinə, oradan da indiki Ermənistan ərazisinə köçürülən ermənilərin sayı cəmi 15 min nəfər təşkil edirdi. 1829–1832-ci illərdə isə bölgədə əhalinin siyahıyaalınmasını aparan rus məmuru İ.Şopen buradakı erməni əhalisinin sayını 25 min civarında göstərir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayı artaraq 1 milyon 300 min nəfərə çatmışdı.

N.Şavrov özünün “Cənubi Qafqazda rus işinə yeni təhlükə” (1911) əsərində ermənilərin yerli deyil, köçürülmə əhali olduqlarını göstərir. 1978-ci ildə isə Ağdərə rayonunun Mehmanə kəndində ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyinə həsr olunmuş abidə qoyulmuşdu. Həmin abidənin üzərində erməni dilində “MARAĞA 150” yazılmışdı. Bu isə ermənilərin Qafqaza indiki İran ərazisindən köçürüldüyünü şəksiz-şübhəsiz sübut edirdi. Hətta bu gün “Dənizdən dənizə Böyük Ermənistan” ideyasından danışan bəzi erməni ideoloqlarının özü həmin abidənin qarşısında foto çəkdirmişdilər. Lakin 1991-ci ildə ermənilər artıq öz saxta torpaq iddiaları ilə üst-üstə düşməyən bu tarixi faktı yer üzündən silmək məqsədilə həmin abidənin sökülməsinə qərar verdilər.

İ.Şopen 1832-ci ildə təkcə İrəvan şəhərində 12 məscid, 9 hamam qeydə almışdır. Həmin məscidlərin adları və yeri nəinki tarixi sənədlərdə öz əksini tapır, hətta 1960-cı illərə qədər İrəvanda yaşayan azərbaycanlılar bunu əzbər olaraq hafizəsində saxlamışlar. Rus ordusunun müsəlman türk şəhəri olan İrəvan qalasının işğal etməsini təsvir edən rəssam Rubonun 1827-ci ilə aid rəsm əsəri şəhərin görüntüsünü əks etdirir. Həmin rəsmdəki müsəlman məscidlərinin günbəzləri və minarələrinin çoxluğunu görməmək üçün sadəcə kor olmaq lazımdır. Bütün bunlar vaxtilə ayrı-ayrı dövlətlərin imperialist maraqlarına uyğun olaraq Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin milli mədəniyyətimizə qarşı əsl təcavüz siyasəti yeritdiklərini inkarolunmaz faktlarla sübut edir.

Erməni mənbələrinin özləri də təsdiq edir ki, bu ərazidə yaşadıqları müddət ərzində erməni mədəniyyəti adı altında yaratdıqları incəsənət “əsərləri” elə türk mədəniyyətinin təsiri altında yaradılanlardan ibarətdir. Məsələn, tanınmış erməni rəssamı Martiros Saryan yazırdı: “… demək olar ki, Konstantinopolda iki ay yaşadım və bu müddət ərzində mən çox yaxşı işləyə bildim. Buranın küçələri, həyat ritmi, parlaq toplum və xüsusən möhkəm ailə dayaqları mənim üçün böyük maraq kəsb edirdi.” Yaxud “Mənim Şərqi anlamaq, onun xarakterik əlamətlərini tapmaq məqsədim vardı ki, öz əsərlərimi daha da əlvan edim. Şərq realizmini tamaşaçıya çatdırmaq, bu dünyanı daha da inandırıcı surətdə vermək istəyirdim”. Minlərlə belə etirafdan təkcə bir bu kifayətdir ki, fikrimiz təsdiq olunsun. Sonda yenidən əvvəlki fikrə qayıdaraq qeyd etmək istərdik ki, mədəniyyət keçmişinin daşıyıcısı kimi xalqımızın Qərbi Azərbaycandakı minillərlə yaşı olan tarixini yaşadır və heç bir işğal faktı onun izlərini yaşadığı coğrafiyalardan silib ata bilməz.

Tarixi mənbələr və alimlərin araşdırmaları göstərir ki, indiki Ermənistan adlandırılan ərazilərdə Azərbaycan türklərinə məxsus çoхsaylı maddi mədəniyyət nümunələri mövcud olmuşdur. Lakin, demək olar ki, onların hamısı ermənilər tərəfindən məqsədli şəkildə məhv edilmişdir. Bunun səbəbini başa düşmək bir o qədər də çətin deyil. Birincisi ona görə ki, erməni tarixçiləri və siyasətbazları imperialist dövlətlərin marağına xidmət edən siyasətin nəticəsində tarixi türk torpaqlarında məskunlaşdıqlarını inkar etmək, guya buranın əzəli sakinləri olduqlarını sübut etmək məqsədilə tarixi saxtalaşdırmağa cəhd göstərirlər. Digər tərəfdən də ermənilər tərbiyə məsələlərində daim etnik millətçilik fəlsəfəsinə əsaslanan saxta, mürtəce metodlara üstünlük verirlər. Onlar yalnız türklərə qarşı deyil, hətta başqa xalqlara qarşı da millətçilik mövqeyində dayanmışlar. Lakin faktlar erməni siyasətinin iç üzünü açıb göstərir, onların saxtakarlığını ifşa edir.

Ölkəmizə səyahət etmiş bir çox səyyahların, o cümlədən XVIII əsrdə Azərbaycanda olmuş məşhur türk səyyah və diplomatı Evliya Çələbinin qeydlərində qədim şəhər və kəndlərimizdəki məscidlər, karvansaralar, qalalar və digər memarlıq abidələri haqqında məlumat verilir. Onun qeydlərinə əsasən demək olar ki, Qərbi Azərbaycanın ərazisində hər bir yaşayış məskənində dini ibadətgahlar, Azərbaycan türklərinə məxsus memarlıq abidələri, məscidlər və müqəddəs ziyarətgahlar mövcud olmuşdur.

Məlumdur ki, indiki Ermənistan ərazisi, xüsusən İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar və digər mahalları çoхsaylı alban və müsəlman abidələri ilə zəngindir. “Burada 150-ə yaxın (dəqiq 147) iri və xırda məscidlər, qəbirlər, onlarla karvansara, qalalar, hamamlar, daş körpülər və bazarlar olmuşdur.” Onlara Qərbi Azərbaycan incəsənətini öyrənməyə imkan verən olduqca maraqlı abidələr, məzar daşları, at, qoç fiqurları və onların üzərindəki təsvirləri misal göstərə bilərik.

Məzar daşlarını bir neçə qrupa ayırmaq olar: müxtəlif formalarda yonulmuş şaquli başdaşları (stellalar), üfüqi sənduqə tipli qəbir daşları (sarkofaq), at və qoç fiqurlu heykəllər. Məzarüstü daşlar dəfn olunan şəxsin sağlığında cəmiyyətdəki mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Aydın məsələdir ki, dövlətli şəxslərin məzar daşları daha bəzəkli və zərif üslubda işlənirdi (bu, Azərbaycanın digər ərazilərində də eynilə belə idi). Bunlar yalnız bəzək kimi deyil, həm də mərhumun cinsini, həyatını və peşəsini əks etdirmək üçün istifadə olunurdu. Bir çox məzar daşlarının üzərində böyük məharət və ustalıqla oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta əsl mənada süjet xarakteri daşıyan kompozisiyalara qılınc, qalxan, at, qoç, qartal, təsbeh, rəhil, iynə-sap, qayçı, güzgü və s. rəsmlərə rast gəlinir. Alimlər bunları gənclərin, ruhani ağsaqqalların və qadın məzar daşlarının üzərində müvafiq olaraq paylandığını və bu təsvirlərin dəfn olunanın ictimai mövqeyi, peşəsi və həyatı ilə bağlı olduğu qənaətindədir: “Məzar daşları üzərində bir çox simvolik mahiyyət daşıyan rəsmlərə də rast gəlinir. Bunlardan: İslamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və ya zolaqlı dairə və s. naxışları göstərmək olar”.

Məzar daşlarının üzərindəki bəzəklərin əksəriyyətini nəbati ornamentlər təşkil edir. Görkəmli rus alimi Е.Q.Yakovlevin “İncəsənət və dünya dinləri” (1985) adlı kitabını xatırlamaq yerinə düşərdi. O, İslam ölkələri incəsənətinin təhlili nəticəsində ornamental bəzəklərin simmetriya əsasında qurulduğunu qeyd edir. Bu fikir akademik Rasim Əfəndi tərəfindən də təsdiqlənir: “Adətən simmetriya əsasında qurulmuş nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edir”. Azərbaycanın bir çox ərazilərində aşkarlanan qəbirüstü daşlarda olduğu kimi qərb torpaqlarında da məzar daşlarının üzərində epitafiya (məzar kitabəsi) şəklində geniş yayılmış yazılara rast gəlinir. Burada vəfat edənin fəlsəfi kəlamları, görkəmli şair və aşıqların şeirlərindən beytlər, dua və ya şifahi xalq ədəbiyyatından götürülmüş ağılar və s. yazılar əks olunur.

Qəbirlər üzərindəki təsvirlər stilistik baxımdan digər ərazilərimizdəki məzar daşları ilə genetik oxşarlığa malikdir. Bu ornamentlərin zərifliyi, yüksək zövqlə işlənməsi, ifadəliliyi diqqəti cəlb edir. Süjetli kompozisiyaların əksəriyyəti mərhumun əxlaqi keyfiyyətlərini, şücaətini, mərdliyini və peşəsini bildirən mövzuları əhatə edir. Kişi məzarüstü daşlarının üzərində ov səhnələri, qadınlarda isə xalçaçılıq sənəti ilə əlaqədar səhnəciklər əsas yer tutur. Qərbi Azərbaycan ərazisində məzar daşlarının və qoç heykəllərinin bariz nümunələrinə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndindəki orta əsr qəbiristanlığında rast gəlinirdi. Sovetlər dönəmində akademik Rasim Əfəndi Qərbi Azərbaycanın ərazisini, demək olar ki, qarış-qarış gəzmiş və bu torpaqların tarixən türklərə məxsus olduğunu sübut edən yüzlərlə faktlar qeydə almışdır.

Elə Urud kənd qəbiristanlığındakı 1575-ci ilə aid sənduqə tipli məzar daşı da ilk dəfə onun tərəfindən təsvir və təhlil edilmişdir. Sənduqənin yan hissəsində süjetli təsvirlər yerləşdirilmiş, üstündə ərəb dilində, süls-nəsx xətti ilə yazılmışdır: “Allah ya Məhəmməd Xan İbn Mənahid. Hicri, 983-cü il”. Sağ tərəfində ornametal tağlarla biri digərindən ayrılmış dörd süjet həkk olunmuşdur. Birinci tağın arasında uzun hörüklü, qucağıuşaqlı qadın, ikincidə bir əlində balta, digərində kəmənd tutmuş hündürboy kişi və onun yanında gənc oğlan, üçüncüdə isə gənc oğlanla qızın təsviri verilmişdir. Dördüncü “T” şəkilli tağın arasındakı təsvirdə isə naməlum heyvanın üzərində oturaraq qanadlarını gərmiş iri bir quş fiquru həkk olunmuşdur. Akademik R.Əfəndi bu quşun qədim türkdilli xalqlarda totem hesab olunan müqəddəs “unu-quşu” olduğunu qeyd edir. Mənbələr göstərir ki, oğuz türkləri bu quşu müqəddəs hesab edirdilər. Kitabi-Dədə Qorqudda bu haqda məlumat öz əksini tapmışdır: Uzaq keçmişlərdə bu quş-onğon türk tayfalarının həyatında oynadığı böyük rola görə onun ya taxtadan yonulmuş, ya da keçədən hazırlanmış fiquru hər evin yaraşığına çevrilmişdir. Hətta nahar vaxtı hər bir şəxs xoş bir əlamət kimi ilk loxmanı onun ağzına qoyarmış.

Daş düzbucaqlı sarkofaqın üz hissəsində dekorativ relyefli çərçivə ilə haşiyələnmiş və şaquli istiqamətdə üç hissəyə ayrılır. Alt güşədə səkkizguşəli xonça yerləşdirilmişdir. Sarkofaqın digər yan hissəsində isə ay və günəşin stilizə olunmuş dekorativ təsvirləri arasında üç süjetli kompozisiya verilmişdir. Burada kənarlarında badamı formada oyulmuş oyuqda buğdanı (bərəkət rəmzi olaraq) simvolizə edən oyuqlar vardır. Məzar daşı orta əsr memorial qəbrüstü abidələrin tərtibindəki ənənlər və eklektizmi ilə aşkar ziddiyyət təşkil edir. Eyni zamanda həm müsəlman (üz hissədə), həm də bütpərəstlik (yan hissələr) iştirak edir. “Məlum olduğu kimi, müsəlman ənənələri memorial daşlarda bütpərəstliyə aid olan süjetli təsvirləri inkar edir, ərəb epiqrafikası və ornamentlərə üstünlük verilirdi. Təbiət etibarilə burada təsviri süjetlərin verilməsi türk xalqlarının bütpərəst və şamanizmə əsaslanan görüşlərindən irəli gələn ənənələrin saxlandığını aydın şəkildə göstərir.”

Urud kənd qəbiristanlığındakı miladi 1578/79-cu ilə aid sənduqə tipli məzar daşı üzərindəki təsvirlər dinamikliyi, monumentallığı, təsvirlərin plastikliyi və ifadəliyi ilə diqqəti cəlb edir. Burada biz, başqa sözlə, Azərbaycan incəsənətində hər addımbaşı rastlaşdığımız müqəddəs üçlüyün simvolu olan “həyat ağacı”nın təsvirinə rast gəlirik. Sarkofaqın yan hissəsində qarşı-qarşıya dayanan pələng və at fiquru, onların arasında isə üst-üstə iki daş təsvir olunmuşdur. Güman ki, bu, bulaqdır. Sağ tərəfdə isə əlibaltalı bir gəncin təsviri verilmişdir. Təsvirlər üç tərəfdən (yuxarıdan və yanlardan) bir-birinin ardınca təkrarlanan ulduzlarla haşiyələnmişdir. Üz hissədə “Əmrəmin oğlu Мehdigar” sözləri yazılmışdır.

Sənətşünaslıq namizədi Telman İbrahimov Zəngəzur rayonunun Urud kənd qəbiristanlığındakı qəbirüstü təsvirləri təhlil edərək yazır: “Bu regionun türk Azərbaycan əhalisinin mənəvi aləmi və bədii ənənələri sənduqə tipli qəbirüstü abidələrdə əks olunmuşdur. Həqiqətən, burada biz qədim türk tayfalarının etiqadı ilə əlaqədar bir çox orijinal təsvirlər və motivlərlərlə qarşılaşırıq. Burada nəinki Azərbaycan el sənətlərinin uzaq keçmişdə Sibir və Altayda yaşayan tayfalarla əlaqəsini, hətta İslam dininin fəlsəfəsinə uyğun mövzular da təsvir olunmuşdur. Bunlardan şamanların dini mərasiminə, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon-quş toteminin təsvirinə də rast gəlmək olar.”

Əziz Ələkbərlinin Azərbaycan, rus, ingilis və fransız dillərində nəfis şəkildə nəşr olunmuş “Qərbi Azərbaycan abidələri” (Bakı-2007) adlı kitabında Urud qəbiristanlığındakı 12 sarkofaqın fotosu verilmişdir. Həmin sarkofaqların üzərindəki yazılar və təsvirlər eyni dərəcədə maraqlı süjet əsasında qurulmuşdur. Sənduqələrdən birinin üzərində səlcuq zənciri ilə haşiyələnmiş süjet diqqətimizi cəlb edir. Təsvirlər soldan sağa doğru bir-birinin ardınca düzülmüş, üz hissədə isə “Bu məzarın sahibi mərhum Oğul İbn Muraddır. 963-cü il (miladi 155/56-cı il)” sözləri yazılmışdır. Yan hissədə at belində təsvir olunmuş bir gənc, sonra əlində kaman tutmuş başqa bir hündürboy kişi, daha sonra keçi təsvirləri və yenə də keçi və onun belində unu-onğonu təsvir edilmişdir. Bütün bu təsvirlər şərti, sхematik planda, dinamik tərzdə icra olunmuşdur. Təsvirlərin inandırıcılığı və süjetliyi sanki mərhumun həyat yolunu, peşəsini təhkiyə yolu ilə nağıl edir. Son məqamda bolluq və bərəkət rəmzi olan qoçun belində təsvir olunan unu-quşu və onun ətrafında uçuşan quşlar mərhumun axirət dünyasındakı yerini göstərir.

Urud qəbiristanlığındakı 1584-cü ilə aid “Aysoltan” qəbirüstü sənduqəsinin təsvirləri diqqət çəkir. Burada kompozisiya iki üfüqi yarımhissəyə bölünür. Sağ yarımhissəsində xalça dəzgahı və onun yanında ayaq üstə dayanan qadının təsviri verilmişdir. O, sağ əli ilə xalça ərşinlərinin arasına ip keçirən vəziyyətdə təsvir olunmuşdur. Sol yarımhissədə isə oturmuş vəziyyətdə təsvir olunan qadın yun darağı ilə yun darayır. Ətrafında xalçaçılığa aid qayçı, kirkid təsvir olunmuşdur. Kompozisiyanın sol yuxarı küncündə isə səməni təsviri verilmişdir ki, bu da baharın gəlişini bildirən Novruz bayramının əlamətidir. Deməli həmin qəbir xalçaçı qadının qəbridir. Əşyalar, qadının geyimi, səməni, günəş işığının işarəsi bütün bunlar Azərbaycan türklərinə aid olan motivlərdir. Bir qədər şərti, sхematik formada verilsə də, burada məkan və perspektivin çatdırılması cəhdi göz önündədir. Təsvirdəki motivlər sırf Azərbaycana aid olmaqla yanaşı, bir daha sübut edir ki, erməni xalçaları adı altında təqdim olunan xalılar əslində Azərbaycan xalçaçılıq məktəbinin müxtəlif nümunələrindən başqa bir şey deyil.

Urud qəbiristanlığında qeydə alınan məzar daşlarının üzərindəki naxışları, fiqurların dinamikliyini, inandırıcılığını, süjet xarakterli olmasını, təsvir olunan motivləri, sənətşünaslıqda səlcuq zənciri kimi tanınan naxışları Mingəçevirdə tapılmış 1576-cı ilə aid olan oymalı məzar daşı, eləcə də XVI–XVII əsrlərə aid Ağdam rayonunda aşkarlanmış məzar daşları ilə müqayisə edərək onların arasında oxşar xarakterik xüsusiyyətlərə rast gəlməyimiz bir daha sübut edir ki, həmin ərazilər ulu əcdadlarımıza mənsub olmuşdur.

Qərbi Azərbaycanın digər mahal və kəndlərindən tapılmış abidələr və onların üzərindəki təsvirlər də maraq cəlb edir. Məsələn, Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndində yerli türk əhali arasında Beldaşı adlı ilə tanınan daş-abidənin belində uzun bir oх şəkli həkk edilmişdir. Daşın bir üzərində əlində nizə, çiynində kaman olan atlı təsvir olunmuşdur. Atlı əlindəki nizəni atın ayaqları altında çabalayan əjdahanın ağzına yeritmişdir. Daşın digər üzərində də ov səhnəsi təsvir edilmiş, ovçu əlindəki silahla dağ keçisini nişan almışdır. Ondan yuxarıda su kuzəsi və qalxan şəkilləri verilmişdir. Bundan bir qədər aşağıda isə ikinci qalxan təsviri oyulmuşdur. Bütün bunlar bir daha sübut edir ki, Qərbi Azərbaycan torpaqları Azərbaycan türklərinə məxsusdur. Elə Urud kəndində olduğu kimi, Girətağ kəndində də ermənilərin ilk gəlişi 1988-ci ildə Azərbaycan türklərinin deportasiyasından sonra olmuşdur.

Qərbi Azərbaycan ərazisində rast gəldiyimiz motivlər arasında əjdaha təsviri xüsusilə geniş yer tutur. Göyçə mahalının Kəvər rayonunun Hərədüz kəndi qəbiristanlığında alban-türk xristian məbədi və qəbrüstü abidələr vardır. “Hərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Bu qəbiristanlıqda XIII əsrə aid xaç daşlar ilə XVI əsrin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrin yanaşı olması bölgədə yerli əhalinin Ərman (ərmən) – türk əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilliyin sonları – XIV yüzilliyin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.” Нərədüz qəbiristanlığındakı sənduqə tipli məzar daşlarından birinin yan tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir еdilmişdir, digər tərəfdə isə ərəbcə “Bu məzar Аllahın mərhəmətinə yüksəlmiş mərhum şəhidindir. 704-cü il” sözləri yazılmışdır. Tariхi mənbələr sübut еdir ki, buraya еrmənilər ümumiyyətlə 1830-cu illərdə köçürülmüşlər.

Qərbi Azərbaycan incəsənətində olduqca önəmli yerlərdən birini də üstü yazılı daş plitələr (stellalar) tutur. Loru, Qırxbulaq və Zəngəzur mahallarında, Alagöz dağının ətəklərində belə stellalar geniş yayılmışdır. Bir çox tədqiqatçılar arasında həmin daşları qəbirüstü abidə hesab edənlər də var, buna şübhə ilə yanaşanlar da… Lakin bu daşların təyinatı hələlik mübahisə obyekti olaraq qalır. Əsasən, hündür, düzbucaqlı şəklində olan bu dikili daşlar daş altlıq uzərində ucalır. Onların üzərindəki süjetli kompozisiyalar İslam dinini qəbul etmiş yerli türk əhalisinin bütpərəstliyə, şamanizmə tapınmasından irəli gələn motivləri əks etdirir. Allahverdi, Barana, Qarakilsə, Ellər, Basarkeçər və digər rayonlarda bu qəbildən olan “dikili daş”lar vardır. Talında daş piltə üzərində bir neçə yarusdan ibarət olan təsvirlər verilmişdir. Aşağı yarusda əllərini yuxarı qaldıraraq çərçivəni saxlayan insanın yarımstilizə olunmuş fiquru yerləşdirilmişdir. Çərçivənin içində isə günəş simvolu və üzərində səkkizguşəli ulduzu xatırladan iki xonça təsvir olunmuşdur. Yuxarı yarusda da görünür insan fiquru təsvir olunubmuş. Lakin bu təsvirin çox az bir hissəsi saxlanılmışdır.

Dərələyəz mahalının Keşişkənd rayonunda Ələyəz kəndindən təqribən 600–700 metr Həsənkəndi istiqamətində müsəlman-türk məbədi var idi. Zaviyənin giriş hissəsindən götürülmüş, üzərində üç müqəddəs varlıq – yer, ay və günəşin rəmzi olan üç dairə və hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və səkkizgüşəli ulduzlar həkk olunmuş 2,5 metr hündürlüyə, 1,4 metr enə malik olan daş lövhənin üzərində ermənilər sonradan xaç təsviri oyaraq erməni abidəsi kimi təqdim etməyə çalışmışlar. Plitənin üzərində ərəb-nəsx xətti ilə “Bu məzar mərhum və uca şəhid, qadir Allahın mərhəmətinə ehtiyacı olan – Allah onun günahlarından keçsin – Əхi Təvəkkülündür. 950-ci ilin məhərrəm ayında” sözləri yazılmış kitabə vardır.

Qərbi Azərbaycan incəsənətindən danışarkən bu ərazilərdə təsadüf olunan daş qoç fiqurlarını xüsusi olaraq qeyd etmək lazımdır. Çünki onlar həm sayının çoxluğuna, həm də qeyd olunan ərazidə, demək olar ki, hər kənddə rast gəlinməsinə, üslub xüsusiyyətlərinin müxtəlifliyinə, Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Lerik, Gədəbəy, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən tapılan qoç və at fiqurları ilə oxşar xüsusiyyətlərə malik olmasına görə diqqət çəkir və birmənalı olaraq bu ərazilərin qədim türk torpaqları olduğuna heç bir şübhə yeri qoymur.

Vaхtilə çəkilmiş faktiki fotomatеrialların təhlili əsasında bir daha görürük ki, Qərbi Аzərbaycan incəsənəti əcdadlarımızın kеçdiyi tariхi inkişaf yolunu, onların həyat və məişətini, ətrafda baş verən hadisələrə bədii-еstеtik münasibətini özünəməхsus ifadə vasitələri, təsvir mеtodları əsasında əks еtdirir. Еrmənilər tariхi saхtakarlığa nə qədər çoх çalışsalar, son nəticədə özlərini ifşa еdib gülünc vəziyyətə qoyurlar. Çünki yalan ayaq tutar, amma yеriməz.

Qalib Qasımov
Sənətşünas

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNƏ YENİ EKSPONAT HƏDİYYƏ OLUNUB
Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində 1947-ci ildə anadan olmuş Abbasova Məhluqə Süleyman qızına məxsus məişət əşyası olan mis kəfkir mərkəzimizə özü tərəfindən hədiyyə olundu. Kəfkirin maraqlı tarixçəsi onun 200 ilə yaxın yaşı olduğunu təsdiqləyir. Belə ki, kəfkir Məhliqə xanıma qaynanası Humay xanım tərəfindən , Humay xanımada öz qaynanası Salatın xanım tərəfindən yadigar qalmışdır. Qərbi Azərbaycanımızın toy-düyünlərində ləziz yeməklərimizin hazırlanmasında istifadə olunan mənəvi dəyəri olan ailə yadigarı nı bizim mərkəzə xatirə və əmanət olaraq hədiyyə olunmasında təşəbbüs göstərən Qalaser kəndindən olan Fərhad Ələkbərova öz təşəkkürümüzü bildiririk.

XIX ƏSRƏ AİD EKSPONAT
Qərbi Azərbaycanın Vedibasar mahalı Şidli kənd sakini şəhid anası Allahverdiyeva Zəhra xanıma məxsus XIX əsrə aid misdən hazırlanmış cam Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə hədiyyə olunmuşdur. Zəhra xanımın nənəsinə məxsus olan bu eksponatı Allahverdiyevlər ailəsi 140 il ərzində qorumuş, günümüzə qədər gətirib çıxartmışdır. Eksponat Zəhra xanımın nəvələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin tələbələri Fatimə və Zəhra Allahverdiyevalar tərəfindən təqdim edilmişdir.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub. Dərələyəz mahalının Çivə kəndindən Calalov Calal Cəlil oğluna məxsus qədim dibək daşı və dəmir qəndqıran, Nuralıyev Nuriddin Oruc oğluna məxsus mis qab, kəfkir ailələri tərəfindən mərkəzimizə hədiyyə edilmişdir.
Dərələyəz mahalının Sallı kəndindən Pənahova Gülbəyaz Baxşəli qızına məxsus 200 illik tarixi olan kəfkir onun nəvəsi Gözəl Calalova tərəfindən mərkəzimizə hədiyyə edilmişdir.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub.
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub. 9 ədəd məişət əşyasından ibarət bu eksponatlar Əhmədova Validə Nəbi qızı tərəfindən mərkəzimizə təqdim olunmuşdur. Bu əşyalar əslən Qərbi Azərbaycanın Çivə kəndindən olan 50-ci illərdə Ermənistan SSRİ Ali Sovetinin deputatı olmuş Sona Əli qızı Hüseynova (Əlimərdanova) və Hüseyinova Quba İsmayıl qızına məxsus olmuşdur. Eksponatlar arasında 2 ədəd mis sini, qazan, kəfkir, ərsin (xəmir kəsən), toxmaq və başqa xırda əşyalar mövcuddur.